Böyük savaş başlayacaq, 50 il davam edəcək

İki böyük qütbün üz-üzə gəldiyi vaxt gərginlik daha da artır. Amma qütblər bilavasitə döyüşə girməyi istəmirlər, çünki digər tərəfin sərt reaksiyası ciddi qarşıdurmaya səbəb ola bilər



"Dünyada böyük müharibə başlayacaq”. Bu sözləri "Rossiya-1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, bu savaş 2050-ci ilə qədər davam edəcək:

"Dünya yavaş-yavaş böyük müharibəyə doğru addımlayır. Tarixi, iqtisadi baxımdan bu artıq təsdiqlənib. Amerikalılar bu müharibəni özləri başlatmayacaqlar. Onlara sərfəli olan savaşı başladıb, sonra buraya qalib kimi gəlmələridir. Öz şərtlərini diktə etmək üçün bu, daha yaxşıdır. Koreyaya nəzər yetirək. Siz ürəyiniz istədiyiniz qədər sınaqların keçirildiyini elan edə bilərsiniz, amma əmin olun ki, ABŞ Şimali Koreyanı bombardman etməyəcək. Onlara maraqlıdır ki, Yaponiya, Cənubi Koreya, Çin, Tayvan və digərlərini provakasiyaya cəlb edib, böyük Uzaq Şərq müharibəsi yaratsınlar. Rusiyanı da bura cəlb etmək olar. İkinci cəbhə Əfqanıstan olacaq ki, onlar Hindistanı Çinlə, Pakistanı Hindistanla, Əfqanıstanı Mərkəzi Asiya ilə konfliktə cəlb edəcəklər. Eyni prosesi Qafqazda da başladacaqlar”. Jirinovski əksər hallarda qeyri-ciddi siyasətçi kimi xarakterizə olunur. Amma onu Kremlin "danışan dili” kimi dəyərləndirənlər də az deyil. 

İddialarla bağlı "Şərq”ə açıqlama verən politoloq, tədqiqatçı İlqar Altay deyib ki, Jirinovskinin Azərbaycana qarşı münasibəti qeyri-sabit, dəyişkən olsa da, bəzi beynəlxalq məsələlər barəsində dediklərində həqiqət payı var. Ekspertin sözlərinə görə, regionları təxribata çəkib, ölkələr arasında çaxnaşma, qarşıdurma yaratmaq və bundan böyük dövlətlərin istifadə edib siyasi, iqtisadi və s. mənfəət çıxartması birinci dəfə deyil:

"Tarixən belə olub. Xüsusən iki böyük qütbün üz-üzə gəldiyi vaxt gərginlik daha da artır. Amma qütblər bilavasitə döyüşə girməyi istəmirlər, çünki digər tərəfin sərt reaksiyası ciddi qarşıdurmaya səbəb ola bilər.
Yəni böyük dövlətlər bir-biri ilə savaşlarını dolayısı ilə, kiçik dövlətlərin əli ilə aparırlar”.

 Politoloqun fikrincə, bunlar hamısı dünyada gedən böyük oyunların nəticəsidir: 

"Böyük oyunu Koreya, Suriya və bəlkə də bugünkü Myanmar ətrafında gedən proseslərlə bağlamaq mümkündür. Prosesi Dağlıq Qarabağ konfliktinə də aid etmək olar. Eləcə də Gürcüstan və Ukrayna ətrafında baş verən hərbi münaqişələrə. Hiss olunur ki, son illər beynəlxalq miqyasda ciddi qütbləşmə, cəbhələşmə gedir. Qütblər arasında açıq və ya gizli formada savaş gedir. Ona görə də region ölkələri diqqətli olmalı, öz müstəqil siyasətlərini qonşu dövlətlərlə münasibət və milli mənafeləri baxımından qurmalıdırlar. Böyük dövlətlərin təsirinə düşmək, onların hiylələrinə aldanmaq olmaz”.

İsmayıl