"Bu il ABŞ dolları üçün yeni ucuzlaşma proqnozlaşdırılır" - AÇIQLAMA

"2017-ci ildə maliyyə bazarlarında, ölkənin tədiyyə balansında, strateji valyuta ehtiyatlarında müşahidə etdiyimiz artımın, manatın məzənnəsində sabitliyin əldə olunmasının əsas səbəbi neftin qiymətinin əvvəlki iki illə müqayisədə yüksək olmasıdır”.
Bu barədə "Sherg.az”a Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalını şərh edərkən iqtisadçı - ekspert Rəşad Həsənov bildirib. 
O qeyd edib ki, neftin qiymətindəki artım Azərbaycanın xarici ticarət saldosunda, tədiyyə balansında yüksəlmənin yaranmasına gətirib çıxarır:
"Bu, bazarlarda həm psixoloji təzyiqin azalmasına, həm də tələb və təklifin təmin olunmasına yardım edir. Paralel olaraq, Neft Fondunun xərcləri və gəlirləri arasındakı fərqlərin aradan qalxmasına səbəb oldu.
Azərbaycanda xüsusilə manatın məzənnəsində sabitliyin yaranmasına təsir edən digər amil isə ABŞ valyutasının dünya bazarlarında ucuzlaşması idi. Dollar ötən ilin aprel ayından başlayaraq, ilin sonuna qədər öz dəyərinin 12 faizini itirib. Azərbaycan manatı yalnız dollara qarşı sabitliyini qoruyub. Bu isə ictimai narahatlığın və psixoloji gərginliyin aradan qalxmasına gətirib çıxardı, iqtisadi aktivliyi artırdı.
2017-ci ildə manatın məzənnəsi ilə bağlı qarşıya qoyulmuş öhdəliklər yerinə yetirilmiş sayılmaz. Çünki 2017-ci ilin əvvəlində Mərkəzi Bank üzən valyuta rejiminə keçidi elan etdi. Yol xəritələrində də bunun tam tətbiqi öhdəliyi müəyyən edildi. Əvvəl addımlar atılsa da, neftin qiymətindəki müsbət dəyişikliklər hökuməti bu siyasətdən daşındırdı. İstənilən halda manatın məzənnəsinin tam bazar şərtləri əsasında formalaşması, real dəyərini tapması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olduğundan proses daha doğru icra olunmalı idi”.
R.Həsənovun sözlərinə görə, Azərbaycanda 2014-cü ilə qədər yığımların böyük hissəsi manatla aparılıb. Sonrakı dövr üçün yaranmış risklər manatın dollarlaşması prosesini sürətləndirdi:
"2014-ün son rübündə və 2015-in əvvəlindən başlayaraq valyuta tələbinin sürətlə artması yığımların dollarlaşması idi. Bu proses artıq müəyyən səviyyəyə çatıb. Demək olar, sadəcə qısa müddətli dövr üçün xərclənməsi nəzərdə tutulan vəsaitlər manatladır. Bu vəsaitlər növbəti dövrdə təhlükə yaransa belə valyuta tələbi formalaşdıracaq səviyyədə deyil.
2018-ci ildə bənzər siyasət davam etdiriləcək. Manatın məzənnəsinin indiki halı ABŞ dollarına qarşı qorunub saxlanacaq. ABŞ dollarının özü üçün 2018-ci ildə yeni ucuzlaşma proqnozlaşdırılır. Neftin qiyməti büdcədə 45 dollardan nəzərdə tutulduğu üçün proqnozlarımız 55-60 dollar əhatəsindədir. Hökumət üçün bu qiymətlər əlavə manevr imkanları yaradacaq. Valyuta bazarlarında iştirakçılıq 2017-ci illə müqayisədə daha yüksək olacaq”.
Qeyd edək ki, icmala görə, tədiyyə balansının yaxşılaşması, ixracın genişlənməsi və idxalın əvəz edilməsi siyasəti nəticəsində valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib.
Aysel Aslan