“ “Cənub Qaz Dəhlizi” Qərbin enerji strategiyasına tam uyğundur”

"Mərkəzi və Cənubi Avropanın Xəzər dənizi hövzəsinin qaz ehtiyatları ilə təmin olunması Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir”.
Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bildirib ki, 3500 km. uzunluğunda olan "Cənub Qaz Dəhlizi” fəaliyyətə başladığı ilk ildə 10 milyard kubmetr Azərbaycan qazını Avropaya çatdıracaq: 
"Rusiyadan ildə 200 milyard kubmetr qaz alan Avropa növbəti illərdə bu dəhliz vasitəsilə qaz idxalını artırmaq niyyətindədir. Bundan başqa bu dəhlizin böyük siyasi əhəmiyyəti var. Bu layihə sayəsində Avropa ölkələri və Ukrayna Rusiyanın enerji asıllığından tam qurtulacaq. 2023-cü ildən sonra karbohidrogen ehtiyatlarından bəhrələnməyə çalışan Türkiyə gələcəkdə ərazisindən keçən neft-qaz boru xəttlərinə qoşulmaq imkanı əldə edəcək”.
Ekspertin sözlərinə görə, layihə həm də Türküstan və İran qazının ucuz qiymətə Çinə deyil, daha varlı Avropaya satılması üçün imkan yaradacaq: 
"Bu da Qərbin enerji strategiyasına tam uyğundur. 2017-ci ildə Bakıda keçirilən "Caspian Oil & Gas-2017” və "Caspian Power-2017” beynəlxalq tədbirində dünyanın 30 ölkəsinin 300-ə qədər şirkətlərinin 400 nümayəndəsi iştirak edərək bu layihəyə öz dəstəyini bildiriblər. Eyni zamanda ABŞ prezidenti öz xüsusi dəstəyini tədbir iştirakçılarına çatdırıb. Bu da Azərbaycanın enerji ehtiyatlarının qarantiyalı və təhlükəsiz ixrac olunması deməkdir”.
İsmayıl