Sərəncam gələcəkdə hüquq müdafiə institutunun inkişafında çox önəmli olacaq
Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə sərəncamı məhz dövlət başçısının humanist siyasətinin tərkib hissəsidir. Bu qərar dövlətin vətəndaşlarına verdiyi qiyməti, diqqəti və insanların azad yaşamaq hüququnu ortaya qoyan mühüm amildir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı deyib ki, dövlət başçısının sərəncamı haqq-ədalətə, humanizmə, sosial prinsiplərə əsaslanıb. Onun sözlərinə görə, artıq ictimaiyyət bilir ki, insanların hüquq və azadlıqlarının genişləndirilməsi Prezidentin siyasətinin təməlində dayanır:
"Prezident yanında Əfv Komissiyası fəaliyyət göstərir. Komissiya insanlara onlar üçün vacib olan azadlıq hüquqlarını bəxş edir. Bundan əlavə ölkəmizdə dəfələrlə Amnistiya haqqında qərarlar qəbul olunub. Prezident İlham Əliyevin 2003-cü ildən uğurla həyata keçirdiyi siyasət nəticəsində minlərlə məhbus öz doğmalarına qovuşub, onlara azadlıq hüququ bəxş edilib. Budəfəki Sərəncam da keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Sözügedən sənəd ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib ki, sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda həbsxanaların doluluq səviyyəsi aşağı düşəcək, dövlətin bu sahədə xərcləri azalacaq: "Digər məqam odur ki, cəzalar artıq ən yuxarı həddə olmayacaq. Bu, humanist bir yanaşmadır. Yəni insanların törətdiyi cinayətlərə görə qanunda əksini tapan alternativ cəzalara daha çox üstünlük veriləcək. Bura ev dustaqlığı, cərimə, ictimai, islah işlərinə cəlbetmə daxildir. Bu da cəmiyyətdə ab-havaya çox müsbət təsir göstərəcək. Hüquq müdafiəçiləri bu sərəncamı müsbət qarşılayır və başqa cür də reaksiya verə bilməzdilər. Biz uzun illərdir ki, belə bir sərəncamın imzalanmasını arzu edirdik. Artıq bu addım atılıb. Növbəti mərhələ sərəncama uyğun olaraq nəzərdə tutulan qanun layihələrinin hazırlanmasıdır. Addımbaaddım problemlər həllini tapacaq, buna sadəcə, zaman və istək lazımdır”.
Hüquqşünas Vüqar Babayev də deyib ki, Prezidentin son sərəncamı cəza siyasətinin humanistləşdirilməsində mühüm addımdır:
"Dövlət başçısının bu addımı cəmiyyətdə cəza sisteminin yumşaldılmasında bir çox müsbət dəyişikliyə səbəb olacaq. Cəza siyasətinin yumşaldılması istiqamətində işlər aparılmaqdadır. Avropa hüquq məkanının bir parçası olaraq Azərbaycanda cəzaların liberallaşdırılması cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması çox önəmlidir. Xüsusilə qeyd etmək yerinə düşər ki, həbs-qətimkan tədbirinin seçilməsi cinayət hüququ sahəsində fəaliyyət göstərən hüquq müdafiəçiləri üçün ən ağrılı məqamlardan biridir”.
Hüquqşünasın fikrincə, sərəncam insan hüquqları və əsas azadlıqlarının müdafiəsinin cənab Prezidentin birbaşa diqqətində saxladığı məsələlərdən və onun daxili siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərdi:
"Sərəncam doğurduğu hüquqi nəticələrlə yanaşı, qeyd edilən istiqamətdə daha humanist siyasətin həyata keçirilməsi üçün siyasi iradənin olduğunu bir daha təsdiq etdi. Ona görə də sərəncam cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazanacaq və gələcəkdə hüquq müdafiə institutunun inkişafında çox önəmli olacaq. Eyni zamanda, sərəncamda insan azadlıqlarının məhdudlaşdırılması ilə bağlı tələblərin sərtləşdirilməsi, həmin hüquqların bərpası ilə bağlı hallarda isə daha da geniş normativ bazanın yaradılmasının nəzərdə tutulması insan hüquqlarının daha möhkəm qorunması üçün effektiv və çevik mexanizmlərin yaradılmasına səbəb olacaq”.
İsmayıl