Cəbhə xəttində vəziyyət gərgindir

Zahid Oruc: “Əzələ nümayişi və lokal itkilər 2015-ci ilin siyasəti olmalı deyil”
Elxan Şahinoğlu: “Sarkisyan qəsdən cəbhə bölgəsində gərginlik atmosferi yaradır ki, diqqəti iqtisadiyyatdan Qarabağa yönəltsin”



Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət son günlər daha da gərginləşməkdədir. Təmas xəttində hökm sürən gərginlik barədə hər gün yayılan xəbərlər bu qəbildən olan informasiyaları bir qədər adiləşdirsə də, proseslərin inkişaf istiqaməti əslində, hər an genişmiqyaslı müharibənin başlana biləcəyindən xəbər verir. Cəbhə zonasında atəşkəsin intensiv pozulması erməni qüvvələri tərəfindən həyata keçirilir və hər dəfəsində də düşmən itki verərək geri çəkilməli olur. Belə ki, atışmalar genişləndikcə, düşmən tərəfin itkiləri də çoxalır. Yəni düşmən öz qazdığı quyuya özü düşür.

Müdafiə Nazirliyinin məlumatına görə, dünən erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 106 dəfə pozub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Cəbhə xəttində atəşkəsin gün ərzində dəfələrlə pozulması və vəziyyətin gərginləşməsi istənilən halda cəmiyyətdə müharibə ab-havası yaradır. Təmas xəttində atışmalar güclənən kimi bu döyüşlərin genişmiqyaslı hərbi əməliyyatlara keçmə ehtimalı dəyərləndirilir.

Ermənilərin cəmiyyətimizdə psixoloji şok doğurmağa çalışdıqlarını deyən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə bildirib ki, sərhəddə dramatik vəziyyətin yaranmasının 2 səbəbi mövcuddur: "Birincisi, bu il Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Ölkəmizin niyyəti investisiyanın gəlməsi və turist axınlarına nail olmaqdır. İşğalçı rejim Azərbaycanın qazanclarını endirməyə çalışır. Cəbhədə həyata keçirilənlər də buna xidmət göstərir. Təcavüzkar qonşumuz ölkəmizi Qərb dairələrinə qeyri-sabit bir ölkə kimi təqdim etməyə çalışır. Çünki istənilən investoru qaçırtmağın ən yaxşı yolu budur. İkinci səbəb isə odur ki, hazırkı gedişatla İrəvan Moskvanı şantaj edir. Bu məqsədlə ki, Moskva onları əllərindən yerə qoymasın. Daim diqqət göstərsin. İstənilən halda problemlərinə yardımçı olsun. Bu siyasi gedişlərin Ermənistan Prezident Administrasiyasında hazırlanması şübhəsizdir. Göstərmək istəyirlər ki, bölgədə əmin-amanlıq yoxdur. Sülh şəraiti bərqərar olunmayıb. Bədnamlar onları çiyinlərində daşıyan Kremlin boynuna yük olmaq niyyətindədirlər. Açıq şəkildə silah almaq və iqtisadi yardımlar əldə etmək istəyirlər”.

Millət vəkilinin sözlərinə görə, Sarkisyan rejiminin daxili potensialı tükənib, şimal qonşumuz Rusiyanın da əvvəlki gücü yoxdur: "Eyni zamanda, Gümrüdə baş verənlərdən sonra da Ermənistanı Rusiya əleyhinə etiraz aksiyaları bürüyüb. Bütün bunların fonunda indiki mərhələdə Ermənistanın Azərbaycanla müharibəyə girmək riski alacağını düşünmürəm”.

Azərbaycanın separatçı rejimin heç bir təbliğatına uymadığını vurğulayan Z.Oruc bidirib ki, təmas xəttində baş verən lokal toqquşmalar təbiidir. Həm də ki, bunlar bütövlükdə düşmən ölkənin ziyanına işləyir.

Cəbhədə baş verən gərginliyə görə, indiki halda Qərbi və Rusiyanı suçlandırmağın doğru olmadığını deyən millət vəkilinin sözlərinə görə, bu gün şimal qonşumuzun maraqlarına müvafiq olan bölgədə sabitliyin olmasıdır. Onsuz da Ukrayna cəbhəsində aparılan savaş genişlənərək Qərb-Rusiya qarşıdurmasına çevrilib. Belə olan halda 3-4 cəbhədə müharibə aparmaq asan deyil.

Cəbhədəki gərginlik fonunda müdafiə nazirinin Ermənistana qarşı kəskin bəyanatlarını dəyərləndirən millət vəkili düşünür ki, MN hərbi dildə danışmalıdır: "Əlaqədar qurumun mövqeyi çox düzgündür. Vəziyyətə adekvatdır. Onlardan yumşaq mövqe gözləmək yanlış olardı. Hərbi gərginliyi artıran deyil, vəziyyəti stabilləşdirən mövqelərə getmək daha əlverişli olardı. Əzələ nümayişi və lokal itkilər 2015-ci ilin siyasəti olmalı deyil”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətincə, bölgədəki indiki gərgin şəraitdə belə hadisələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün idi: "Əvvəlki illərdə rəsmi Bakı ermənlərin hərbi təlimlərinə müdaxilə etmirdi. İndi isə rəsmi Bakı qərarını dəyişib: Dağlıq Qarabağdan kənara çıxacaq təyyarələr və hərbi helikopterlər vurulacaq. Bakının bu qərarı bölgədə Yerevan üçün yeni situasiya yaradır. İrəvanın helikopterinin vurulmasından sonra iki seçimi var idi. İrəvanın birinci seçimi o idi ki, helikopterin vurulmasına qarşı cavab aksiyası həyata keçirməlidir. Bu ya Azərbaycan helikopterinin vurulması, ya da avqust ayında olduğu kimi Azərbaycanın hərbi postlarından birinə hücum olacaqdı. İrəvanın ikinci seçimi isə o idi ki, helikopterin vurulmasından nəticə çıxararaq bir müddət hərbi təlimlərə son vermək, ya da hərbi təlimləri Dağlıq Qarabağ ətrafındakı rayonlara genişləndirməməkdir. İrəvan birinci seçimə üstünlük verəcəkdisə, bu, bölgədə müharibə ehtimalını artıracaqdı. Müharibə isə indiki şəraitdə birinci növbədə Ermənistanın maraqlarına cavab verməməlidir. Müharibə üçün Ermənistanın resursları yoxdur. Ona görə də Ermənistan rəsmilərinin helikpoterin vurulmasını cavabsız qoymayacaqlarına dair verdikləri bəyanatlara baxmayaraq, İrəvan hələ ki, riskli addımdan çəkinir”.

Bütün bunların fonunda cəbhədə gərginliyin artmasına toxunan politoloq deyib ki, Ermənistan hakimiyyəti erməni cəmiyyətini inandırmağa çalışır ki, Azərbaycan ordusu az qala hücum əməliyyatları həyata keçirməyə çalışır və ona görə də təmas xəttində atəşkəs intensiv pozulur. E.Şahinoğlu da hesab edir ki, Ermənistan prezidenti Serj Sarkisyan bununla cəmiyyətin diqqətini yayındırmaq istəyir. Çünki Rusiyanın ardınca Ermənistan iqtisadiyyatı da uçuruma doğru sürətlə irəliləyir, qiymətlər qalxır, dram dəyərdən düşür.

Sarkisyan başını itirib, iqtisadiyyatı necə düzəldəcəyini bilmir. Belə məqamda da qəsdən cəbhə bölgəsində gərginlik atmosferi yaradır ki, diqqəti iqtisadiyyatdan Qarabağa yönəltsin.

Azərbaycan ordusu diqqətli olmalı, yalnız provokasiyalara layiqli cavab verməlidir. Sarkisyanın "diqqəti yayındırmaq planı”na alət olmamalıyıq, əksinə, İrəvandan idarə olunan "Azərbaycan ordusu atəşkəsi pozur” dezinformasiya maşınının mahiyyətinin iç üzünü açmalıyıq”.

Hərbi ekspert Azad İsazadə isə birmənalı olaraq vurğulayıb ki, Ermənistan hakimiyyəti ölkə daxilindəki gərginliyi aradan götürmək və cəmiyyətin Sarkisyana qarşı səfərbər olmasını əngəlləmək üçün cəbhədə təxribatlar törətməkdə davam edir: "Azərbaycan ordusunun daim təxribatların qarşısını almaq üçün hazırlıqlıdır, üstəlik, Rusiyanın sanksiyalarla üzləşməsi şəraitində Ermənistanın sosial-iqtisadi durumu daha da ağırlaşıb ki, bu da sosial partlayış təhlükəsindən sığortalanmaq üçün İrəvanı alternativlər axtarmağa vadar edir. Bu alternativlərdən biri də cəbhədə gərgin tempin saxlanılması ola bilər”.

Şəymən