Broyler toyuqlar dəhşət saçır: Toyuq kəsildikdən sonra əzələlərə su yeridilir ki, uzun müddət xarab olmasın

Çox zaman sual olunur ki, niyə broyler toyuqlarının əti bişirildikdə sanki əriyir, çürüntü halına gəlir



Broyler toyuqları ilə bağlı sosial şəbəkələrdə dəhşətli görüntülər yayılıb. Bir nəfər əlindəki böyük şprislə toyuqların döş və bud hissəsinə nəsə yeridir. Nəticədə toyuqların döş və bud hissələri şişir. Sonra da bu toyuqları qablaşdırırlar. Kənarda isə şişirdilməsini "gözləyən” xeyli sayda toyuq var. Bu görüntülər broyler toyuqlarının təhlükəliliyindən xəbər verir. Bəs əlaqədar qurumlar həmin görüntülərlə bağlı hansı addımları atmaq fikrindədir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev fakta münasibət bildirərkən bu cür halların yolverilməz olduğunu dedi:

- Sosial şəbəkələrdə yayılmış videogörüntülərin nə qədər həqiqət olduğunu deyə bilmərəm, amma bu, bir faktdır ki, belə proses gedib. Görüntülərdən belə aydınlaşır ki, hadisə hansısa bir sexdə baş verir və şübhəsiz ki, bir sahibkara məxsusdur. Biz deyə bilmərik ki, bu harada baş verib, ümumiyyətlə, bizim ölkədəmi baş verib, ya hansısa başqa bir ölkədə. Çünki buna dair heç bir məlumat verilmir. Amma faktın ortada olması hadisəni ciddiyə almağı tələb edir. Belə bir hal qətiyyən yolverilməzdir. Buna yol verən şəxs cinayət edir və o şəxsin kimliyi aşkarlanacağı təqdirdə əlbəttə, cinayət məsuliyyətinə cəlb edilməlidir. Yad bir cismi qidanın daxilinə yeritmək, həm onun görünüşünü, həm də çəkisini dəyişdirməyə yönəlib. Burada da qida təhlükəsizliyinin pozulması, alıcıların aldadılması yoluyla qazanc əldə etmək cinayəti var.

Bəs, RGEM-nin broyler müəssisələrində yoxlamalar aparmaq hüququ varmı? İ.Abdullayev bildirdi ki, mərkəzin aidiyyətli şöbələri müəyyən müəssisələrdə yoxlamalar apara bilər, amma bu da mövcud qanunvericiliklə tənzimlənir. Qanunvericilik isə istənilən zaman yoxlamaların aparılmasına heç də həmişə icazə vermir:

- Bizim yoxlama aparmaq səlahiyyətimiz var. Amma "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əsasən yoxlama aparacaq orqan bununla bağlı əvvəlcədən planlaşdırma aparmalı və müəssisələrə xəbərdarlıq göndərməlidir ki, filan vaxt yoxlama aparılacaq. Məsələn, bu il üçün hansı müəssisələrdə yoxlama aparılacağını biz ötən ilin noyabrında müəyyənləşdirmişik. Bəli, gözlənilmədən, əvvəlcədən xəbərdarlıq edilmədən yoxlamalar da olur, amma bir məsələ var ki, bunun üçün mərkəzə konkret siqnal, məlumat, şikayət daxil olmalıdır. Belə bir siqnal daxil olmayıbsa, biz hər hansı müəssisəni qəflətən yoxlaya bilmirik. Mövcud qanunvericilik buna icazə vermir. Bu qanun qüvvəyə minənədək biz ildə 2 dəfə hər hansı qida məmulatları ilə bağlı laborator yoxlamalar aparırdıq. Ona görə də hesab edirəm ki, qida təhlükəsizliyi nəzərə alınaraq qanunvericilik sərtləşdirilməlidir. Bəlkə sahibkarlar qəfil yoxlamalar aparılacağından çəkinib təhlükəli üsullara əl atmasınlar. Bəzən sahibkarlar insan ağlına gəlməyən şeylər edirlər. Bu da insanların sağlamlığına zərər vurur. Bu da oğurluq kimidir. Ya kiminsə evindən oğurluq etdin, ya da səhhətini oğurladın, hər ikisi eynidir. İnsanın səhhətinə zərər vurmaq orqanizmdən oğurluq etməkdir.

İndiyədək aparılan yoxlamalar zamanı broyler toyuqlarının tərkibində zərərli maddələrin aşkarlanmasına gəlincə, İ.Abdullayev təmsil etdiyi qurumun hazır qida məhsullarını yoxlamaq səlahiyyətində olduğunu dedi:

- Broyler sahəsi fərqlidir. Ümumiyyətlə qida sənayesində bir neçə qurum nəzarət prosesini həyata keçirir. Fermadan və ya tarladan istehlakçıya gəlib çatanadək məhsul müxtəlif mərhələlərdən keçir. Heyvanın və ya quşların böyüməsi, inkişafı, yemlənməsi kimi proseslərə Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq idarəsi nəzarət etməlidir. Onlar epiozootik vəziyyəti öyrənməlidirlər, heyvanların nəylə yemlənməsinə nəzarət etməlidirlər. Baytar həkimi yoxlamalıdır ki, heyvanlara hansı yemlər verilir, otlaq sahələri də yoxlanmalıdır, həmçinin də süni yemlərə nəzarət edilməlidir. Çünki broyler müəssisələrində toyuqların yeminə boy stimulyatorları qatılır ki, toyuqlar tez böyüsün. 40 gün ərzində bir toyuğun çəkisi 1 - 1,5 kiloqrama çatdırılır. Və satışa çıxarılır. Toyuğun inkişafı da onun növündən asılıdır. Elə növlər var ki, tez inkişaf edir. Bu, toyuqlara verilən yemin tərkibindən də asılıdır. Baytarlıq orqanı kəsimə də nəzarət etməlidir ki, həm gigiyena qaydalarına riayət olunsun, həm də toyuqlar vaxtında kəsilsin. Kəsimə müəyyən müddət qalmış süni yemlərin verilməsi dayandırılmalıdır ki, kəsimə qədər zərərli maddələr orqanizmi tərk etsin. Artıq hazır məhsul satışa çıxdıqdan sonra isə Səhiyyə Nazirliyinin aidiyyətli orqanların nəzarəti mərhələsi başlayır. SN orqanları ikinci çirklənmənin olmamasına nəzarət etməlidir. Satış zamanı və ya ət məmulatlarının bişirilməsi prosesində sanitar normalara riayət edilməsinə ciddi diqqət yetirilməlidir.

İ.Abdullayev broyler toyuqlarının tərkibinin yoxlanmasına da münasibət bildirdi:

- Əvvəlki dövrlərdə toyuq ətinin tərkibində nə qədər su olması yoxlanırdı. Normal halda ətin 70-80 faizi sudan ibarətdir. Amma bu normativ də təsdiqlənməlidir ki, hazır məhsulun tərkibində nə qədər su olmalıdır. Çox zaman sual olunur ki, niyə broyler toyuqlarının əti bişirildikdə sanki əriyir, çürüntü halına gəlir. Bunun səbəbi hüceyrələrdə suyun miqdarının çox olmasıdır. Toyuq kəsildikdən sonra əzələlərə su yeridilir ki, uzun müddət xarab olmasın. Hüceyrələr o suyu özünə çəkir, suyun təsiri ilə toxumalar keyfiyyətini itirir, ət o vəziyyətə düşür, bişirilmə mərhələsində isə həmin toplanmış su toxumaları tərk edir. Ona görə də ət çürüntü şəklini alır. Hər bir orqanizmin təbii inkişaf dövrü var. Əgər bu inkişaf dövrünü "qabaqlamaq” istəyirlərsə, mütləq canlı orqanizmə müəyyən mikroelementlər - inkişafı sürətləndirən maddələr, gübrələr qatılır, tərkibinə boy hormonları qatılmış yemlər verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da mövcud qanunvericiliyin biznes qurumlarının fəaliyyətini dəstəklədiyini bildirdi:

- Hökumətin siyasəti səhvdir. Biznes qurumları dəstəklənir, amma istehlakçıların hüquqları qorunmur. Broyler toyuqları ilə bağlı AİB-yə əvvəllər də, indi də müraciətlər daxil olur. Alıcılar etirazlarını bildirirlər ki, bu toyuqların sümükləri qaradır, donu açılanda ət xeyli miqdarda su buraxır, bişirilmə prosesində suyun üzərində qabarcıqlar əmələ gəlir və s. Amma təəssüf ki, broyler müəssisələrinin fəaliyyətinin, toyuqların yemlərinin və onlara verilən baytarlıq dərmanlarının tərkibinin yoxlanması həyata keçirilmir. AİB ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə birgə keçirdiyi layihəsi əsasında "Qida təhlükəsizliyi nişanı” təsis edib. Azərbaycandakı broyler müəssisələrinin heç biri bu nişana layiq görülməyib.

E.Hüseynov belə vəziyyətdə alıcıları broyler məhsullarından imtina etməyə çağırdı:

- Bir halda ki, müstəqil laboratoriyalar yoxdur, yoxlamaların aparılması qeyri-mümkündür və sahibkarlar da qazanc əldə etmək üçün hər cür qanunsuzluğa yol verir, çarə bundadır ki, alıcılar broyler müəssisələrinin məhsullarından imtina etsin. İstehlakçıların hüquqları qorunmursa, qida təhlükəsizliyinə nəzarət edilmirsə, bir yol qalır, o da həmin məhsulları almamaqdır. Broyler müəssisələri görsələr ki, məhsulları satışda qalıb, alan yoxdur, nəticə çıxarmaq məcburiyyətində olacaqlar. Çünki müəssisə iflas edə bilər, müflisləşərlər. Belə olduqda bəlkə alıcıya sağlam, keyfiyyətli məhsul vermək barədə düşünərlər. Amma görürlər ki, bunlar istehsal etdikcə, insanlar həmin xarab, zərərli, keyfiyyətsiz məhsulu alır, onlar da istehsalı artırırlar, pul qazanırlar. Broyler müəssisələrinin keyfiyyətsiz, insan sağlamlığı üçün zərərli məhsul istehsal etdiyini anlamaq üçün xüsusi biliyə sahib olmaq, xüsusi yoxlamalar aparmağa ehtiyac da yoxdur. Təklif olunan məhsul özü haqqında bütün bilgiləri verir. Alıcı bilir ki, bu məhsul süni şəkildə yetişdirilib, toyuqların yeminə süni maddələr, kimyəvi qatqılar daxil edilib. Əks halda, toyuq 1 ayın içində 1 kiloqram və daha artıq çəkiyə sahib olmaz. Bişirilən məhsulun dadından, görünüşündən də bunu anlamaq çox asandır. Bunu bilə-bilə alıcı həmin məhsula meyl edir. Məhsul satıldıqca, istehsalı da davam edir və çoxalır. İnsanlar da bundan heç bir xeyir görmür, ancaq zərəri yetərincə və daha da artıq qazanırlar.

Məlahət Rzayeva