“Çexiya prezidenti ciddi adam deyil”

“Elə bil ki, Sovet KQB-sinin şinelindən çıxıb. Bütün hallarda Putini müdafiə edib, onun törətdiklərinə bəraət qazandırmağa çalışır”



Çexiya prezidenti Miloş Zeman "Bild” qəzetinə müsahibəsində Rusiya-Ukrayna münasibətlərinin gələcək perspektivindən danışıb. Tərəflər arasındakı silahlı qarşıdurmanın getdikcə səngiyəcəyini deyən dövlət başçısı hesab edir ki, "soyuq müharibə”nin qayıdışına heç bir səbəb yoxdur. Onun sözlərinə görə, Ukrayna ətrafında münaqişə yoluna qoyulacaq: "Ruslar uzun müddət pulsuz və Qərbin texnologiyası olmadan duruş gətirə bilməzlər, ona görə də kompromislərə gedəcəklər”.

Çexiya liderinin bəyanatını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, M.Zemanı bütöv bir şəxsiyyət kimi qəbul etmir. Ekspertin sözlərinə görə, o, hər ordunda bir söz danışan adamdı: "Təxminən bir həftə öncə bildirmişdi ki, Putin nə reallaşdırırsa, düz edir. Onu sıxışdırmağa ehtiyac yoxdur. Çünki bu, Avropa üçün ziyandır. Bir sözlə, Ukrayna məsələlərinə görə gah şimal qonşumuzu, gah da Qərbi qınayırdı. Bu yöndə açıqlamalar verirdi. Birmənalı adam deyil”.

Q.Hüseynli söyləyib ki, Çexiya rəhbərinin indiyə qədər verdiyi proqnozlar özünü doğrultmayıb: "Deyirdi, yaxın zamanlarda Rusiya hadisələri donduracaq. Amma bu hal müşahidə olunmadı. Hər kəs şahiddir ki, hazırda Moskva Ukraynaya yenə də zirehli texnika və təxribat qrupu göndərir. Bundan sonra da göndərəcək. M.Zemani özünə hörmət edirsə, istefa verməlidir. O, Qərb adamına oxşamır. Elə bil ki, Sovet KQB-sinin şinelindən çıxıb. Bütün hallarda Putini müdafiə edib, onun törətdiklərinə bəraət qazandırmağa çalışır. Avropa Birliyi və NATO-nun üzvü olan ölkənin başçısının bu cür danışması rüsvayçılıqdı. Çexiya xalqı onu qəbul etmir. Sərsəm fikirlər səsləndirməklə məşğuldur. Hətta onun söylədiklərini şərh etmək belə doğru deyil”.

Ayyət Əhməd