Şagirdlərin xarici fəndən də imtahan verməsi doğru addımdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il keçiriləcək buraxılış imtahanlarında bir sıra dəyişikliklər edib. Buraxılış və qəbul imtahanları ilə bağlı yenilikləri açıqlayan TQDK 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlayacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər.
Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq. Buraxılış imtahanlarında 11-ci sinif şagirdlərinə 3-cü fənn - xarici dil fənni əlavə edilməsinə gəldikdə isə təhsil eksperti Nabatəli Qulamoğlu bu dəyişikliyi müsbət qiymətləndirib: "Orta məktəblərdə müvafiq xarici dil imtahanlarının götürülməsinin tərəfdarıyam. Azərbaycanın dünyaya çıxışı var və həmçinin bir çox dünya ölkələri ilə iqtisadi-mədəni əlaqələri var. Odur ki, attestatı cibinə qoymaq istəyən hər bir şagirdin mütləq xarici dil bilgisi olmalıdır. Şərt deyil ki, o dili mükəmməl bilsin. Əsas odur ki, elementar səviyyədə məlumatı olsun”.
Digər ekspert Məlahət Mürşüdlü düşünür ki, buraxılış imtahanlarında xarici dil fənnindən şagirdlərin biliklərinin yoxlanılması uğurlu seçimdir: "Çünki dilin tədrisinə ölkəmizdə böyük önəm verilir və bununla bağlı proqramlar həyata keçirilir. Bu qədər iş görülürsə, nəticə də olmalıdır. Görülən işlərin nə qədər səmərə verdiyini bilmək lazımdır ki, sonrakı iş prinsipini də ona əsasən müəyyən etsinlər. Müasir dövrün əsas tələblərindən biri dil bilgisidir. Yalnız məzunlar deyil, bütün ali məktəb tələbələri, elmi işçilərimiz ən azından bir xarici dili mükəmməl şəkildə bilməlidir. Xarici dil bilgisi dünyaya birbaşa çıxış deməkdir. Xüsusən də orta məktəb şagirdlərinin xarici dil bilməsi çox əhəmiyyətlidir. Bu mənada xarici dil fənninin buraxılış
imtahanlarına əlavə olunmasını müsbət dəyərləndirirəm və uğurlu bir iş hesab edirəm. İmtahan həm də şagirdlərin xarici dil fənninə münasibətdə daha məsuliyyətli yanaşma tələb edəcək”.
Bu imtahanla ilk növbədə şagirdlərin xarici dil öyrənmə səviyyəsinin müəyyənləşəcəyini deyən ekspert onu da bildirib ki, bu imtahanlar xarici dilin tədrisində olan problemləri öyrənməyə yardım edəcək: "Xarici dili öyrənmək ona görə vacibdir ki, dil bilmədən dünyaya çıxış yoxdur. İmtahanla ilk növbədə şagirdlərimizin xarici dil bilmə səviyyələrini müəyyən edəcəyik. İkincisi, bu sahədə olan problemlər ortaya çıxacaq. Bu problemləri müəyyənləşdirəcəyik. Mütləq problemlər olacaq. Üçüncüsü isə bu problemlərin həlli yollarını müəllimlərimizlə, məktəb rəhbərlikləri ilə birlikdə araşdıracağıq. Dördüncüsü isə ümumiləşmiş nəticədən irəli gələrək bu problemlərin həllinə yeni bir baxış, yanaşma formalaşacaq”.
M.Mürşüdlünün sözlərinə görə, xarici dil fənni tədris olunmayan məktəblərdə niyə məhz kimya fənninin əlavə fənn olaraq buraxılış imtahanlarına salınmasına gəldikdə isə M.Mürşüdlü bunu dünyada sənayenin inkişaf etməsi ilə əlaqələndirib: "Bu gün bütün məktəblərdə kimya fənni üzrə tədris səviyyəsinin qaldırılması çox vacib məsələlərdəndir. Tədris planlarında kimya fənninin dərs saatlarının az olmasını təəssüflə qeyd edən ekspert deyib ki, sənayenin inkişafı ilə əlaqədar kimya fənninin öyrənilməsi mühüm mərhələlərdən biridir. Hesab edirəm ki, məhz bu səbəbdən TQDK buraxılış imtahanlarında kimya fənnindən imtahan verilməsini zəruri hesab edib. Mənim fikrimcə də bu çox düzgün qərardır. Ümumiyyətlə, gələcəkdə kimya fənninin də ixtisaslar üzrə qəbul imtahanlarına salınmasına ehtiyac görürəm”.
Şəymən