"Bu vəsait insan kapitalına istiqamətlənmiş addımdır"- İZAH




"Gənclərin xaricdə təhsili üçün böyük miqdarda vəsait ayrılması insan kapitalına istiqamətlənmiş addımdır”.

Bunu Sherg.az-a bu il Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) xaricdə təhsil proqramına 29,3 milyon manat ayrılmasına münasibət bildirərkən, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı deyib.O bildirib ki, bu sahədə xərcləmələrdə boşluqların yaranacağını düşünmür: 

"İnsan kapitalına üstünlük verilməsi Azərbaycan üçün vacib və mühüm addımdır. Hazırda bakalavr sahəsində təhsilini xaricdə davam etdirən tələbələr üçün dövlət vəsaiti ayrılmasa da, magistrlar və digər təhsil pillələrinin tələbələri üçün bu əlverişli imkandır”.

R. Hacılı əlavə edib ki, xaricdə təhsil məsələsində ictimai-siyasi görüşlərinə görə, gənclərə bəzən məhdudiyyətlər yaradılmasının şahidi oluruq.

ARDNF-nin uğurlu addımının tamamlanması üçün bu kimi neqativ halların aradan qaldırılması düzgün olar.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 29,3 milyon manat ayrılıb.

Aysel Aslan