Böyüklər iki sevəni ayırmağa israr göstərməməlidir

Biz görürük ki, bütün boşanmaların, ailədaxili konfliktlərin arxasında valideynlərin əli olur




Daha bir sevgi nağılı faciə ilə nəticələnib. 21 yaşlı qız sevdiyi oğlanla ailə qura bilmədiyi üçün özünü öldürüb. Hadisə Oğuz rayonu Padar kəndində qeydə alınıb. Kənd sakini 1996-cı il təvəllüdlü Rəvanə Nofəl qızı Dadaşova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı 21 yaşlı Rəvanə Dadaşovanın intihar etmək məqsədi ilə sirkə turşusu içdiyi məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Dadaşovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.Məlumatda o da bildirilir ki, Rəvanə Dadaşova valideynlərinin istədiyi oğlanla ailə qurmasına icazə verməməsinə etiraz edərək sirkə turşusu qəbul edib. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Bu hadisə ilk deyil, nə yazıq ki, son olacağı da inandırıcı deyil. Qız uşaqlarının sevmək haqqının əlindən alınması kiminin boşanması, kiminin toy günü evdən qaçması biabırçılığı, kiminin də özünü öldürməsi kimi dəhşətli faciə ilə sonlanır. Amma yenə də valideynlər baş verən hadisələrdən dərs çıxarmır.

Psixoloq Elnur Rüstəmovun fikrincə, intiharlara fərdi yanaşmaq lazımdır. Çünki fərdin özünün psixoloji durumundan çox şey asılıdır. "Əksərən gənclər "sevgim naminə mən bu fədakarlığı etdim” deyə mesaj verməyə çalışırlar. 

Hesab edirəm ki, intiharın təfərrüatları araşdırılmalı və konkret səbəbləri tapılmalıdır. Ola bilsin ki, həmin qız affekt vəziyyətində olarkən intihar qərarını verib, amma səbəb nə olursa-olsun, intihar yolverilməzdir. Əgər intihar edən qız sevdiyi gənclə qovuşa bilməyibsə, deməli, Allahın qisməti beləymiş! Bu qədər israr etmək və sonda canına qıymağa nə ehtiyac var axı! Hesab edirəm ki, bu cür hallarla bağlı gənclər arasında profilaktik tədbirlər aparılmalıdır. Valideynlər də xüsusilə diqqətli olmalıdırlar. Ailəmizdə münasibətləri yaxşılaşdıra, özümüzü həyatda aktuallaşdıra bilsək, həyatımız da gözəl olar”.

Valideynlərin qızlarını sevdiyi şəxsə verməməklə bağlı israrına gəldikdə isə psixoloq deyib ki, ailələrin gənclərin seçiminə müdaxiləsi düzgün deyil: 

"Biz görürük ki, bütün boşanmaların, ailədaxili konfliktlərin arxasında valideynlərin əli olur. Valideyn övladının sevib-seçdiyi adamın hansısa xüsusiyyətini bəyənməyə bilər, amma israrla onları ayırmağa çalışmamalıdır. Əsl və qarşılıqlı sevgiyə valideyn müdaxiləsi düzgün deyil. Çox təəssüflər olsun ki, bizdə valideyn-övlad münasibətləri o qədər də yaxşı deyil. Əksər valideynlər övladlarına "pult”la idarə edəcəyi bir əşya kimi baxır. Hamısının da ən böyük arzusu qızını varlı oğlanla, oğlunu da varlı qızı ilə evləndirməkdir. Hansı ki, ailədə əsas şərt pul, maddiyyat yox, sevgi və hörmətdir. Sevgi sərhəd bilmədiyi kimi var-dövlətlə də ölçülmür. Əsl sevgi yolunda şah da, dilənçi də eynidir”.

Sözügedən intihar xəbərini təəssüflə oxuduğunu qeyd edən sosioloq-jurnalist Lalə Mehralı həm ölənə, həm də valideynlərinə heyifslənib: "İntihara meyilli bir övlad valideyni olmaq çətindir. Hər sözünü yüz dəfə ölçüb-biçmək, övladının beynindən nələr keçdiyini öncədən hiss etmək lazım gəlir. Biz kənardan bu hadisə ilə bağlı fikir mübadiləsi apara bilərik, amma evin içində nələr baş verib, anlamaq çətindir. Valideyn nəyə görə bu cür qadağa qoyub, qız niyə israrla valideyninə zidd gedərək o şəxslə evlənmək istəyib, bunlar müəmmadır. 

Bir şeyi bilirəm ki, valideynlər əksər halda övladının seçimi barədə daha yaxşı düşünə, onun görmədiklərini görə bilir. Mən 10 il bundan əvvəlki mən deyiləm, o vaxt mənə normal görünən şeylər indi anormal görünür, düşüncəmdə, baxış bucağımda çox fərq yaranıb. Gənc ikən insanın analiz qabiliyyəti zəif olur, daha çox ürəyinlə hərəkət edirsən, ağıl arxa plana keçir. Ola bilər valideynlər övladlarının o şəxslə ailə quracağı təqdirdə xoşbəxt olmayacağını düşünüb, ola bilsin, başqa bir səbəb olub. Hardan bilsin ki, bu qadağası övladının canına qıymasına səbəb ola bilər. Ola bilsin o qız yaşasın, ola bilsin yaşamadı, ola bilsin ömür boyu normal insan kimi qidalana, nəfəs ola bilmədi. Bütün hallarda o qızın özü də peşman olub əməlindən.

Bir şey də var ki, bu kimi addımı atanlar həmişə qızlar olur. Bir neçə dəfə də bunun şahidi olmuşuq. Ailə qurmasına icazə verməyəndə evdəkiləri qorxutmaq üçün qızlar sirkə turşusu içir. Ya şikəst olur, ya da ölür. O öləndən sonra uğrunda ölümü gözə aldığı şəxs də başqası ilə evlənir. Yəni kişilər qadınlar qədər hissiyatlı, həssas deyil bu kimi məsələlərdə. Ona görə də bir addımı atmazdan əvvəl ölçüb-biçmək lazımdır”.

Şəymən