İran rəsmisinin Şahin Mustafayevə qarşı davranışı qəbuledilməzdir - İrfan Turan

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İranın Ali Təhlükəsizlik Şurasının başçısı Möhsün Rzai ilə görüşü zamanı qarşı tərəfin nümayiş etdirdiyi davranış geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı siyasi şərhçi İrfan Turan Sherg.az-a bildirib ki, görüş zamanı nümayiş etdirilən münasibət və buna SEPAH tərəfindən haqq qazandırılması qəbuledilməzdir.

Ekspertin sözlərinə görə, İran özünü İslam dövləti kimi təqdim edirsə, ilk növbədə əxlaq, ədəb və mərifət prinsiplərinə riayət etməlidir:

“Bu cür davranış İran rejiminin İslam və Əhli-Beyt dəyərlərinə münasibəti ilə bağlı ciddi suallar doğurur. Əgər rejim özünü İslam dövləti adlandırırsa, əvvəlcə əxlaqa, ədəbə, mərifətə riayət etməlidir. Əvvəllər zahirən də olsa, özlərini müsəlman göstərməyə cəhd edirdilər. İndi isə daha buna da əməl etmirlər”.

İrfan Turan qeyd edib ki, Azərbaycan İranın ən ağır günlərində belə humanitar yardım göstərib və iki ölkə arasında müharibənin baş verməməsi üçün maksimum səylər göstərib:

“Azərbaycan İranın ən ağır günündə humanitar yardım edib, hətta müharibənin baş verməməsi üçün maksimum səylər göstərib. İran rejiminin mütəmadi xəyanətlərinə, təhdidlərinə və cinayətlərinə rəğmən Azərbaycan qonşuluq münasibətlərini, orada yaşayan milyonlarla soydaşımızın maraqlarını nəzərə alaraq sərt cavab verməyib, problemlərin diplomatik yollarla həllinə çalışıb”.

Siyasi şərhçinin fikrincə, İran hakimiyyəti Azərbaycanda dini, mədəni və mənəvi dəyərlərin inkişafını, tolerantlıq və vəhdət mühitini qəbul etməkdə çətinlik çəkib:

“Lakin bu rejim Azərbaycanda dini, mədəni, mənəvi dəyərlərin inkişafını, tolerantlığı və vəhdəti heç zaman həzm edə bilməyib. Əlaltıları vasitəsilə təfriqə və ədavət salmağa, dini məzhəb məsələsinə çevirməyə və onu siyasi alət kimi istifadə etməyə cəhd edib”.

İrfan Turan İranın regional siyasətini də tənqid edərək bildirib ki, müxtəlif ölkələrdə baş verən proseslər fonunda Tehran hakimiyyətinin müsəlman həmrəyliyi ilə bağlı iddiaları ciddi suallar doğurur.

Ekspert hesab edir ki, dini dəyərlərin siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir:

“Ən ağır cinayət, ən böyük günah müqəddəslik adı altında, dini və Əhli-Beyti qalxan edərək törədilən cinayətlər və günahlardır. Allahın dinini siyasi alətə çevirənlərin tarixdəki acı aqibətlərdən nəticə çıxarması lazımdır”.