Bəzi vəzifəli şəxslərin övladları özlərini ləyaqətli aparmır
Bütöv ailə cəzalandırılmalıdır
Hardandır o bahalı maşınlara verilən o qədər pullar?
Bəzi vəzifəli şəxslərin övladları özlərini ləyaqətli aparmır
Bəzi vəzifəli şəxslərin övladları özlərini ləyaqətli aparmır
Paytaxtın Heydər Əliyev prospektində "Mercedes Gelandewagen"in iştirakı ilə baş vermiş dəhşətli avtomobil qəzasında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin adı hallansa da, xəbər rəsmi təsdiqini tapmadı.
Həmin qəzada ölən və yaralananların adları artıq açıqlanıb.
Məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Polisdən həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Prezidentin sərt mövqeyi və cəzalanan vəzifə sahibləri
Oxşar hadisələr, təəssüf ki, son zamanlar tez-tez təkrarlanır. Ən bahalı avtomobillərlə törədilən yol-nəqliyyat qəzalarının hansısa yüksək vəzifəli şəxsin, məmurun övladı, yaxın qohumunun iştirakı ilə baş verdiyi aydınlaşır. Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi müşavirələrdə bu məsələyə hər zaman toxunur və qanunları pozan, özbaşınalıq edən, harınlamış, qudurğan məmurların və onların övladlarının sərt cəzalanacağını bildirir. Cəzaların da şahidi oluruq.
Söylənilən hallarla bağlı vəzifəli şəxslərin işdən kənarlaşdırıldığı və qanun qarşısında məsuliyyətə cəlb edildiklərini artıq dəfələrlə müşahidə etmişik. Sonuncu belə hadisə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, Həqiqi Hərbi Xidmətə Çağırış Baş idarəsinin rəisi, general Novruzəli Orucovu vəzifəsindən azad etməsi idi. Generalın oğlu Rüstəm Orucov avtobus sürücüsünü döymüşdü. Buna görə də məhkəmə qarşısına çıxarıldı və haqq etdiyi cəzanı aldı. Prezident isə bu sərt və doğru qərarı ilə hamının qanun qarşısında bərabər olduğunu təsdiqlədi və eyni zamanda harınlamış məmur balalarının özbaşınalığının nə onlara, nə də dədələrinə bağışlanmayacağını göstərdi.
Necə ki, bundan öncə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirov, İsmayıllının icra başçısı Nizami Ələkbərov, ardınca da əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, daha sonra Cəbrayıl, Quba rayon icra hakimiyyəti başçıları vəzifələrindən azad edilmişdi, millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğlu törətdiyi əmələ görə ömürlük həbs cəzası almışdı, Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov avtoxuliqanlıq edən oğluna görə vəzifədən kənarlaşdırılmış, Tərtər rayon icra başçısının birinci müavini Vidadi Bəylərovun oğlu bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasına görə cəzasını almış, V.Bəylərovun özü də tutduğu vəzifədən kənarlaşdırılmışdı...
Amma təəssüf ki, harınlıq və qudurğanlıq bəzi vəzifə sahiblərinin, məmurların və onların övladlarının canına elə hopub ki, asanlıqla çıxmır. Bəzi insanlar hələ də özlərinə çəki-düzən verib, Azərbaycanda artıq qanunun aliliyinin hər şeydən öndə olduğunu dərk etmək istəmirlər. İllərlə əyləşdiyi nazir, nazir müavini, rəis, sədr postlarından tərpədilməyəcəklərini zənn edirlər. Və yanılırlar. Bir nəfəri öldürüb, iki nəfəri yaralayan, özü də alışıb yanan "Mercedes Gelandewagen"in əslində kimə məxsus olduğu da gec-tez üzə çıxacaq. Və o şəxs də layiqli cəzasını alacaq. Hər halda "Mercedes Gelandewagen"lər, "Jaguar"lar, "Porçhe", "Range Rover"lər sadə, kasıb camaatın deyil. Onları əldə etmək üçün külli miqdarda pul lazımdır. Hansı ki, bəzi vəzifəli şəxslərin seyfində və ya bank hesabındadır.
"Prezident düz edib cəzalandırır"
Məsələyə münasibət bildirən Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq"ə açıqlamasında bəzi məmurların Prezident İlham Əliyevin müşavirələrdəki çıxışlarından ibrət almalarını tövsiyə etdi:
- Bax, sonuncu müşavirəsində də cənab Prezident yenə bu məsələyə toxundu və dedi ki, heç kəs cəzadan kənarda qalmayacaq. Bildirdi ki, bəzi vəzifəli şəxslərin övladları özlərini ləyaqətli aparmır. Davranışlarını nəzarət edə bilmirlər. Və dedi ki, belə adamlar, kimliyindən asılı olmayaraq cəzalanacaq. Mən də belə hesab edirəm ki, bu, çox düzgün qərardır. Amma hansı məmurun övladı ki, qudurğanlıq edir, qanunları saymır, özünü qanundan kənar hesab edib, kefi istəyən əxlaqsız, ləyaqətsiz hərəkətə yol verir, o məmurların nəinki özləri, ailələri cəzalanmalıdır. Qoy cəza almağın necə olduğunu görsünlər. Mən sosial şəbəkələri izləyirəm, məlumatları oxuyuram. Nələr yazırlar, necə fotolar paylaşırlar məmurların var-dövlətləri haqqında. İstanbulda alınan villalar, evlər, bahalı avtomobillər, yaxtalar, şəxsi təyyarələr... Adi insan belə imkanlara sahib ola bilməz. Bu, mümkünüzdü. Deməli, bunu edən imkanlı, varlı, həm də vəzifə sahibləri və onların övladlarıdır. Gördünüz, Lift İdarəsi rəisinin hansı sərvətə malik olduğu üzə çıxdı. Bir foto ilə. Bir toy əhvalatı ilə. Hesab edirəm ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu cür məlumatları araşdırmalıdır.
Qoy paylaşılan fotolar, yazılan məlumatlar ciddi araşdırılsın. Razıyam, məlumatlar yanlışdırsa, şayiədirsə, onu yazan da cəzalandırılsın. Amma doğrudursa, bu əmlakların necə, hansı yollarla əldə edildiyi araşdırılsın və cinayət əməli üzə çıxdıqda o şəxslər qanun qarşısında cavab versinlər. Bilirsiz, belə imkanlar, belə nəhəng vəsaitlər əmək haqqı ilə, mükafatla əldə edilən deyil. Burada mütləq hansısa çirkli əməl, korrupsiyaya, rüşvətə bağlılıq var. Soruşmaq lazımdır ki, sən bu pulları hardan, necə əldə etmisən. Bizneslə məşğul olanlar ayrıdır.
Məsələn, Mübariz Mənsimovu hamı tanıyır, biznes sahələri də məlumdur. Amma hamı Mübariz Mənsimov deyil. 21-22 yaşlı gənc bugünədək hansı bizneslə məşğul oldu ki, bahalı avtomobilə, yaxtaya sahibləndi, xarici ölkədə villa aldı?! Bunu ya korrupsiya əməli ilə əldə edib, ya da vəzifəli atası, babası alıb. Bu da araşdırılmalıdır ki, bəlkə o vəzifəli ata-baba dövlət əmlakını mənimsəyib?! Hesab edirəm ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi yazılan xəbərlərə ciddi yanaşmalı, reaksiya verməli və araşdırma aparmalıdır. Nəticə barədə də ictimaiyyətə məlumat verilməlidir.
Məlahət Rzayeva