“Cənub Qaz Dəhlizi” böyük üstünlüklər qazandıracaq

Azərbaycan bu layihə ilə demək olar ki, bütün Avropanın təhlükəsizliyini təmin etmiş oldu



Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeganə mənbə olduğunu faktiki olaraq təsdiqlədi. Ötən gün Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən ilk görüş layihənin reallaşdırılması istiqamətində işlərin sürətləndirilməsi üçün atılan mühüm addım oldu. "Cənub Qaz Dəhlizi” layihəsinin icrası çərçivəsində "Şahdəniz” yatağından hasil olunan qaz 2018-ci ildə Türkiyəyə, bir il sonra isə Avropaya çatacaq.

45 milyard dollar investisiya tələb edən bu layihə çərçivəsində ilkin mərhələdə 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya ötürüləcək. 2,5 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatları olan Azərbaycanın növbəti illərdə Avropaya nəql edəcəyi mavi yanacağın miqdarını 20 milyard kubmetrə çatdırmaq imkanı da var. Gələcəkdə, siyasi problemlər həll olunduqdan sonra bu layihəyə İraq və İranın qoşulma ehtimalını da nəzərə alsaq, "Cənub Qaz Dəhlizi” kəmərinin nə dərəcədə önəm kəsb etdiyini təsəvvür etmək çətin deyil.

Bu layihənin unikallığı bütün iştirakçı tərəflərin maraqlarına cavab verməsidir. Tarixi təcrübə göstərir ki, hansısa ciddi enerji layihəsi bazarda durumu dəyişdiyindən bazarın əsas

iştirakçılarından ən azı birinin maraqlarını vurmuş olur. "Cənub Qaz Dəhlizi” layihəsi isə təkcə layihənin birbaşa iştirakçılarının deyil, həm də regional güclərin maraqlarını təmin edir. Buna səbəb həm də qlobal siyasi sistemdə gedən dəyişikliklər və Azərbaycanın bu prosesdə öz maraqlarını tam təmin edən mövqedə yer almasıdır.

"Cənub Qaz Dəhlizi” layihəsi ilə Azərbaycan enerji resurslarının şaxələndirilməsi kimi önəmli missiyanı yerinə yetirir. Bu layihə istər daxili siyasətdə ölkənin gəlirlərinin, xarici siyasətdə Azərbaycanın xüsusi çəkisinin artması baxımından ikili dividend gətirəcək. Eyni zamanda Azərbaycan təkcə enerji nəqli marşrutlarının deyil, enerji mənbələrinin şaxələndirilməsində də önəmli rol oynamağa başlayacaq. Yeni layihənin daha bir strateji önəmi "Cənub Qaz Dəhlizi” xəttinin təxminən 30-dək ölkənin iqtisadi durumuna təsir etməsidir. Bu, həmin ölkələr arasında münasibətlərin yeni səviyyədə qurulmasını, münaqişələrin arxa plana, sabitlik faktorunun ön plana keçməsi deməkdir. Layihənin müəllifi olan Azərbaycan bu mənada Asiya və Avropada sabitliyin bərqərar olmasına da dolayı yolla öz töhfəsini vermiş olacaq. Bu mənada "Cənub Qaz Dəhlizi”ni həm də sülh, siyasi və iqtisadi sabitlik layihəsi kimi də dəyərləndirmək lazımdır.

Son geosiyasi proseslər və dünyadakı enerji manevrləri Bakıdakı toplantı fonunda diqqət çəkir. Xüsusilə "Cənub axını” layihəsindən imtina və "Türk axını” layihəsinin gündəmə gəlməsi Avropanın "Cənub Qaz Dəhlizi”nə diqqətini bir qədər də artırır. Bu, Qərb-Rusiya qarşıdurmasından irəli gələn məsələ olmaqla yanaşı, Avropanın enerji təminatında Azərbaycanın yeganə mənbə olduğunu anlamasından da irəli gəlir.

Qərb-Rusiya savaşı davam edir və bu savaşda əsas faktor mavi yanacaqdır. Bu gün beynəlxalq gücləri dünya müharibəsi astanasına gətirən Ukrayna böhranının arxa planında da məhz bu faktor dayanır. Qərb avropalıları soyuqdan qorumaq üçün Rusiyanın hər qış istifadə etdiyi "qaz təzyiqindən” xilas olmaq istəyir, bunun üçün alternativ mənbələr axtarırdı. Ortaya "Nabucco” layihəsi çıxdı. Layihənin müəllifi Qərb idi və hesablamalara görə, Azərbaycan qazı Avropaya çıxarılacaqdı. Lakin "Nabucco”nun taleyi acınacaqlı oldu. Bu layihənin olduqca bahalı olması və reallaşmasında ortaya çıxan problemlər Bakını da narahat edirdi. "Nabucco” arxivə atılanda çoxları Azərbaycanın strateji əhəmiyyətinin azaldığını, Avropanın enerji axtarışında yönünü dəyişdirdiyini düşünürdü. Lakin bu vaxt İlham Əliyev faktoru meydana çıxdı və Azərbaycan lideri incə, həm də kifayət qədər ağıllı manevr etdi. Rəsmi Bakı Avropaya yeni layihə təklif etdi: bu layihənin müəllifi başqa yerdə yox, məhz Azərbaycanda idi. "Cənub Qaz Layihəsi”.

Layihə iki hissədən ibarətdir: TANAP və TAP. TANAP Azərbaycandan Türkiyəyə, TAP isə Türkiyədən Cənubi Avropaya Bakı qazını çatdıracaq. Avropanın üzləşdiyi maliyyə böhranı qərbli siyasətçiləri çətin duruma saldı. Onlara görə, hansısa nəhəng layihəyə kapital yatırmaq onsuz da pis vəziyyətdə olan Avropanı çökdürə bilərdi. Azərbaycan lideri beynəlxalq proseslərin inkişafını yaxşı izləyir və Avropanın düşdüyü uçurumda ona əl uzatmağın ölkənin uzunmüddətli strateji əhəmiyyəti üçün məqam olduğunu anlayırdı. Məhz belə bir vaxtda TANAP və TAP ortaya atıldı. Bakı və Ankara Avropanın taleyini öz əllərinə aldı.

Prezident İlham Əliyev dünən baş tutan Məşvərət Şurasının görüşündə çıxışı zamanı Azərbaycanın önəmini bir daha vurğuladı. Təbii ki, Azərbaycan liderinin əminliklə dediyi bu sözlərin arxasında uğurlu siyasətin nəticələri dayanır.

Xüsusilə Prezident İlham Əliyevin "Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq” sözləri diqqət çəkir.

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız da TANAP-ın daxil olduğu "Cənub Qaz Dəhlizi”nin Avropa üçün çox vacib layihə olduğunu deyib: "Ankaranın alternativ enerji layihələri axtarışında olmasına baxmayaraq, TANAP onun prioritetlərindən biridir”. Yıldız qeyd edib ki, TANAP-ın reallaşdırılması üçün heç bir siyasi və texniki problem yoxdur.

Amerikalı konqresmen Maykl Törner də Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanla əməkdaşlığın çox mühüm olduğunu bəyan edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayan konqresmen "Bakı-Tiflis-Ceyhan” boru kəməri və "Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini önə çəkib.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli deyib ki, Azərbaycan bütün ağırlığı Türkiyə ilə birlikdə öz üzərinə götürərək Avropanın enerji layihələrini gerçəkləşdirir: "Artıq Azərbaycan öz strateji müttəfiqi olan Türkiyə ilə birlikdə işə girişərək TANAP layihəsinin həyata keçirilməsi istiqamətində məqsədyönlü hərəkət edir. Eyni zamanda TAP layihəsinin də reallaşdırılması sahəsində aktiv fəaliyyət göstərir. Bu fəaliyyətləri bilavasitə bir tərəfdən Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasının yeni bir mərhələsinin göstəriciləri kimi dəyərləndirmək lazımdır. Digər tərəfdən isə bunun ardınca faktiki şəkildə Azərbaycanın dünyaya, xüsusən də qərbə inteqrasiyasına xüsusi diqqət yetirmək lazımdır. Üçüncü bir istiqamət isə bazar iqtisadiyyatıdır. Təbii ki, kommersiya nöqteyi-nəzərdən Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaq istəyir”.

Ə.Məsimli vurğulayıb ki, Azərbaycan Avropa üçün alternativ enerji yolları təqdim edir. Əgər Azərbaycan Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyi istiqamətində addımlar atır, can yandırırsa, onda Avropa da ölkəmizin bir nömrəli problemi olan ərazi bütövlüyü istiqamətində ikili standartlardan əl çəkməlidir.

Milli Məclisin deputatı Zahid Oruc da açıqlamasında "Cənub Qaz Dəhlizi” layihəsinin Prezident İlham Əliyevin əsl strateq olduğunu sübut etdiyini bildirib. Onun sözlərinə görə, Avropa ilə çox ciddi savaş vəziyyətində olan Rusiya "Cənub axını”nı ləğv edərək üzünü Türkiyəyə çevirməli oldusa, bu proseslərdən öncə Azərbaycan prezidenti "Cənub Qaz Dəhlizi”nin reallaşması üçün mühüm addım atdı: "Keçmişdə Orta Asiya bölgəsinin planlarında maraqlı olan, onları öz strategiyasına qoşmağa çalışan Qərb dairələri özlərini bu gün daha məhdud çərçivədə həyata keçirilən layihələrdən kənar saxlamağa çalışırlar. Hesab edirəm ki, bu layihə sülh layihəsi olmaqla münaqişələrə yol açmır, Azərbaycanın iqtisadi imkanlarını möhkəmləndirir. Həmçinin, gələcəkdə digər potensial ölkələrin bu layihəyə qoşulmasına şərait yaradacaq. Bu baxımdan dövlət başçısının bu layihəni mühüm dəyərləndirməsi sözün əsl mənasında Azərbaycanın siyasi və iqtisadi maraqlarına cavab verməsinin göstəricisidir. Həm də layihəyə olan yüksək maraq onu təsdiqlədi ki, "Cənub Qaz Dəhlizi” Avropa üçün Bakı-Tbilisi-Ceyhan qədər əhəmiyyətə malikdir. Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizindən çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır”.

Z.Oruc deyib ki, "Cənub Qaz Dəhlizi” beynəlxalq layihəyə çevrilib. İlk olaraq Türkiyə və Azərbaycanın iradəsi əsasında gündəmə gəlsə də, artıq qitənin enerji təhlükəsizliyində mühüm rol oynayan iqtisadi layihədir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də bildirib ki, "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması Azərbaycana böyük üstünlüklər qazandıracaq. Bu istiqamətdə praktik səylərin artırılmasını müsbət qiymətləndirən politoloq deyib ki, layihənin tam həyata keçməsi Azərbaycanın xeyrinə olacaq: "Avropa İttifaqı yüksək səviyyədə dəfələrlə bəyan edib ki, onlar qitənin təbii qazla təmin olunmasının yeni mənbəyini "Cənub Qaz Dəhlizi” layihəsində görürlər.

Bu bəyanatlar, Avropanın yaxın gələcəkdə təbii qazı yalnız "Cənub Qaz Dəhlizi”ndən almaq niyyətlərinin təsdiqi kimi qəbul olunmalıdır. Doğrudur, Avropa İttifaqı Ukraynadan keçməklə Rusiya qazını almaqdan imtina etdikdən sonra Moskva Ankara ilə "Türkiyə axını” layihəsini razılaşdırıb. Lakin Avropa "Türkiyə axını” vasitəsilə nəql olunacaq qazı almaq fikrində deyil. Ola bilər ki, yalnız Yunanıstan bu layihəyə maraq göstərsin. Ona görə də "Türkiyə axını” "Cənub Qaz Dəhlizi” layihəsinə rəqib olacaq imkanda deyil. Bu baxımdan, Avropanın təbii qaza olan tələbatı "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasını həyati zərurətə çevirib. Qeyd etmək lazımdır ki, "Cənub Qaz Dəhlizi” iqtisadi olmaqla yanaşı, həm də siyasi layihə kimi dəyərləndirilə bilər. Bu layihə Avropanı Rusiyanın təbii qaz asılılığından çıxarılması nöqteyi-nəzərindən böyük önəm daşıyır. Eyni zamanda, "Cənub Qaz Dəhlizi” layihəsinin uğurla tamamlanması Azərbaycana beynəlxalq miqyasda böyük üstünlüklər qazandıracaq”.

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri də açıqlamasında bildirib ki, Rusiyanın "Türk axını” ilə Bakı qazını vuracağı ehtimalı böyükdür. Lakin Məşvərət Şurasının toplantısı göstərdi ki, "Cənub Qaz Dəhlizi” layihəsi üzrə iş sürətləndirilir: "Görünür, Avropa da Rusiya qazında xilas yolu kimi bunu görür. Lakin dövlət başçısı bu mesajı hər iki tərəfə verir. Yəni gələcəkdə mümkün geri çəkilmələr olmamalıdır. Azərbaycan güclü qonşusunu qarşısına alaraq bu addımı atırsa, Avropa da bunu unutmamalıdır. Yeganə mənbə Azərbaycandır. "Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycanın şəxsi maraqları baxımından önəmi də xüsusi qeyd olunmalıdır. Belə ki, bu, ölkənin gələcəyinə yatırılmış ən yaxşı kapital hesab oluna bilər. Birincisi, Azərbaycana əlavə iqtisadi dividend gətirəcək. Ölkəyə gələn kapital həm sosial yaşayış səviyyəsini yüksəldəcək, həm də ümumi iqtisadi mənzərəyə müsbət təsir edəcək. İkincisi, Azərbaycanın dünyada önəmini artıracaq. Xüsusilə, Rusiya və Qərbin Ukraynada qarşı-qarşıya gəlməsi fonunda Bakının ən unikal çıxış yolu olması artıq faktdır. Avropanı xilas edən rəsmi Bakının əsas istəyi isə ilk növbədə ərazi bütövlüyünün bərpasıdır. Azərbaycan lideri çox güman ki, uzaqmənzilli gedişlərlə bu siyasi addımları planlaşdırıb”.

İsmayıl