"Bu görüş üçün Bakının seçilməsi təsadüfi deyil" - Tofiq Abbasov





"Azərbaycan dünya gücləri ilə münasibətini eyni şəkildə qoruyur. NATO və Rusiya arasında baş tutacaq vacib görüş üçün məkan kimi Bakının seçilməsi təsadüfi deyil”.

Bunu "Sherg.az”a Bakıda keçiriləcək NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparrotinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə görüşündən danışarkən politoloq Tofiq Abbasov deyib. 

Onun sözlərinə görə, NATO və Rusiya ilə aparılan neytral tərəfdaşlıq bu baxımdan Azərbaycanın əhəmiyyətini sübut edir:

"Həmçinin Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri və Rusiyanın özü ilə geniş formatda münasibətlərimiz var. Bu əməkdaşlıq hərbi-texniki sahəni də özündə ehtiva edir.

Azərbaycanın düşünülmüş, rahat siyasi xətt yürütməsi dünyada qəbul olunub. NATO və Rusiya rəsmilərinin Bakını seçməsi Azərbaycan diplomatiyasının çox praqmatik xətt kimi dəyərləndirilməsindən irəli gəlir. Düşünürəm ki, ölkədə keçirilən bu cür beynəlxalq görüşlərin davamı olacaq”.

Qeyd edək ki, "BuzzFeed" portalının adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən yaydığı məlumata görə, görüş yanvar ayında Bakıda keçiriləcək. Məlumatda vurğulanıb ki, bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq.

Aysel Aslan