Çayxanalarda gənclərin tərbiyələri pozulur
Bu məkana cəm olanlar ya “vor zakon”ların həyatından, ya görüşdükləri qadınlardan, ya da kimləsə yumruqlaşmalarından bəhs edirlər
Çay evlərində baş verən qətl hadisələri çayxanaların cəmiyyətimizə gətirdiyi bəlaları yenidən aktuallaşdırıb. Doğrudur, çayxanalar indi deyil, hələ qədimdə mövcud olub. Adətən keçmişdə belə yerlərə yalnız ağsaqqallar, pensiyaçılar və ya əmək qabiliyyətini itirənlər yığışıb, günlərini keçiriblər. Amma son illər bu iaşə obyektləri daha çox gənclərin axın olduğu bir məkana çevrilib. Hətta paytaxtda, eyni zamanda regionlarda qocalar toplaşmağa çayxana tapa bilmirlər.
Çay evlərini gənclər zəbt edib. Səbəbi isə çox sadədir. Hazırda əksər çayxanalar yalnız çay evi deyil, əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərirlər. Mətbu orqanlarda mütəmadi olaraq yayılan
"daha bir çayxanada priton aşkarlanıb” başlıqlı xəbərlər fikirlərimizin əyani sübutudur. Əlbəttə, belə "obyektlər” yaşlı nəslin nümayəndələrinin üzünə bağlı olacaq və gənclərin cəlb olunmasında maraqlı olacaq. "Daha dəhşətlisi isə odur ki, həmin "guşələrdə” yetkin yaşına çatanlarla yanaşı, məktəblilərə də çox rast gəlinir. Demək olar ki, bütün çayxanalarda bu içacıdan hal müşahidə olunur. Məktəblilər kitab, elm, təhsil, gələcək karyera deyil, çayxana söhbətlərinin arxasınca qaçır. Heç kimə sirr deyil ki, orda maarifləndirici və tərbiyəvi müzakirələrdən söhbət belə gedə bilməz. Sözügedən məkana cəm olanlar ya "vor zakon”ların həyatından, ya görüşdükləri qadınlardan, ya da kimləsə yumruqlaşmalarından bəhs edirlər. Məktəbli həmin danışıqlardan hansı müsbət keyfiyyətləri mənimsəyə bilər? Əksinə, onlar gələcək addımlarını çayxana söhbətlərinin üzərində qururlar ki, bu da cəmiyyətmizin korlanmasına gətirib çıxarır. Çayxanaları təhlükə mənbəyinə döndərən başqa bir fakt odur ki, bəzən çay evləri gənclər arasında dava-dalaşa səbəb olur ki, bu da ən yaxşı halda bıçaqlanma, ən pis halda isə ölümlə nəticələnir. Məsələn, bu günlərdə Bakının Xətai rayonunda çay evlərinin birində qətl hadisəsi qeydə alınıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, polisin keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxslər saxlanılıb. Əməliyyat Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 34-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 6-da saat 01:45 radələrində, M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahlar Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin kimliyi bilinib. Əməliyyat zamanı Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Emin Musayev, 1992-ci il təvəllüdlü Loğman Rəhimov və 1993-cü il təvəllüdlü Abdulla İsmayılov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Maraqlıdır, görəsən, gəncləri göstərilən məkana cəlb edən nədir? Onlar asudə vaxtlarını niyə məhz çay evində keçirmək istəyir və bu hal cəmiyyətimizdə hansı neqativ hadisələrə yol aça bilər?
Suallarımızı dəyərləndirən kriminalist-ekspert İlqar Altay bildirdi ki, gənclərin və ya məktəblilərin çayxanaya axını ölkədə əyləncə xüsusiyyətlərinin çoxalmasından irəli gəlir. Ekspertin sözlərinə görə, çayxanaların və qəlyanxanaların fəaliyyətinə nəzarəti gücləndirmək lazımdır: "Bu işlə hüquq-mühafizə orqanları və müvafiq təşkilatlar məşğul olmalıdır”.
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağayeva qeyd edib ki, məktəblilərin ora üz tutması çay evlərinin deyil, valideynlərin günahıdır: "Valideyn uşağına nəzarət etməlidir. Çayxana bizneslə məşğul olan bir iaşə obyektidir. Azyaşlıların ora yığışmasına dair çay evlərində monitorinqlər aparılmalıdır və buna müvafiq də ölçü götürülməlidir. Bir daha söyləyirəm ki, hər şey ailədən asılıdır. Uşaq diqqətdən kənarda qaldıqda çay evinə də gedəcək, qumar evinə də. Baxın, bir müddət öncə uşaqlar internet klublara axışırdılar. Bununla əlaqədar bir sıra monitorinqlər aparıldı, reydlər keçirildi. Nəticədə ora gedən uşaqların sayı azaldı. İndi də çayxanalara axın olur. Bu da artıq təhlükə mənbəyidir. Orda uşaqlar özlərindən yaşca böyüklərlə tanış olurlar və onlardan xoşagəlməz vərdişlər öyrənirlər”.
Təşkilat rəhbəri düşünür ki, müvafiq orqanlar - Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi bu yöndə reydlər keçirməlidir: "Problemin önlənməsi istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Fikir verin, məktəbli çay evində gəzirsə, deməli o, məktəbə getmir. Məktəbdə uşağın adı gedir, özü yox. Ailələrlə iş aparılmalıdır. Ərazi üzrə inspektorlar, İcra Hakimiyyətinin yetkin yaşına çatmayanlarla iş və uşaq hüquqlarının müdafiəsi komissiyaları da bu işlərə nəzarət etməlidirlər. Bir sözlə, kompleks şəkildə iş aparılmalıdır. Araşdırılmalıdır. Uşaqların asudə vaxtlarının təşkili üçün pulsuz xidmətlər təşkil olunmalıdır. Bu xidmətlər olmadığından onlar arzuolunmaz məkanlara gedib, orda vaxtlarını öldürürlər”.
Psixoloq Ramil Cəfərli də əlavə edib ki, hazırda məktəblilərin boş vaxtlarının yaxşı təşkil olunmasına dair motivasiya çatışmazlığı mövcuddur. Onun qənaətinə görə, məsələyə dair marketinq işlənməlidir: "Yaxşı bir iş aparılmalıdır ki, asudə vaxt ürəyəyatımlı formada təşkil olunsun. Amma bir məsələni qeyd edim ki, son zamanlar məktəblilərdə idmana və hərbi xidmətə meyillilik müşahidə edirəm. Deyərdim ki, gənclər arasında əsgərliyə və idmana getmək rəqabəti başlayıb. Çox yaxşı bir tendensiyadır. Eyni zamanda zənn edirəm ki, məktəblilərin asudə vaxtını yaxşı təşkil etmək məqsədilə ağıllı işlər düşünmək olar. Elə işlər qurulmalıdır ki, orda uşaqlar məktəbli olduqlarını xatırlasınlar”.
Bununla yanaşı, müsahibimiz diqqətə çatdırıb ki, bizdə məktəblilər tez böyümək sevdasına düşürlər: "Çoxları başlayıb, siqaret və qəlyan çəkirlər. Yəni böyüməyi siqaret və qəlyan çəkməkdə görürlər. Bu da onları uçuruma və gələcəklərinin məhv olmasına aparır”.
Ailələrin görəcəkləri işlərdən söz açan psixoloq bəyan edib ki, bəzi ailələrdə valideynlə övlad arasında ünsiyyət uçurumu mövcuddur: "Valideyn övladının yalnız maddi təminatını düşünməli deyil. Onlar övladları ilə dost olmalı, ünsiyyət saxlamalı, gündəlik fəaliyyətləri ilə maraqlanmalıdırlar. Əks halda uşaqlar "heç kim məni başa düşmür” deyib, başqa yerlərdə pənah axtarırlar. Evlərində tapmadıqları dostluğu, ünsiyyəti başqa yerdə axtarmağa başlayırlar. Bu yol da onları çayxanalara gətirib çıxarır”.
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov da hesab edir ki, məktəblilərin asudə vaxtını yaxşı keçirmələri üçün düşərgələr olmadığından onlar çay evlərinə axışırlar: "Gənclərin toplaşacağı bir məkan yoxdur. Neyləsinlər? Bildiyini bölüşmək və ya fikir mübadiləsi aparmaq istəyir. Düzdü, kitab mərkəzləri var. Boş vaxtlarında kitab da oxumalıdırlar. Amma uşaq bütün günü kitab da oxumalı deyil. Əyləncəyə də vaxt ayrımalıdır. Bildiyini bölüşməlidir. Yeni informasiya almalıdır. İnsanlarla ünsiyyətdə olmalıdır. Uşaq bütün günü evdə oturarsa, onun şəxsiyyət kimi formalaşması da çətin olar. Evdə oturub, özünə qapanır və eqoist böyüyür. İctimaiyyətə açıq olmur. İctimaiyyətə açıq olmayan bir insan cəmiyyətə və ölkəyə heç bir fayda verə bilməz. O, ziyalı kimi də böyüyə bilməz. Kitab oxumaq hələ alim və yaxud professor olmaq deyil. İnsan başqaları ilə təmasların qurulmasını da bilməlidir. Rəftarı, davranışı öyrənməlidir. Fikirləşirəm ki, uşaqların boş vaxtlarını səmərəli keçirmələri üçün maraqlı düşərgələr olmalıdır. Onlar olmayacaqsa, uşaq çayxanaya qaçacaq. Əlbəttə, çayxana ürəkaçan yer deyil. Uşaqlar müsbət heç nə öyrənə bilməz. Ora təhlükə mənbəyidir. Zənnimcə, məktəblilərin asudə vaxtlarının yaxşı keçirilməsinə dair işlər görülməlidir ki, çay evlərinə axın dayansın”.
Ayyət Əhməd