"Özümə çox əziyyət verib Azərbaycan Xalq Hərəkatının təsis toplantısını izlədim. Yenidən İsgəndər Həmidova, Əhməd Oruca, Nemət Pənahlıya və digərlərinə qulaq asmaq çox əzablı olsa da, dözdüm”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert, hüquqşünas Zaur İbrahimli deyib.
Ekspert vurğulayıb ki, onları dinlədikdən sonra bir daha əmin olub ki, vaxtı ilə hakimiyyətdə təmsil olunan, müxtəlif vəzifələr tutan şəxslər sanki "Zaman maşını” icad edib geri qayıtmağa çalışırlar:
"Nemət Pənahlı yenə özünü yüzminlərin qarşısında görür. Daha anlamağa çalşırmır ki, zaman dəyişib, insanlar da dəyişib. İndi heç "Youtube”da N.Pənahlıya, Ə.Oruca 10 dəqiqə baxmağa hövsələ çatmır, o ki, qaldı ayaq üstə və meydanlarda. N.Pənahlı və digərlərini yalnız xatirələrə görə dinləmək olar, elə buna görə də ara-sıra qulaq asırlar. Onlar eyni çaya iki dəfə girməyə can atırlar. Ay gözəl insanlar, arada bir sosial şəbəkələrə baxın, görün ətrafda nələr baş verir, hər şey necə dəyişir. Çox darıxırsınızsa, bir QHT, dərnək, klub yaradın, ictimai işlərlə məşğul olun. Yəni, bu 30 il bəs eləmədi ki, sizlərdən siyasətçi çıxmayacağını anlayasınız?! "SİDSUH”, "DEMKONQRES”, nə bilim Cingiz Dəmiroğlunu filan xatırlayın arada”.
Z.İbrahimli adıçəkilən siyasi qüvvələrin ictimaiyyətdən dəstək ala bilmədikləri halda mənasız fəaliyyətə davam etmələrini bu cür izah edib:
"Ola bilsin, sırf subyektiv amillərlə bağlıdır. Məsələn, siyasətdən getmək qorxusu, yaxud hansısa dəstək, imtiyaz əldə etmək istəyi və s. İstisna deyil ki, onlar tərəfindən gerçəkliyin subyektiv dəyələrləndirilməsi obyektiv qiymətləndirməni üstələyir. Yəni həmin güclər mövcud vəziyyəti adekvat dəyərləndirə bilmirlər. Zənn edirlər ki, daha bir şansları var. Amma bu müxalifətin fəaliyyəti ilə bağlı əldə olunan təcrübəni yaxşı bilən cəmiyyət çətin ki, onlara daha bir şans versin”.
Qeyd edək ki, yanvarın 26-da ADP qərargahında Azərbaycan Xalq Hərəkatı təsis konfransı keçirib. Tədbirə 20-dən çox partiya sədri və 300-ə yaxın iştirakçı qatılıb. Artıq hərəkatın Gəncə, Mingəçevir və Gədəbəydə dayaq dəstələri yaradılıb, digər bölgələrdə isə bu istiqamətdə işlər görülür. Hərəkatın geniş çevrəni əhatə edəcəyini düşünənlər də var, bunun əksini deyənlər də. Tədbirdə əsas diqqətçəkən məqamlardan biri o olub ki, hərəkatın yaradılmasında əsas qüvvələrdən olan Ümid, ADP və AXP kimi qurumlar konfransda aktiv iştirak etməyiblər. Hətta Ümid sədri İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlu tədbir keçirilən zalda ən arxa sırada əyləşiblər, tədbirin ortasında isə zalı tərk ediblər. AXP sədri Pənah Hüseyn isə ümumiyyətlə, tədbirə qatılmayıb. Bütün bunlar geniş müzakirələr doğurmaqla yanaşı, hərəkatın fəaliyyətinə zərbə vuracağı yönündə mülahizələri artırıb.
İsmayıl