"Kim səfərdən imtina etsə, daha yerinə başqasını göndərə bilməyəcək"
Həcc ziyarətinə 90 yer boş qalıb
Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılmış kvotanın dolmaması müəmmalı vəziyyət yaradıb. Artıq neçə ildir ki, Azərbaycanda Həcc missiyasının yeganə rəhbəri və təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsidir. Başqa heç bir turizm şirkətinə Həcc səfərləri təşkil etmək yetkisi verilmir. Hər dəfə Həcc səfərinə hazırlıqlar başlayanda və sənəd qəbulu elan edildikdə, zəvvarların səfər xərclərini tam ödəməsi şərti irəli sürülür.
QMİ bunu onunla izah edir ki, Mədinə və Məkkə şəhərlərində mehmanxana kirayələmək üçün pulun böyük qismi əvvəlcədən ödənilməlidir. Amma indi vəziyyət mürəkkəbdir. Həcc kvotası dolmayıb. İdarədən APA-ya verilən məlumata görə, 90 yer boş qalıb. Bunun 30-u nisbətən ucuz
variantlı (4700 ABŞ dolları), 60-ı isə bahalı variantda (5750 ABŞ dolları) təklif olunan səfər paketləridir. Həcc zamanının başlamasına sayılı günlər qalır. QMİ isə sənəd qəbulunun vaxtını uzadır. QMİ bildirmişdi ki, ilk təyyarə reysləri sentyabrın 11-dən etibarən başlanacaq. Avqustun artıq başa çatdığını nəzərə alsaq, sənəd qəbulu üçün cəmi 10 gün müddət qalır. 10 günün içində 90 yerin dolması isə demək olar, mümkünsüz görünür. Belədə QMİ ziyana düşməyəcək ki?
Yaranmış situasiyaya QMİ rəsmilərinin münasibətini öyrənmək mümkün olmadı. QMİ-yə yaxın və vəziyyətə bələd olan mənbə isə kvotanın son anda dolacağına ümidli olduqlarını bildirdi:
- Hələ vaxta var və inanmıram ki, kvota dolmasın. Yəqin, rəhbərlik lazımi addımlar atacaq. Düzdür, səfər xərcləri əvvəlcədən ödənilir. Bu saat Mədinədə də, Məkkədə də sıxlıqdır. Məkkədə, Kəbə evi ətrafında aparılan rekonstruksiya, genişləndirmə işləri ilə əlaqədar bir çox otellərin fəaliyyəti dayandırılıb. Bu dəqiqə Məkkədə otel kirayələmək çox çətindir. Məcbursan ki, otelin kirayə haqqının, heç olmasa, bir hissəsini əvvəlcədən ödəyəsən. Bu il sistemi tamam dəyişiblər. Kim səfərdən imtina etsə, daha yerinə başqasını göndərə bilməyəcək. Çünki mehmanxana otağı məhz sənədləri qəbul olunmuş adamın adına rəsmiləşir. Vizalar da əvvəlcədən təsdiqlənir. İndi vəziyyət çətindir. Viza rejiminə də, sənədlərin təsdiqlənməsinə də xüsusi diqqət yetirirlər. Mühafizə məsələlərinə önəm verilir.
Bəs kvota dolmayacağı təqdirdə QMİ qiymət dəyişikliyi edə bilərmi?
Mənbə bildirdi ki, bu, mümkün deyil. Səfər qiymətləri artıq bəllidir və təsdiqlənib. Qiymət ucuzlaşmasından söhbət gedə bilməz. Qiymətlərin ucuzlaşması QMİ-nin ziyanına olar. Kvota dolmayacaqsa, QMİ onsuz da ziyana düşəcək. Qiymətlərin endirilməsi vəziyyətdən çıxış yolu ola bilməz. Amma boş qalan yerlərin qonşu ölkələrin hesabına doldurulması mümkündür. Əvvəlki illərdə də belə təcrübə olub. Xüsusən, qonşu Rusiya və İrandan zəvvarlar Azərbaycanın kvotası hesabına Həcc ziyarətinə gediblər. İndi də QMİ dolmayan yerlər hesabına Rusiya müsəlmanlarını və iranlıları Həccə apara bilər. Nəzərə alsaq ki, bu ölkələrin, xüsusən də İran əhalisi say çoxluğu səbəbindən illərlə Həcc növbəsi gözləyir və istənilən qiyməti ödəməyə hazırdırlar, təki Həccə getsinlər, QMİ yaranmış imkandan yararlana bilər.
Məlahət Rzayeva