Cəhalət davam edir...

Valideynlər baş verən faciələrdən dərs almırQız uşaqlarının sevmək haqqının əlindən alınması sonda dəhşətli hadisələrlə sonuclanır
Sabirin bu misraları yazdığı günlərdən bir əsr yarımlıq vaxt keçib, amma biz yenə də olduğumuz yerdə sayırıq. Düzdür, avtomobillərimiz çoxdur, hətta Bakı dünyada ən çox bahalı avtomobillər olan şəhərlərdən birinə çevrilib.
Nə olsun, düşüncə etibarı ilə insanlarımız 19-cu əsr insanlarından bir o qədər də fərqlənmir. Bir çox məsələlərə yanaşmada mənəvi təkamülün inkişafı ləng gedib. Bəlkə də böyük Sabir heç təsəvvür belə etməzdi ki, onun istehzayla yazdığı bu sözlər əsrlər sonra da cəmiyyətimizin acı gerçəkliyi olacaq. Məgər, ilin-günün bu çağında valideynlərin öz qızlarını məcburi nikaha vadar etməsi cəhalətin göstəricisi deyil?!
Dəfələrlə şahidi olmuşuq ki, qız uşaqlarının sevmək haqqının əlindən alınması kiminin boşanması, kiminin toy günü evdən qaçması biabırçılığı, kiminin də özünü öldürməsi kimi dəhşətli faicə ilə sonlanır. Amma yenə də valideynlər baş verən hadisələrdən dərs çıxarmır.
Valideyn məcburiyyətinin növbəti qurbanı olan 17 yaşlı Nuranə özünü qayadan atıb. Hadisə Qusarda baş verib. Yeniyetmə qızın ailəsi onun sevdiyi gənclə ailə qurmasına imkan verməyib. İddiaya görə, ailə qızlarını başqa bir şəxslə evləndirmək istəyib. Məhz buna görə də Nurlanə evdən qaçaraq özünü qayadan atıb öldürüb.
Qeyd edək ki, valideynlərin övladlarının fikrini öyrənmədən onları evləndirməsi və bunun fonunda yaşanan oxşar faciələrlə tez-tez rastlaşırıq. Təbii ki, hər bir valideyn övladının xoşbəxt olmasını istəyir. Amma bu, o demək deyil ki, valideynin hər bir istəyi, addımı övladı xoşbəxtliyə aparır. Valideyn elə düşünür ki, toydan sonra hər şey düzələcək, lakin düzəlmir, əksinə, problem daha da dərinləşir. Bəzən onların düz bildiyi bir addım, ömürlərinin sonuna qədər vicdan əzabı çəkmələrinə səbəb olur.
Axı ortada bu qədər acı təcrübə varkən, hələ də qızını zorla ərə verən valideynlərin var olması necə mümkün olur?
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, yaşanan bütün ailə faciələrində, məişət zorakılıqlarında ilk diqqətçəkən məqam məcburilikdir. Qusarda baş verən bu hadisədə gənc qız özünü öldürdüyü üçün cəmiyyət problemdən xəbər tutub: 
"Amma məcburi evlənən və susub taleyinə boyun əyən o qədər qadın var ki. Bəzən qızlar tamamilə tanımadığı, özündən yaşca çox böyük birisinə ərə getməyə məcbur edildiyini söyləyir. Bu zaman isə qızın və ya qadının arzusu, yaxud hər hansı etirazı nəzərə alınmır. İlkin dövrlərdə belə, qızlar öz fantaziyalarında ərlərini reallıqda tanıdıqları oğlan obrazında görməyə çalışırlar. Bu halın özü şəxsin daxili ikiləşməsinə gətirib çıxarır. Mənə elə gəlir ki, bu məqamda qadın tərəfindən daxili bir xəyanət aktı həyata keçirilir. Lakin bu xəyanət hamının alışdığı fiziki xəyanət deyil. Digər bir məqam, ola bilər ki, gənc qızla evlənən kişi qadının bu psixoloji vəziyyətini qiymətləndirsin və özünü təqribən ona sevdirsin. Lakin təəssüf ki, Azərbaycan kişiləri arasında bu cür anlayışlı və psixoloji baxımdan təmkinli insanlar azdır. Məcburi evliliklər qadına qarşı zorakılığa, təcavüzə də gətirib çıxara bilər və sonda boşanma ilə nəticələnər. Bütün hallarda məcburi evlilik insan haqları baxımından yolverilməzdir”.
M.Zeynalova hesab edir ki, sevmədən, biri-birini tanımadan, din və mentalitet əsas gətirilərək zorla evləndirilən, məcburi qurulan izdivacın əsas iştirakçısı olan oğlan və qızlar nadir hallarda xoşbəxt ola bilirlər. Onun sözlərinə görə, ailəsinin təzyiqi ilə ər evinə köçən gənc qız, adətən, bütün işgəncələrə dözərək, sevmədiyi adamla eyni evi paylaşmağa məhkum edilir: 
"Belə ailələrdə təbii olaraq ərə qarşı hər hansı sevgi hissi olmur. Əgər ailədə övlad yoxdursa, bu soyuqluq özünü daha qabarıq şəkildə göstərir. Bu da zaman keçdikcə kişidə gənc qadına qarşı tamamilə mənfi münasibət formalaşdırır. Çoxsaylı fiziki və mənəvi zorakılığa məruz qalan qadın baş götürüb atası evinə qayıdır. Burada onu qapı ağzında qarşılayıb, dərhal ər evinə geri qaytarırlar. Valideynlərinin, doğma qardaş-bacısının ona arxa çevirdiyini görən qadın daha da tənhalaşır. 
Naçar qalıb, necə deyərlər, suyu süzülə-süzülə ər evinə qayıdır. Amma bu dəfə daha ağır məşəqqətlərə qatlanmalı olur. Qadının təkləndiyini, çarəsizliyini görən kişi bundan sui-istifadə edir. Əmin olur ki, əməllərinə görə heç kim onu sorğulamayacaq. Bu vəziyyət də pik nöqtəsinə çatanda, qadın ya intihara əl atır, yaxud da münaqişə zəminində anlaqsız vəziyyətə düşüb həyat yoldaşını qətlə yetirir. 
Beləliklə, ailə başçısı o biri dünyaya, qadın qatil kimi həbsxanaya, əgər ailədə uşaqlar varsa, onlar da internata yollanır. Yəni, belə halların baş verməməsi üçün valideynlər evlilik dövründə öz övladlarına sərbəstlik verməlidirlər. 
Düzdür, xeyir işlərdə ağsaqqal sözü, ağbirçək nəsihəti önəmlidir. Amma bu iş məcburi xarakter daşıyırsa, həmin ailəni nə ağsaqqal sözü, nə də ağbirçək nəsihəti xoşbəxt edə bilir. Ya da ki, bax belə olur! Qızlar sevmədiyi adamla yaşamaqdansa, canına qəsd etməyi üstün tutur”.
Şəymən