Buraxılış və kollec imtahanlarına dəyişiklik edilib

Nabatəli Qulamoğlu: “Bir halda ki, hər iki imtahanı TQDK aparır, deməli, burada elə bir ciddi fərq yoxdur”
Məhərrəm Zülfüqarlı: “Burada ballar olmayacaqsa, uşaqlar fakültələri və texnikumları necə seçəcək?!”



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu siniflərin buraxılış və kollec imtahanlarına dəyişikliklər edib. Komitənin mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin məlumatına görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. 9 illik təhsil bazasından kolleclərə qəbul olunmaq istəyən cari ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. 9-cu sinfi əvvəlki illərdə bitirib şəhadətnamə ilə kolleclərə qəbul olunmaq istəyən abituriyentlər üçün isə ayrıca qəbul imtahanı keçiriləcək. Buraxılış imtahanları 2 fəndən aparılacaq - Ana dili və riyaziyyat. E.Nağızadə qeyd edib ki, 9-cu sinifdən kolleclərə qəbul olunmaq istəyən şagirdlər üçün bu il başqa bir yenilik yoxdur. Sözügedən dəyişiklikləri dəyərləndirən ekspertlər də bu sistemin uğurlu olacağını deyiblər.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, kolleclərə qəbul prosesinin dəyişdirilməsi sosial narazılığın qarşısının alınmasına yönəlib: "Məncə, burada təhsilə və onun inkişafına xidmət edəcək elə bir nüans yoxdur. Orta məktəblərdə buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır. Ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul prosesini həmin qurum keçirir. Onu da qeyd edim ki, TQDK-nın keçirdiyi imtahanlar son dərəcə etibarlı hesab olunur. Bir halda ki, hər iki imtahanı TQDK aparır, deməli, burada elə bir ciddi fərq yoxdur. Sadəcə, şagirdlərin işi asanlaşıb”.

Buraxılış imtahanlarının aparılma qaydalarında müəyyən çatışmazlıqlar olduğunu vurğulayan ekspertin sözlərinə görə, kolleclərə qəbul birbaşa həmin imtahan nəticələri ilə keçiriləcəyi üçün həmin çatışmazlıqların aradan qaldırılması şərtdir.

Bu sistemin xarici ölkələrdə çoxdan tətbiq olunduğunu vurğulayan təhsil eksperti Məhərrəm Zülfüqarlı bildirib ki, sistem icra prosesində də özünü təsdiqləyib: "Bu gün Avropanın təhsili hər kəsə məlumdur. Ancaq Azərbaycanda bu prosesin həm icra məsələsi, həm də həyata keçirilməsi problem olaraq qalır. Çünki neçə illərdi ki, bu məsələ müzakirə olunur. Nəhayət ki, tətbiq etməyi qərarlaşdırdılar. TQDK bunu necə həyata keçirəcəyini izah etməlidir. Əvvəl uşaqlar bal toplayırdılar və buna uyğun olaraq da texnikumlara keçirdilər. Amma indi fərqli olacaq. Bu fərqlilik necə həyata keçiriləcək? Burada ballar olmayacaqsa, uşaqlar fakültələri və texnikumları necə seçəcək?! Bu yeniliyin mexanizmi açıqlanmalıdır. Azərbaycanda bu nə dərəcədə özünü doğruldacaq, hələ də məlum deyil”. Ekspert, həmçinin bunları da əlavə edib ki, müsabiqədə iştirak edən tələbələrin taleyi universitetlərin əlinə buraxılmamalıdır. Çünki Azərbaycanda bu sistem heç vaxt həyata keçirilməyib. Nəticəsinin isə necə olacağı bilinmir”.

Şəymən