Xaricdən gələn turistlər ovçuluq qaydalarına əməl etməlidir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq edib. ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, Azərbaycanda ov etmək istəyən xarici vətəndaşlar mütləq şəkildə müvafiq şirkətlərə müraciət etməlidirlər.
Qurum rəsmisinin sözlərinə görə, həmin şirkətlər də əməkdaşlıq etmək üçün müvafiq qaydada nazirliyə müraciət etməlidir: "Hansı şirkətin uğurlu təcrübəsi varsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq. Ov təşkil etmək istəyən şirkətlərlə iltizam imzalanır. Məqsədimiz Azərbaycanda sivil qaydada ov aparılmasıdır. Ov elə aparılmalıdır ki, ətraf mühitə ciddi ziyan dəyməsin".
H.Əlizadə deyib ki, ov mövsümü başlayandan bu günə kimi - 3 ay ərzində 10 şirkət xarici ovçuların ovunu təşkil etmək üçün nazirliyə müraciət edib. Yeddi şirkət dağ kəlinin, üç şirkət isə quş ovunu təşkil etmək üçün müraciət edib və şirkətlərin hər birinin müraciətinə müsbət cavab verilib.
İqtisadçı-ekspert Natiq Cəfərli ovçuluğun lisenziyalaşdırılmış fəaliyyət növü olduğunu deyib. Onun sözlərinə görə, ovçuluğun elə sahələri var ki, bu ancaq xüsusi qaydada və xüsusi zaman kəsiyində mümkündür. Bu səbəbdən də bu sahəyə nəzarət ehtiyacı yaranır.
Ekspert hesab edir ki, ov təşkil etmək istəyən şirkətlər nazirliyə müraciət etsələr, artıq onlar qarşısında öhdəlikləri yaranacaq. Təcrübənin dünya praktikasında mövcud olduğunu vurğulayan N.Cəfərli deyib ki, bu sahəni böyük biznes layihəyə çevirməyə ehtiyac var. Çünki Azərbaycana ov etmək üçün gələn turistlərin sayı kifayət qədərdir:
"Hazırda isə bu proses qeyri-leqal şəkildə həyata keçirilir deyə, Azərbaycan hökuməti həmin turistlərin ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib. Biz dəfələrlə bu cür deportasiyaların şahidi olmuşuq.
Ovçuluq sahəsində sivil qaydaların tətbiqinə nail olmaq üçün şirkətlərlə nazirlik arasında protokol imzalanmalı və müvafiq qaydalar müəyyənləşdirilməlidir.
Ov sahəsi mövsümi xarakter daşıdığı üçün xaricdən gələn turistlər də bu qaydalara uyğun hərəkət etməlidir. Müəyyən olunan zaman kəsimindən kənar ov etmək Azərbaycanda heyvanların sayının azalmasına səbəb ola bilər".
İqtisadçı deyib ki, şirkətlərlə nazirlik arasındakı əməkdaşlığın şəffaf olması üçün lisenziyaların qiyməti sabit və konkret olmalıdır ki, şirkətlər xaricilərlə danışıqlar zamanı uzunmüddətli plan qura bilsinlər. Həm şirkətlərə, həm də ekologiyaya zərər vurmamaq üçün dünya təcrübəsini araşdırıb düzgün qaydaları qəbul etmək lazımdır.
Şəymən