Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Və dövlətimizin başçısı tədbirdə çıxış edib. Azərbaycan Prezidenti qeyd edib ki, ötən gün Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşü olub. Bu, birinci görüş deyil. Bundan əvvəl Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşü baş tutub. NATO-Rusiya hərbi rəhbərlərinin görüşü də mütəmadi olaraq Azərbaycanda keçirilir. Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Hesab edirəm ki, bu, ikinci səbəbdir. Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi üçün böyük dəstək oluruq, yardımlar edirik və digər amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki, məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət daşıyan görüş keçirilir.
Prezidentin bu fikirlərini müsbət qiymətləndirdiyini söyləyən analtik Arzu Nağıyev "Sherg.az”a bildirib ki, NATO və Rusiyanın ali hərbi rəhbərlərinin Azərbaycanda görüşlər keçirməsi ilk növbədə təhlükəsizliyə verilən təminat baxımından önəm kəsb edir:
"Digər yandan bu, BMT üzvü olan 200-dən çox dövlətin içərisindən məhz Bakının seçilməsi Azərbaycanın hansı müstəvidə dövlət kimi tanındığının və ölkəmizə verilən önəmin göstəricisidir. Son illər Azərbaycan dünya ölkələri içərisində ən çox siyasi nüfuzu artan dövlətlərdən biridir. Buna görə də, bu görüşlərin Azərbaycanda baş tutması təbii haldır. Digər tərəfdən, Azərbaycanın həm NATO, həm də Rusiya ilə balanslı siyasət aparması diqqəti cəlb edir. NATO tədbirlərində iştirak edən Azərbaycan başqa bir tərəfdən Rusiya ilə tərəfdaşdır. Buna görə də, NATO və Rusiya artıq üçüncü dəfədir görüşü Bakıda keçirirlər”.
Kənan Eynuroğlu