"Cənab prezident şəhid ailələri ilə görüşündə bir daha göstərdi ki, heç kim Azərbaycan dövlətinin şəhidlərlə bağlı həssaslığına müdaxilə edə bilməz”.
Bu sözləri "Sherg.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, şəhid ailələri prezidentin və birinci xanım Mehriban Əliyevanın hər zaman xüsusi diqqətindədir:
"Cənab prezident və xanımı şəhid ailələrinin istənilən problemi ilə yaxından maraqlanır, həll edilməsi vacib məsələlər ilə məşğul olurlar. Yanvarın 28-də keçirilən görüş də bu qəbildəndir. Məlumdur ki, şəhid ailələrinə dövlətin birdəfəlik konpensasiyası ödənilməyə başlayanda ortaya müəyyən məqamlar çıxdı. Bəzi ailələrin pulu almasında çətinliklər yaranmışdı.

Təbii ki, çətinliklər həmin ailələri narahat edirdi. Bu zaman şəhid ailələrinin problemlə üzləşməsindən sui-istifadə edən siyasi çevrələr hərəkətə keçmişdilər.
Onlar bir növ Azərbaycan hakimiyyətini və prezidenti ittiham edirdilər ki, guya ölkə başçısı şəhidlərə verilən vəsaitlə bağlı ayrı-seçkilik edir, yaxud da hansısa qara əməllər törədir. Təbii ki, dövlət başçımız belə bir şey etmirdi və etməsi də mümkün deyildi. Ona görə də prezident özü bu məsələni nəzarətə götürdü və ortada olan anlaşılmazlıqların aradan qaldırılması üçün yollar axtardı. Keçirilən görüşdə artıq problemlərin hamısı arxada qalmışdı. Yəni, müəyyən yollar və üsullar tapıldı, bütün şəhid ailələri bərabər şəkildə dövlətin qayğısını hiss etdi”.
A.Həsrətin sözlərinə görə, cənab prezident şəhid ailələrini şəxsən qəbul etməklə ölkəmizdə xaos yaratmaq istəyən qüvvələrə göstərdi ki, Azərbaycan dövlətinin rəhbəri və vitse-prezidenti birlikdə şəhid ailələrinə xüsusi diqqətlə yanaşırlar və heç kim onların arasına girə bilməz:
"Bu günə qədər hay-küy salan şəxslər artıq susublar və deməyə söz tapmırlar.
Halbuki həmin adamlar həqiqətən də şəhid ailələrinin qayğısını çəkənlər idisə, cənab prezidentin problemi kökündən həll etməsindən sonra bu məsələyə mövqe bildirməli və öz təqdirlərini dilə gətirməli idilər. Amma bunu etmədilər. Biz bir daha əmin oluruq ki, həmin qüvvələrin məqsədi heç də şəhid ailələrinin probleminin həllinə nail olmaq deyildi. Onlar sadəcə olaraq ölkədə qarışıqlıq yaratmaq, monipulyasiya edərək insanların ehtirasları ilə oyanmaq və Azərbaycanı arzuolunmaz bir istiqamətə sürükləmək idi.
Qeyd edək ki, Yanvraın 28-də dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Yeganə Byramova