Bu ölkədə hər kəs qaynayıb, qarışır

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Multikulturalizm anlayışı eyni ölkədə yaşayan müxtəlif xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Azərbaycanda da tarixən yalnız islam deyil, eyni zamanda digər dinlərin və xalqların nümayəndələri bizimlə birgə yaşayıb. Heç bir məhdudiyyət olmadan öz dini və milli inanclarını icra ediblər. Müxtəlif dövrlərdə ölkəmizdə qeyri-islam dininin daşıyıcıları üçün ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib. Və hazırda da onlar öz işlərini davam etdirirlər.
Sirr deyil ki, Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin mayasında biri-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara yanaşmasında bərabərlik prinsipi mütləq mənada qorunur. Ölkəmizdə yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç zaman dözümsüzlük və ya fobiya ilə üzləşməyiblər. Ksenofobiyaya əks mövqedə dayanan tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlər boyu mövcud olub. Onu da mütləq qeyd etmək lazımdır ki, ölkəmizdə multikulturalizm siyasəti hələ ulu öndər Heydər Əliyevin dövründən bu yana yeridilməyə başlayıb. Və bu, sadəcə görüntü deyil, xalqımızın tarixən formalaşdırdığı, dərin siyasi məntiqə söykənən siyasətdir. Çünki biz azərbaycanlılar gözümüzü dünyaya açandan ətrafımızda digər millətlərin nümayəndələrini görmüşük və onlara öz doğmalarımız kimi yanaşmışıq. Bunu bizə daha çox multikultural mədəniyyətimiz aşılayıb. 
Baxın, Prezident İlham Əliyev multikulturalizmi rəsmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Məsələn, ölkə başçısı 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzaladı. Bundan başqa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Bu il mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda baş tutması dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin əsl ifadəsidir.
Sözügedən forumda çıxış edən İ.Əliyev diqqətə çatdırıb ki, multikulturalizm bizim həyat tərzimizdir: "Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq edib. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik”.
Bütün deyilənləri əyani şəkildə sübut etmək üçün hazırda paytaxt Bakı və regionlarda yaşayan, eyni zamanda bir müddət Azərbaycanda məskunlaşıb sonradan öz ölkələrinə qayıdan əcnəbilərin Azərbaycanda mövcud olan multikulturalizm ənənələri ilə bağlı fikirlərini öyrəndik.
"Qonaqpərvərliyinizə və ürəyiaçıqlığınıza heyranam”
Hazırda ölkəmizdə təhsil alan hindistanlı tələbə Dipul Patel bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda multikultural dəyərlər tamamən qorunur:
"Mən burada Azərbaycan xalqından yalnız diqqət və qayğı görmüşəm. Bizi çox xoş qarşılayırlar. Heç kim bizə irqimizə, dinimizə görə fərq qoymur. Tələbə yoldaşlarım da mənimlə çox səmimi davranırlar. Bəzən dincəlmək üçün istirahət məkanlarına gedirik. Mənə imkan vermirlər ki, pul xərcləyim. "Sən bizim ölkədə qonaqsan” - deyib, bütün xərcləri özləri çəkir. Əvvəlcə, mənim yerimə pul xərcləmələri mənə qəribə gəlirdi, amma onlarla ünsiyyətdə olduqdan sonra, öyrəndim ki, bu məsələlər Azərbaycan xalqının qonaqpərvərliyindən irəli gəlir. Sizin qonaqpərvərliyinizə və ürəyiaçıqlığınıza heyranam. Tələbəyəm. Kasıb ailədənəm. Bəzən olur ki, hansısa meyvə-tərəvəz alanda pulumuz çatmır. Satıcı isə "Gedin halalınız olsun” deyib bizi gülərüzlə yola salır. Mən şəxsən Azərbaycan xalqı və Prezidentindən çox razıyam. Biz burada müstəqil şəkildə təhsil alırıq, gəzirik. Dəyib- dolaşan yoxdur”.
Azərbaycanda bütün dinlər arasında mehribanlıq mövcuddur
Bir müddət əvvəl Fransanın ölkəmizdəki səfirliyində çalışmış və hazırda Fransada yaşayan ukrayn mənşəli fransız Dmitri Kupinovun da münasibətini öyrəndik. O, bildirdi ki, Azərbaycanda bütün dinlər arasında mehribanlıq mövcuddur: 
"Bu, bir tolerantlıq nümunəsidir. Azərbaycandakı fəaliyyətim müddətində sizin ölkədə xristianlara dini görüşlərinə görə təzyiqlərin göstərilməsi halına bir dəfə də olsun rast gəlmədim. Hər kəs öz adət-ənənəsini və dini inancını rahat şəkildə yerinə yetirir”.
"Öz ölkəmdə necə rahatamsa, Azərbaycanda da bu şəkildə yaşayıram”
Paytaxt Bakıda metronun” 20 yanvar” stansiyası yaxınlığında bir balaca butik kirayələyərək telefon alqı-satqısı və təmiri ilə məşğul olan Pakistan vətəndaşı Kenan Ahmedi də söylədi ki, Azərbaycanda onlar rahat yaşayırlar: "Görürsünüz ki, burada alqı-satqı ilə məşğul oluram. Heç bir çətinliyim yoxdur. İnsanlarla normal anlaşırıq. Çox səmimi millətiniz var. Heç kim mənə dərimin rənginə, başqa millət olduğuma görə fərq qoymur. Kirayədə qaldığım binada qonşularla dostlaşmışıq. Azərbaycanlı gənclərlə futbol oynamağa gedirəm. Onlardan Murad adlı bir dostum məni tez-tez evlərinə qonaq dəvət edir və anası bizim üçün aş, dolma bişirir. İki ilə yaxındır ki, Azərbaycandayam. Demək olar ki, Azərbaycan milli kulinariyası ilə yaxından tanışam. Çox zəngin mətbəxiniz var. Burada bizim hüquqlarımız tamamilə qorunur. Öz ölkəmdə necə rahat gəzib-dolaşırıqsa, Azərbaycanda da bu şəkildə yaşayıram. Siyasi baxımdan da Azərbaycanla Pakistan arasında çoxsaylı müqavilələr mövcuddur. Bunun da bizə olan münasibətə çox böyük müsbət təsirləri var”.
Din və konfessiyalar arasında heç bir problem yaşanmır
Fransa-Azərbaycan dostluq qrupunun prezidenti Mişel Vuazən də Azərbaycanda baş tutan beynəlxalq tədbirdə görüşümüz zamanı söylədi ki, Azərbayanda dinlər və konfessiyalar arasında heç bir problem yaşanmır:
"Hər kəs öz adət-ənənəsini, dini inancını heç bir təzyiq olmadan müstəqil şəkildə yerinə yetirir. Bu məqam Avropanın diqqətini çəkir. Avropalılar Azərbaycanda olan bu modelin təcrübəsini öyrənməkdə maraqlıdır. Düşünürəm ki, Azərbaycanın tolerantlıq modeli bir nümunədir”.
"Bizə heç kim və heç nə mane olmur”
Yəhudi əsilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut da təsdiqləyib ki, bir sıra xalqlardan fərqli olaraq azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi yanaşmayıb: "İsraillilər neçə illərdir ki, Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edir. Yəhudi xalqı Azərbaycanda heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və antisemit hərəkətlərə məruz qalmayıb. Dini inancımız, mədəniyyətimiz və milli bayramlarımıza çox böyük sayğı ilə yanaşılır. 
Çox sərbəst şəkildə yaşayırıq. Dinimiz, dilimiz və adət-ənənəmizi də yaşadırıq. Bizə heç kim və heç nə mane olmur”.
Azərbaycanın multikultural dəyərlərə belə önəm verməsi faktları ilə fəxr edirik. Azərbaycan və İsrail öz dostlarını, tərəfdaşlarını yalnız özləri seçir və hərbi-texniki sahədə strateji tərəfdaşlığın və əməkdaşlığın səviyyəsini bu ölkələr özləri müəyyən edir. Üstəlik, heç kəsin bu prosesə müdaxilə etməyə haqqı yoxdur. 2016-cı ilin aprel döyüşlərində bir daha gördük ki, İsrail texnologiyası Azərbaycanın hərbi gücünə güc qatır. Buna baxmayaraq İsrail hər zaman söyləyir ki, Azərbaycanın yanındadır”.
Digər xalqlara çox dözümlü yanaşılır
Azərbaycanda bakalavr təhsili alan türkiyəli tələbə yoldaşım Volkan Sənəmoğlu da ölkəmizdə özünə və digər qonaqlara qarşı ayrıseçkilik və təzyiqlər müşahidə etmədiyini vurğuladı: "Biz iki dövlət, bir millətik. 
Hamımızın soyumuz eynidir. Biz hamımız bir soyun, qanın daşıyıcılarıyıq. Bu mənada Azərbaycanda olarkən özümü Türkiyədə öz baba yurdumda, öz evimdə olduğum kimi hiss edirəm. Dilimiz, dinimiz, məsləkimiz eynidir. Nəinki Türkiyə vətəndaşlarına, digər xalqların və millətlərin nümayəndələrinə də çox dözümlü yanaşılır. Sən də bilirsən ki, bizim qrupda kamerunlu tələbə təhsil alırdı. Ona qarşı qrupda, küçədə, yolda heç bir irqi, dini ayrıseçkilik baş vermirdi. Hətta o da bir neçə dostuna Azərbaycanda təhsil almağı tövsiyə etmişdi. 
Azərbaycan qapısını bütün dünyaya açıb. Dilindən, dinindən, irqindən, məsləkindən və etnik kökənindən asılı olmayaraq bu ölkədə hər kəs qaynayıb, qarışıb. Hətta bu gün Azərbaycanda olan multikultural dəyərlər, digər xalqlara tolerant yanaşma bəzi Avropa ölkəsinin özündə belə yoxdur. Baxın, bir fransız vətəndaşına ingilis dilində sual verəndə, o, dili bilsə də, sənə cavab vermir. Və yaxud da bir gürcüyə rusca sual verirsən, sənə çox çətinliklə cavab verir. Bu mənada Azərbaycan doğrudan da əsl multikultural ölkədir”.
İrqi, dini və etnik ayrıseçkilik yoxdur
Doğma vətəni olan Rusiyada Kərimov Mənsur adlı Azərbaycan vətəndaşı ilə ailə qurub uzun müddət orada yaşadıqdan sonra ailəsi və övladları ilə birgə Azərbaycana köçən Qonçarova Lyüba Dmitri qızı da Azərbaycanda ona və ya digər xalqların nümayəndələrinə qarşı hansısa irqi, dini və etnik ayrıseçkiliyin yaşanmadığını söyləyib:
 "Biz həyat yoldaşımla uzun müddət Rusiyada atamın evində yaşadıq. Artıq Mənsur mənə Azərbaycan dilini, mədəniyyətini və azərbaycanlıların etiqad etdiyi islam dininin əsas prinsiplərini öyrətmişdi. Bilirdim ki, əvvəl-axır Azərbaycana gedəcəm. Çünki Mənsur mənə deyirdi ki, o, övladlarımızı azərbaycanlı xanımlarla evləndirmək istəyir. Onun bütün qohum-əqrəbası Azərbaycandadır. Ona görə, mən də Azərbaycan mədəniyyətini az-az öyrənirdim. İslam ənənələri, Azərbaycanın mətbəxi, qonşularla münasibət, övlada diqqət, qayğı və s. məsələləri dərindən mənimsədim. Burada qonşular və Mənsurun qohumları məni toya dəvət edirlər. Bizi çox böyük hörmətlə qarşılayırlar. İndi Azərbaycan dilini də öyrənirəm. 
Əslində Azərbaycan dilini dəqiq anlayıram, kim nə danışır, hamısını başa düşürəm. Sadəcə, tələffüz problemim var deyə utanıram danışmağa. Kimsə mənə dinimə, irqimə və etnik kimliyimə görə fərq qoymur. Azərbaycan xalqı çox səmimi, mehribandır. Azərbaycandakı ailə dəyərini çox bəyənirəm. Burada qadınlar kişilərinə bir qəhrəman kimi yanaşır və ömrü boyu ona sadiq qalır. Bu, çox yaxşı əlamətdir. Övladları nə qədər böyüsə də, onları atmırlar. Bunlar yaxşı ənənələrdir. Azərbaycanın ənənələrini də bəyənirəm və burada olmağımdan çox razıyam”.
Heç kim bizə təzyiq,basqı göstərmir
"Tarqovı” küçəsində gəzişən ərəb turistə yaxınlaşıb, Azərbaycandakı multikultural dəyərlərlə bağlı onun da fikirlərini aldıq. Najah Əl-Muhammad adlı turistin sualımıza cavabı qısa oldu:
"Biz burada çox rahatıq. Azərbaycan insanları mehriban, gülərüz, yeməkləri dadlı, təamlı, təhlükəsiz bir ölkədir. Heç kim bizə təzyiq, basqı göstərmir. Bakı küçələrində rahat şəkildə gəzişirik”.
2008-2015-ci illərdə Azərbaycan Dillər Univeristetində (ADU) müəllim kimi çalışmış, Fransanın Tuluz şəhərindən olan Döni Möniye də Azərbaycanda multikultural dəyərlərin yüksək səviyyədə qorunduğunu diqqətə çatdırdı:
"Çox xoşbəxt xalqsınız...”
10 ilə yaxın Azərbaycanda yaşadım. Çoxsaylı tələbələrim var. Demək olar ki, əksər tələbəmlə feysbuk sosial şəbəkəsi üzərindən əlaqə saxlayıram. Azərbaycanda olduğum müddətdə Azərbaycandan və azərbaycanlılardan yalnız diqqət gördüm. Azərbaycan insanı yeniliyə açıqdır. Ünsiyyətcil və qayğıkeşdirlər. Azərbaycanda çalışanda müəllimlərdən biri mənə "kaklikotu” (red - kəklikotu) hədiyyə etdi və onu evə aparıb çay hazırladıq. Hələ də onun qoxusu burnumdadır. Çox bəyəndik. Azərbaycan xalqı qaynayıb-qarışmağı sevir. Azərbaycanda heç vaxt özümü narahat hiss etmirdim. Adama elə səmimi münasibət göstərirlər ki... Dinimə, etnik mənşəyimə və dilimə görə, heç vaxt nifrətlə rastlaşmamışam. Əslində mağazada, kafedə kimsə biləndə ki, Fransa vətəndaşıyam, fransızca "Bonjour”, "bonjour” (salam) deyirdilər. Azərbaycan əsl yaşanmalı ölkədir. İrqçilik, ksenofobiya və rasizmdən əsər-əlamət yoxdur. Siz çox xoşbəxt xalqsınız ki, belə bir ölkədə yaşayırsınız”.
Ayyət Əhməd
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.