Zəlimxan Məmmədli: "Zaur Darğallı əgər gücünü birbaşa eldən, soydaşlarımızdan alacaqsa, fərqli situasiya yarada biləcək"
Gürcüstanda soydaşlarımızın məskunlaşdığı Marneuli rayonunda rayon rəhbəri vəzifəsi uğrunda keçirilmiş seçkidə 15 namizəd mübarizə aparıb. Mərkəzi Seçki Komissiyasının nəticələrlə bağlı yekun açıqlamasına görə, hakim "Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6 faizini əldə edərək Marneulinin yeni icra başçısı seçilib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11, "Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7, müstəqil namizəd Əli Bədirov isə 1 faiz səs toplayıblar. Rayonda seçici fəallığı 35,82 faiz təşkil edib. Yəni, seçicilərin 64 faizi səsvermədə iştirak etməyib.
Seçici fəallığının azlığı və nəticələrlə bağlı "Şərq”ə danışan "Borçalı" İctimai Birliyinin rəhbəri Zəlimxan Məmmədli deyib ki, əsas məsələ marafonda iştirak edən namizədlərin mövqeləridir. Onun sözlərinə görə, seçkiyə müxalif partiyaların namizədləri kimi qatılmış 3 soydaşımız pozuntuların olduğunu bildiriblər:
"Hakimiyyət resurslarından ciddi istifadə olunub, seçicilər ələ alınıb, müşahidəçilər incidilib, məntəqədən çıxarılıb və s. Əlbəttə, seçkiyə qatılan dörd gəncin hamısı bizim dəyərimizdir. Ancaq problem ondadır ki, Gürcüstandakı soydaşlarımızın gerçək iradəsinin üzə çıxmasını tormozlayan bir mexanizm var. O mexanizm İvanaşvili hakimiyyətidir. Ona görə də müəyyən şübhələr yaranır, demokratik dəyərlər pozulur. Seçkidə fəallığın az olmasının səbəbi odur ki, azad və ədalətli seçki ilə hakimiyyətin dəyişməsinə və ya yenilənməsinə inam xeyli azalıb”.
Birlik rəhbəri də seçki prosesində saxtakarlıq olduğunu güman edir:
"Zaur Darğallı tanıdığım, ünsiyyət qurduğum, intellektual səviyyəsinə bələd olduğum gəncdir. Amma diqqətə çatdırım ki, o, hakimiyyətin komandasında təmsil olunurdu və qubernatorun müavini idi. Qubernatorun müavini icra hakimindən daha böyük vəzifə sayılırdı. Özünü yaxşı mənada göstərmək üçün kifayət qədər imkanları və şansı var idi. Bundan əvvəlki icra hakimi Temur Abbasov müsbət işlərlə yadda qalmayıb. Zaur Darğallı toplum üçün yığılıb qalmış problemlərin həllində söz sahibi olacaqmı? Əgər o, etimadı daha çox yuxarıda qurulan əməliyyatlardan alacaqsa, kimliyindən asılı olmayaraq hər hansı formada yeniliklər ortaya qoymaq imkanına malik olmayacaq. Yox, əgər gücünü birbaşa eldən, soydaşlarımızdan alacaqsa, fərqli situasiya yarada biləcək. İndiki zamanda bəhs etdiyim meyarlar şübhə altındadır”.
İsmayıl