ABŞ işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasında maraqlıdır
Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib. Ekspertlərin sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri yarandığı 1991-ci ildən bu günə qədər qarşılıqlı etimad və etibarlı tərəfdaş prinsiplərinə uyğun yüksələn xətlə inkişaf edir. Boltonun telefon zəngi də məhz bu əlaqələrin inkişafından xəbər verir.
Siyasi şərhçi Vasif Əfəndiyevin sözlərinə görə, ABŞ etibarlı tərəfdaş olaraq Azərbaycanın enerji müqavilələrində qarant kimi çıxış edir. Həmçinin, Azərbaycanla hərbi sahədə əməkdaşlığa çox önəm verir və terrorizmə qarşı birgə mübarizə tədbirlərində iştirakını təmin edir: "Azərbaycan-ABŞ münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də xüsusi yer tutur. ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olması bizim üçün xüsusi olaraq əhəmiyyətlidir.
Sirr deyil ki, digər iki həmsədr ölkənin Ermənistana münasibəti birmənalı deyil və Azərbaycanda fərqli olaraq Fransa və Rusiya Ermənistana xüsusi rəğbət bəsləyən ölkələr sırasındadır. ABŞ-ın bu danışıqlarda iştirakı bir qədər balanslaşmanı təmin edir. İşğal olunmuş 7 rayonun azad olunması təklifi də ABŞ həmsədrləri tərəfindən xüsusi olaraq dəstəklənib və bu barədə dəfələrlə bəyanatlar verilib. Qeyd edim ki, 5 +2 rayonun qaytarılması danışıqların önünü açmaq üçün açar rolunu oynaya biləcək faktordur”.
Siyasi elmlər namizədi Zaur Məmmədov da "Şərq”ə açıqlamasında deyib ki, ABŞ işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasında maraqlıdır:
"Məlumdur ki, bir neçə gün əvvəl Bolton Paşinyana zəng eləmişdi. Paşinyan "facebook”da onlar arasında hansı məsələlərin müzakirə olunduğunu yazıb. Lakin Qarabağın adını çəkməyib. Guya, onlar bu məsələni müzakirə etməyiblər. Beləliklə, İran məsələsində ciddi planları olan ABŞ Qarabağ problemində Azərbaycanın yanında yer alaraq Bakının loyallığını qazanmağa çalışacaq. Burada yəhudi lobbisi və İsrailin də rolu böyükdür. İsrailin İrandakı rejimi dəyişməkdən başqa rolu yoxdur. Bunun üçünsə Azərbaycana ehtiyac var. Yəhudi lobbisi ABŞ-Azərbaycan münasibətlərində mühüm yer oynayır”.
Politoloq Elxan Şahinoğlu da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycan liderinə zəngini təsadüfi saymayıb:
"Onu da təsadüfi saymıram ki, Con Bolton bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana zəng etmişdi. Doğrudur, Paşinyan telefon danışığından sonra rəqiblərini sakitləşdirmək üçün and-aman etdi ki, Bolton onu yalnız baş nazir seçilməsi münasibətilə təbrik edib, başqa söhbət olmayıb, yəni Qarabağdan danışmayıblar. Ancaq Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə. Con Bolton İlham Əliyevlə bir sıra mövzularla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə edib.
Deməli, bu mövzu Paşinyanla da müzakirə edilib. Sadəcə, Ermənistanın baş naziri "Qarabağ klanı”ndan ehtiyat etdiyi üçün bu haqda açıqlama verməyib. Bunların üzərinə ABŞ milli kəşfiyyatının rəhbəri Deniel Koutsun bir neçə gün əvvəl Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana biləcəyi açıqlamasını da əlavə etsək, ABŞ-ın bölgə ilə bağlı hərəkətə gəldiyini söyləmək olar. Amerika hazırda dünyanın hər yerində Rusiyanın maraqları ilə mübarizə aparır. Ukrayna uğrunda mübarizə də davam edir.
Görünür, tədricən növbə Cənubi Qafqaza çatır. Mümkündür ki, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi birlikdə Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıblar və bu strategiyanın ana xətlərindən biri Rusiyanın bölgədəki təsirlərinin azaldılmasına yönəlib. Ona görə də Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayı artıb”.
İsmayıl