Bütün yazıçılar və ziyalılar dəstək göstərməlidir

Azərbaycan ədəbiyyatı və əsərlərimizin fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsi müsbət haldır



Azərbaycan Beynəlxalq Bankı fiziki məhdudiyyətli soydaşlarımızla birlikdə yeni layihəyə start verib. "Kitabı Dinlə” adlanan layihənin əsas məqsədi Azərbaycan dilinin qorunmasına və inkişafına töhfə verməkdir. Oxucular www.kitabidinle.az portalından kitabları yükləməklə evdə, işdə, yolda, istirahət zamanlarında ana dilimizdə kitabları dinləməyin zövqünü yaşayacaqlar.

Layihənin əsas və vacib məqamı isə kitabların fiziki məhdudiyyətli soydaşlarımız tərəfindən səsləndirilməsidir. Məqsəd qloballaşma şəraitində Ana dilimizin inkişafına töhfə vermək, Azərbaycan dilində elektron resursların çoxalmasına kömək göstərmək, eyni zamanda fiziki məhdudiyyətli soydaşlarımızın cəmiyyətə aktiv inteqrasiyasına dəstək olmaqdır.

Azərbaycan oxucuları üçün bu bir yenilikdir. Müasir insan vaxt qıtlığı problemi ilə üz-üzədir. Bəzən kitab oxumağa arzu etdiyimiz qədər zamanımız qalmır. Amma çıxış yolu həmişə var. Ümid edirik ki, səsli kitablar elə bir vasitə olacaq ki, biz onları ictimai nəqliyyatda yol gedərkən, təbiət qoynunda gəzinti vaxtı, hər hansı işlə məşğul olarkən və s. zamanlarda dinləyə biləcəyik.

Yeni layihəni dəyərləndirən yazıçı-publisist Nəriman Əbdülrəhmanlı "Şərq”ə bildirib ki, kitabın təbliği və mütaliə ilə bağlı bütün layihələr təqdirəlayiq hesab olunmalıdır:

"Bu mövzuda əlimdən gələn bütün köməklikləri göstərməyə hazıram. Azərbaycan ədəbiyyatı və əsərlərimizin fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsi müsbət haldır. Bu layihə ilə bağlı nəinki qəzet və jurnallar, həmçinin yazıçılar və bütün ziyalılar öz dəstəklərini göstərməlidir. Ümumiyyətlə, mütaliə və kitabın təbliği ilə bağlı bütün tədbirlər, layihələr alqışlanmalıdır”.

Yeganə Bayramova