Bulvarın özündə elə əyləncə məkanları yaratmaq olar ki...

“Əyləncə mərkəzi təkcə yeyib-içmək, çalıb-oynamaq anlamına gəlməməlidir”
Bu, vətəndaşlarımızın da, xarici qonaqların da marağına səbəb olsun





Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında paytaxtdakı əyləncə mərkəzlərinin durumu müzakirə edilib. Komitənin üzvü, millət vəkili Elmira Axundova bildirib ki, hazırkı zoopark və sirk Bakının müasir görünüşünə, şəhərin inkişafına heç cür uyğun gəlmir.

Xanım millət vəkili zooparkın çox pis vəziyyətdə olduğunu, saxlanan heyvanların baxımsız qaldığını deyib. Millət vəkili zoopark və sirklə bağlı təcili tədbir görülməsinə ehtiyac olduğunu vurğulayıb. Həmçinin, qeyd edib ki, açıq havadakı əyləncə mərkəzləri də müasir səviyyəyə uyğunlaşmalı, belə məkanlar təkcə uşaqların deyil, gənclərin də əyləncə və istirahətləri üçün münasib formada olmalıdır. E.Axundova kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlaya biləcəyini də deyib.

Məsələ ilə bağlı "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov paytaxtdakı əyləncə mərkəzlərinin əksəriyyətinin ad günləri, toy, nişan mərasimləri üçün nəzərdə tutulduğunu bildirdi:

- Şəhərdə elə əyləncə mərkəzi var ki, orada bir gündə, eyni saatda 30 ad günü, 5 kiçik toy mərasimi keçirilir. Təsəvvür edin ki, bütün bu mərasimlər eyni məkanda və eyni saatda baş tutur. Orada hansı mühit hökm sürür, özünüz düşünün. Əyləncə mərkəzi təkcə yeyib-içmək, çalıb-oynamaq anlamına gəlməməlidir. Biz 21-ci əsrdə yaşayırıq. 21-ci əsrin düşüncəli, geniş dünyagörüşlü insanı əyləncədən də bilik, məlumat əldə etmək, maariflənmək məqsədilə istifadə etməlidir. Bir sıra ölkələrdə məhz belədir. Elmira xanım zooparkın acınacaqlı durumundan danışıb. 

Mən onunla tam razıyam. Mən dəfələrlə zooparkda olmuşam. Çox sevdiyim bir yerdir. Amma oradakı heyvanlar həqiqətən də ağır şərtlər altında saxlanılır. Zooparkın müdiri ilə də görüşmüşəm, təcrübəli bir insandır. Hiss olunur ki, heyvanlara qayğı ilə yanaşır. Amma vəsaitin azlığı, investisiyanın olmaması zooparkda yeniliklər etməyə imkan vermir. Berlin zooparkında son məlumatlara görə, 4 min heyvan növü saxlanılır. Demirəm, biz də bu səviyyəyə çataq. 

Bu, real səslənməz. Amma Bakı zooparkını genişləndirmək, heyvan növlərinin sayını artırmaq mümkündür. Hazırda Bakı zooparkında heç Azərbaycan ərazisindəki heyvanların çoxu yoxdur, o ki ola hansısa ekzotik heyvan. Bir çox ölkələrə səfər etmişəm və hər dəfə də o şəhərlərin zooparklarını gəzmişəm. O zooparklarda yaradılmış şərait məni heyran edib. Portuqaliyada okean sularının əhatəsində açıq akvarium yaradılıb. Ziyarətçi orada su dünyasının heyvanlar aləmi haqqında nə qədər məlumat, bilgi əldə edir. Xüsusi əməkdaşlar var və turistlərə akvariumdakı heyvanlar barədə məlumat verirlər. Biz də belə əyləncə mərkəzləri, zooparklar, akvariumlar yarada bilərik. Bakı bulvarının dünyanın heç bir ölkəsində analoqu yoxdur. Xaricilər də bunu təsdiq edirlər. Bulvarın özündə elə əyləncə məkanları tərtib etmək olar ki, əhalimizin də, xarici qonaqların da marağına səbəb olsun. 

Romada gecədən səhərədək fəaliyyət göstərən böyük əyləncə parkı var. Girişdə 10 avro ödəyirsən və artıq sərbəstsən. Mən orada olmuşam və hansı əyləncələrin keçirildiyinin şahidi olmuşam. Turistləri belə məkanlar cəlb edir. Təkcə turistlərdən də söhbət getmir. Əyləncə məkanları hamı üçün əlçatan olmalıdır. Bakı sirkinin binası sovet vaxtı tikilib. Təbii ki, köhnəlib, dövrünü başa vurub. Sirk binasının da yenidənqurmaya ehtiyacı var. 

Müasir şəhər deyiriksə, əyləncə mərkəzləri də müasir tələblərə cavab verməlidir. Dünyanın bir çox ölkəsində qeyri-adi əyləncə mərkəzləri fəaliyyət göstərir. Yaxşı təcrübələrdən biz də yararlana bilərik. Bu dəqiqə müasir texnologiyalarla hər nə istəsən tikmək, inşa etmək mümkündür. Bizdə də bu müasir texnologiyalardan istifadə edilməlidir.

Məlahət Rzayeva