Bu qədər ayrı-seçkilik cinayətdir...

Azərbaycandakı xarici şirkətlər əcnəbi işçilərə 10 qat artıq maaş verir
“Beynəlxalq normalara, konstitusiya və əmək məcəlləsinə əsasən, bərabər əməyə görə, bərabər miqdarda ödəniş olmalıdır”


Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə eyni işə görə əcnəbi vətəndaşların daha çox əməkhaqqı, yerli vətəndaşların isə az maaş aldığı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Ekspertlərin sözlərinə görə, əslində eyni işi görən xarici və yerli işçilərin aldıqları əməkhaqqıda 10 qat fərq qoyulur ki, bu da həmin şirkətlərdə çalışan yerli mütəxəssislərin haqlı narazılığına səbəb olur.

Hüquq müdafiəçiləri bu halın ölkədə geniş yayıldığını bildirir və bunu yerli işçilərin öz ölkəsində diskriminasiyaya məruz qalması kimi izah edir. Məsələn, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da söyləyib ki, yüksək vəzifəli xarici şəxslərin əmək haqqında fərq olduqca böyükdür: "Azərbaycanlıya 3-4 min əməkhaqqı verilirsə, (onların əməkhaqqısını dəqiq bilmirəm), əcnəbi vətəndaşlara 6,7, hətta 10 qat maaş verilir. Fərq həddən artıq böyükdür. Qanunvericilikdə qeyd olunur ki, eyni işdə çalışan və eyni vəzifəni yerinə yetirən insanlar eyni səlahiyyətlərə malik olmalıdır. Bunu onunla əlaqələndirirlər ki, xaricilərin təminatları daha artıqdır. Onların təminatı nə qədər artıq olsa da, ölkəmizdən uduşları da bir o qədər artıqdır. Azərbaycanda neft layihələri həyata keçirən podratçı şirkətlər var. Onların podratçı xarici şirkətləri də mövcuddur”. Hüquq müdafiəçisi diqqətə çatdırıb ki, ölkədə kifayət qədər işsiz ordusu olduğu halda xaricdən işçi qüvvəsinə gərək yoxdur: "Dünyanın müxtəlif ölkələrindən Azərbaycana xeyli sayda işçi qüvvələri gətirilir. Bir ara ölkəni çinlilər bürümüşdü, sonradan onları "yığdılar”. Hazırda ölkədə Sinqapurdan, Banqladeşdən və Hindistandan gəlmə sıravi işçilər var. Bu işçilər bizim azərbaycanlı işçilərin yerini tutur. Amma Miqrasiya Xidməti bu məsələ ilə maraqlanmır. Mütləq qaydada Miqrasiya Xidməti bu məsələni nəzarətinə götürməlidir. Bu gün üç ciddi məsələ bizi narahat edir. Birincisi, Əmək Məcəlləsi xarici və yerli işçilərin əmək haqqısındakı fərqi tənzimləməlidir, ikinci, Vergilər Nazirliyi xaricilərin vergidən yayınıb-yayınmadıqlarını araşdırmalıdır ki, onlar vergini necə və harda ödəyirlər. Üçüncü məsələ isə Miqrasiya Xidməti məşğul olmalıdır ki, niyə işçi qüvvəsi çox olan ölkəyə xaricdən işçi gətirilir. Bu işçilər sıravi işçilərdir ki, halbuki, ölkədə bütün sahələr üzrə kifayət qədər mütəxəssislər var”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, Azərbaycanın qəbul etdiyi beynəlxalq normalara, konstitusiya və əmək məcəlləsinə əsasən, bərabər əməyə görə, bərabər miqdarda ödəniş olmalıdır: "İki işçi eyni işi, eyni keyfiyyətdə görürsə, onların aylıq gəlirlərində fərq olmalı deyil. Bu başqa məsələdir ki, xaricdən gətirilən işçilər üçün əlavə təminatlar ola bilər. Məsələn, tutalım, həmin ölkə riskli ölkəyə gedibsə, o riskə görə əlavə ödəniş ola bilər. Və yaxud da gətirilən işçi yaşayış yeri və sair kimi əlavə şərtlər tələb edə bilər. Amma aylıq ödəniş eyni olmalıdır. İnsan hüquqları ilə bağlı ayrıca razılaşma var. Orada göstərilir ki, əmək məcəlləsinə görə, şirkətlər yerli qanunvericiliyə əməl edəcəklər. Amma görürük ki, əməl etmirlər. Ayrıseçkiliyə yol verirlər. Bu ayrıseçkiliyə görə, cinayət məsuliyyəti nəzərdə tutulur. Bu məsələlərə görə, Qazaxıstanda baş prokurorluq cinayət işinə başladı, o da axırına çata bildi, bilmədi, bilmirəm”.

Şirkətlərin özbaşınalıq etdiklərini söyləyən təşkilat sədri vurğulayıb ki, şirkətlər işçilərini 4 kateqoriyaya bölürlər: "Bir zamanlar BP işçilərini 4 qrupa bölmüşdü. Birincisi, öz ölkələrindən Avropa, Amerika və Kanadadan gətirilənlər ən yüksək statusa malikdirlər və yüksək əmək haqqı alırlar. Cənub Şərqi Asiya ölkələrindən gələnlərə orta əmək haqqı, müvəqqəti işə cəlb etdiklərinə aşağı, yerli işçilərə isə lap aşağı maaş verirlər”.

Ayyət Əhməd