“Bu cür səmərəli idarəetmənin çox böyük effekti ola bilər" - Akif Aşırlı




"Artıq bir neçə ildir ki, həm KİV-lərdə, həm də dövlət strukturlarında islahatların aparılması ilə bağlı gedən müzakirələrdə bu, ən aktual və aparıcı mövzulardan biri olub. İdarəetmənin optimallaşdırılmasının gərəkliyi dönə-dönə vurğulanıb”. 

Bunu SİA-ya açıqlamasında "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Baş redaktorun sözlərinə görə, cənab Prezidentin atdığı bu addım da məhz idarəetmənin səmərəliliyini artırmaq, paralel strukturların vahid mərkəzdə birləşdirilməsi işi nöqteyi-nəzərindən çox müsbət dəyərləndirilməlidir:

 "Hesab edirəm ki, bu cür səmərəli idarəetmənin çox böyük effekti ola bilər. Düşünürəm ki, bunlar həm dövlətin artıq üzərində yığılıb qalan o maliyyə yükünün azaldılması, eyni zamanda dövlətin ən prioritet məsələsi olan insan amilinə, onun sosial müdafiəsinə yönələn o tədbirlərin daha effektli aparılması üçün lazımi addımlardır. Bu cür səmərəli addımların atılması cəmiyyət tərəfindən də müsbət qəbul olunur. Biz artıq bunu sosial şəbəkələrdə izləyirik. 

Cəmiyyətin böyük əksəriyyətinin fikri də məhz cənab Prezidentin vermiş olduğu bu Sərəncamın dəstəklənməsi istiqamətinə yönəldilib. Son dönəmlər aparılan kadr islahatlarında çox diqqət çəkən məqamlar var. Daha çox peşəkar, gənc kadrların önə çıxması müsbət dəyərləndirilir. Həm mətbuatda , həm də sosial mediada bu işinin aparılmasına ictimai dəstək var. Hesab edirəm ki, bu cür islahatlar davamlı olacaq”.