Cahangir Məmmədli: “Bir valideyn, baba olaraq uşaq mətbuatının fəaliyyəti ilə bağlı mənim də çox ciddi narahatlığım var”
Bu gün uşaq mətbuatı yox səviyyəsindədir
Qəşəm Nəcəfzadə: “Azay Quliyev bir dəfə də uşaq mətbuatı ilə bağlı müsabiqə elan edib, QHT-ləri bu sahəyə cəlb etsin”
Cahangir Məmmədli: “Bir valideyn, baba olaraq uşaq mətbuatının fəaliyyəti ilə bağlı mənim də çox ciddi narahatlığım var”
Cahangir Məmmədli: “Bir valideyn, baba olaraq uşaq mətbuatının fəaliyyəti ilə bağlı mənim də çox ciddi narahatlığım var”
Nəsir Əhmədli: "Bu cür nəşrlərin sayının artırılmasına böyük ehtiyac yaranıb”
Zeynal Məmmədli: "Köşklərdə bu nəşrləri tapmaq müşkül məsələdir”
Gələcəyimiz olan uşaqların bu gün bir çox problemləri var və bu problemlərdən biri də uşaq mətbuatı sahəsində mövcud olan çatışmazlıqlardır. Azərbaycan mətbuatının ən böyük qollarından biri olan uşaq mətbuatı KİV-in çox ciddi və önəmli hissəsini təşkil edir. Bu, spesifikliyi ilə səciyyələnir və əsasən pedaqoji yönümlüdür. Uşağın intellektinin artırılmasına, informasiya almaq vərdişlərinin yaranmasına xidmət etməlidir.
Bu sahədə çalışan mətbuat nümayəndələrinin qarşısında yalnız oxucuya informasiya vermək vəzifəsi dayanmır, onu cəmiyyətdəki pis meyillərdən, ünsürlərindən qorumaq, tərbiyələndirici funksiyası da dayanır. Unutmayaq ki, uşaqlar təbiəti, dünyanı, insanlara münasibəti, milli dəyərləri, vətən sevgisini, əxlaqı bizlərin vasitəsilə daha yaxşı mənimsəyə bilərlər.
Uşaq mətbuatının yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların unudulmaz xidmətləri olub. Onlar bədii yaradıcılıqla yanaşı, müəllimlik edir, dərslik, dərs vəsaitləri və proqramlar hazırlayır, dövri mətbuatda fəal iştirak edirdilər. Ziyalıları düşündürən vacib məsələlərdən biri də yeni üsullu məktəb, yeni tələblər səviyyəsində uşaq əsərlərinin yaradılması idi. Yeni üsullu məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərində uşaqların səviyyəsinə, zövqünə uyğun şeir və hekayələr, tarixi hadisələrə dair bədii oçerklər geniş yer tutub. Amma indi bu sahə o qədər də qənaətbəxş səviyyədə deyil. Hətta deyərdim ki, uşaqların problemi ilə bağlı mətbuatda heç bir yazılar getmir. Gələcək nəsillərin savadlı, mədəni, ağıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Bu mütaliənin formalaşması isə uşaq ədəbiyyatı ilə yanaşı, uşaq mətbuatının səviyyəsindən asılıdır.
Yarandığı ilk gündən bütün fəaliyyətləri boyunca ətrafına demokratik və maarifpərvər yazıçıları toplayan, qabaqcıl meyilləri və mütərəqqi ideyaları təbliğ edən nəşrlərlə ("Molla Nəsrəddin”, "Zənbur”, "Babayi Əmir”, "Məzəli” və s.) bərabər, ilk uşaq jurnalları - "Dəbistan” (1906-1908), "Rəhbər” (1906-1907), "Məktəb”də (1911-1920) uşaq mətbuatının inkişafına geniş yol açdı. Azərbaycan uşaq ədəbiyyatının tarixi lap qədimlərə gedib çıxsa da, onun tarixi 1906-cı il aprel ayının 16-dan başlayır. Həmin gün Bakıda "Dəbistan” adlı uşaq dərgisinin ilk nömrəsi çap edilərək oxuculara ünvanlanıb. Bunlardan əlavə maarifpərvər ziyalı M.Mahmudbəyovun nəşr etdiyi "Rəhbər” jurnalının da məqsəd və məramı yeniyetmələrin təlim və tərbiyəsi idi. Bu, ümumiyyətlə, klassik uşaq mətbuatımızın qarşısında dayanan ən mütərəqqi vəzifə idi ki, ənənələri bu gün yaşadılmağa çalışılır. "Maarif”, "Qırmızı günəş”, "Aydınlıq”, "Qızıl Şərq”, "Qızıl gənclik”, "Gənc işçi”, "Məktəb”, "Pioner” və s. qəzet və jurnallar öz ətrafına yazıçı, müəllim, tələbə və başqa ədəbiyyat həvəskarlarından ibarət böyük bir ziyalı dəstəsi toplayıb.
Müstəqillik dövründə də ölkəmizdə uşaq mətbuatı sürətlə inkişaf etmişdir. Hazırda "Göyərçin”, "Elli”, "Bala dili” , "Yuva”, "Göy qurşağı” və s. kimi jurnallar Azərbaycan uşaq mətbuatının ən yaxşı nümunələri hesab olunur.
Təəssüf ki, Azərbaycanda uşaq mətbuatına hələ də "uşaq-muşaq işi” kimi yanaşanlar var. Ümumiyyətlə isə son dövrlərdə bu sahədə tənəzzül müşahidə olunmaqdadır. Bunun səbəbləri nədir, uşaq mətbuatının inkişafı üçün nə etməliyik?
Azərbaycan Yazıçılar Birliyinin uşaq şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə də uşaq mətbuatı sahəsində Azərbaycanda vəziyyətin ürəkaçan olmadığı qənaətindədir. Onun sözlərinə görə, uşaq mətbuatının yeganə nümunəsi "Göyərçin” jurnalıdır ki, o da artıq öz gücünü itirib. Çox az tirajla çıxır. Nəcəfzadənin sözlərinə görə, uşaq mətbuatındakı bu durğunluq qayğısızlıqdan irəli gəlir. Amma bu qayğısızlıq dövlətlə əlaqəli deyil. Q.Nəcəfzadə Azərbaycanda uşaq mətbuatının yox səviyyəsində olmasında ziyalıları və QHT-ləri günahlandırıb: "Uşaq ədəbiyyatının görkəmli xadimləri uşaq mətbuatına da bir gün ağlamalı idilər. Mən bunu İlyas Tapdıq, Zahid Xəlildən gözləyirəm. Desəniz ki, bəs siz niyə bir iş görmürsünüz? Mən çox iş görmüşəm, sadəcə, nə edim ki, "tək əldən səs çıxmır”. Bütün açıqlamalarımda, çıxışlarımda bu problemi qabartmışam. Uşaq mətbuatının inkişafı üçün aidiyyəti qurumlara müraciət edilməlidir ki, bu məsuliyyət də yuxarıda adını sadaladığım ziyalıların üzərinə düşür. Azərbaycanda QHT əlindən tərpənmək olmur. Boşa daş atanda QHT-lərə dəyir. Yaxşı olar ki, onlar bu sahəyə diqqət ayırsın. Azay Quliyev bir dəfə də uşaq mətbuatı ilə bağlı müsabiqə elan edib, QHT-ləri bu sahəyə cəlb etsin”. Dövlətin bu sahəyə kifayət qədər diqqət ayırdığını vurğulayan Nəcəfzadə birmənalı olaraq, uşaq problemləri ilə bağlı qeydiyyatdan keçən QHT-lərin uşaq mətbuatının inkişafı sahəsindəki fəaliyyətinin yarıtmaz olduğunu deyib: "Bütün dünyada bu cür prosesləri məhz QHT-lər tənzimləyir”.
Bakı Dövlət Universitetinin professoru, Jurnalistika fakültəsinin nəzəriyyə və təcrübə kafedrasının müdiri Cahangir Məmmədli də hazırkı durumda uşaq mətbuatının görünməz olduğu qənaətindədir: "Bu gün uşaq mətbuatı deyilən bir sahə hiss olunmur. Pedaqoqdan əlavə, bir valideyn, baba olaraq uşaq mətbuatının fəaliyyəti ilə bağlı mənim də çox ciddi narahatlığım var. Jurnalistikada olan biri kimi uşaq mətbuatından xəbərsizəmsə, deməli, bu gün belə bir qəzet yoxdu. Halbuki Azərbaycanda populyar uşaq qəzetlərinə çox ciddi ehtiyac var. Azərbaycanda gənclər üçün media sistemi var. "Ulduz” jurnalı gənc yaradıcıların istedadını özündə əks etdirən çox tanınmış bir jurnaldır. Uşaqların maariflənməsi, pedaqoji cəhətdən tərbiyələnməsini istiqamətləndirən media orqanının isə fəaliyyəti görünmür”.
Televiziyalarda uşaqlar üçün müəyyən proqramların hazırlanmasını vurğulayan C.Məmmədlinin sözlərinə görə, telekanallarda uşaqlara diqqət mətbuatdan daha çoxdur: "Uşaqlarla bağlı yeni mətbuat orqanları yaratmaq və mövcud jurnalları populyarlaşdırmaq lazımdır. "ANS” şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Bala dili” kimi jurnalların tanıtımı artırılmalıdır”.
Professorun sözlərinə görə, tarixən kifayət qədər populyar olub, sonradan öz aktuallığını itirən uşaq mətbuatının bu səviyyəyə düşməsi bazar iqtisadiyyatı ilə bağlıdır: "Bazar münasibətlərinə keçidlə bağlı uşaq mətbuatı özünü formalaşdıra bilmədi. Amma nəzərə alınmalıdır ki, uşaq mətbuatı kommersiya xarakteri daşımamalıdır. KİV-lərə Dövlət dəstəyi Şurası bu məsələni diqqətdə saxlamalıdır. Əslində bu istiqamətdə müvafiq addımlar atılsa, Fondun onların fəaliyyətini dəstəkləyəcəyinə və maliyyələşdirəcəyinə əminəm. Sadəcə olaraq, indiki halda təşəbbüs yoxdur”.
BDU-nun digər professoru Nəsir Əhmədlinin sözlərinə görə, uşaq mətbuatı gəlirsiz sahə olduğu üçün onun inkişafında heç kəs maraqlı deyil: "Hesab edirəm ki, uşaq mətbuatının inkişafı ilə bağlı media nümayəndələri Təhsil Nazirliyi ilə birlikdə çalışmalıdır. Bu da uşaqların maarifləndirilməsində ciddi problemlər yaradır. Yəni uşaqlar ölkəmizin keçmişə, qədim tarixə, zəngin mədəniyyətə və sairə sahib olduğunu bilmir. Ona görə də Azərbaycan dövləti barədə məlumatların mənimsənilməsi və dövlətçilik ənənələrinin uşaqlara aşılanması baxımından bu cür nəşrlərin sayının artırılmasına böyük ehtiyac yaranıb”.
Media eksperti Zeynal Məmmədli isə hesab edir ki, bu problemin kökü ali məktəblərdə kadr hazırlığının zəif olmasından irəli gəlir. Universitetdə bakalavr səviyyəsində uşaqlarla işləyəcək jurnalistlərin hazırlanmasında heç bir iş getmir. Kimsə magistr səviyyəsində öz təşəbbüsü ilə nəsə bir şey hazırlaya bilər, lakin bu elə həmin magistrlə də qalacaq, ondan o tərəfə getməsi mümkün görünmür: "Avropada, uzağa getməyək, Türkiyədə, Rusiyada isə vəziyyət tamamilə fərqlidir. Elə ona görə də bu gün həmin ölkələrin nəşrlərinə baxanda ağzımız açıq qalır. Bu gün uşağın əlindən tutub kitab "passajına” gedəndə hətta dili bilməsə də, zahiri görünüşünə görə rus kitablarına, jurnallarına üz tutur”.
Zeynal müəllim deyib ki, uşaq mətbuatının inkişafına ciddi mane olan amillərdən biri də bazardır. Təbii ki, uşaq mətbuatının oxucuları birbaşa gedib bu nəşrləri əldə etmirlər. Bunu onlara ya oxuduqları məktəbin direktoru, ya da ki, valideyni verir. Bu sahədə də xeyli problemlər var. Məktəblər yalnız bir uşaq nəşri alırlar və uşaq istədi-istəmədi, bunun pulunu ödəyib götürməlidir. Uşağın seçmək imkanı olmur. Direktor tanışlıq, biznes maraqlarına və ya hər hansı bir məsələyə əsasən bircə nəşr seçir və digərlərinin də ora buraxılmasına imkan vermir. Bu isə sərbəst rəqabətin, alternativ nəşrlərin inkişafına mane olur ki, bu isə elə bizim körpələrin inkişafının qarşısındakı bir əngəldir:
"Yayım istiqamətində apardığımız araşdırmalar zamanı da məlum oldu ki, çox az sayda uşaq nəşrləri satışa çıxır. Hətta köşklərdə bu nəşrləri tapmaq müşkül məsələdir. Nəşrlərin sahibləri birbaşa məktəblərlə işləməyə o qədər üstünlük verirlər ki, məhsullarını başqa istiqamətdə çox aşağı səviyyədə yayırlar. Elə bu səbəbdəndir ki, məktəblərdə tətil olan müddətlərdə bu nəşrlərin işləri dayanmalı olur”.
Davamı var...
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb