“Sülh istəyiriksə, ordumuz daim yüksək döyüş imkanlarına malik olmalıdır - ŞƏRH

  • Ədalət Verdiyev: “Azərbaycan ordusunun gücü düşməni müharibə niyyətindən çəkindirməlidir”

Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin etibarlı təmin olunmasında güclü ordunun xüsusi əhəmiyyəti var. Ölkənin son illərdə həyata keçirdiyi hərbi islahatlar, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, yeni silah və texnologiyaların alınması, eləcə də ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər Azərbaycanın təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə və sonrakı dövrdə əldə olunan nəticələr regionda yeni reallıqlar formalaşdırıb. Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin başa çatması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin qarşısında yeni strateji vəzifələr müəyyənləşdirib. Bununla belə, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, əldə olunan nəticələrin qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması vacibdir.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Azərbaycanın şanlı Zəfərindən, regionda yaranmış yeni vəziyyətdən və ölkənin qarşısında duran əsas vəzifələrdən danışarkən hərbi gücün artırılmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib. Dövlət başçısı Azərbaycanla Ermənistan arasında hazırda münaqişənin olmadığını qeyd etməklə yanaşı, hərbi qüdrətin gücləndirilməsinin nə üçün vacib olduğunu da açıqlayıb. Onun sözlərinə görə, bu zərurət yalnız mövcud təhlükələrlə deyil, həm də Azərbaycanın keçmişdə üzləşdiyi faciəli hadisələrin yaratdığı tarixi təcrübə ilə bağlıdır.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, təhlükəsizliyib təmin olunması Azərbaycan üçün ən prioritet məsələ olub:

“Çünki təhlükısizlik təmin olunmursa, istənilən iqtisadi inkişaf böyük risklər altına düşə bilər. Əgər Azərbaycan regiona güc ölkəsindən orta güc dövlətinə çevrilirsə, bunu mütləq ordunun döyüş qabiliyyəti və dövlətin imkanları ilə əlaqələndirmək lazımdır. Sülh əldə etmək istəyiriksə bizim silahlı qüvvlərimiz daim yüksək döyüş imkanlarına malik olmalıdır. Bu imkanlar düşməni Azərbyacan ilə müharibə aparmaq niyyətindən çəkindirməlidir. Ərazi bütövlüyümüzü və suverenliyimizi tam miqyasda təmin etməyimizə baxmayaraq hərbi gücümüzün artırılması yüksələn dinamika ilə inkişaf etməlidir. Azərbaycan öz ordusunu müasir texnika vasitə və avadanlıqlarla təmin etmək üçün zəruri olan bütün addımları atır”.

Ekspert qeyd edib ki, bizim tariximizdə 30 ilə yaxın davam edən bir işğal dövrü olub:

“Bu işğal dövründə Azərbaycan xalqının məruz qaldığı çox sayda soyqırımı və faciələr yer alıb. Bütün bunlar ona görə baş verirdi ki, ordumuzun silahlanması düşməndə qat-qat zəif idi. Həmçinin ordunun idarəetməsində təsadüfi adamlar var idi. Yəni komandir heyyəti öz vəzifə borclarının nədən ibarət olduğunu belə bilmirdi. Belə olan halda təbii ki, itkilər də çox olurdu. Amma bu gün Azərbaycan yalnız öz gücü ilə düşməni ağır bir şəkildə cəzalandırdı. Yəni Ermənistanı dizüstə çökdürdü. Proseslər ona gətirib çıxardı ki, içğalçı Ermənistan kaputilyasiya aktı imzalamağa məcbur oldu. Düzdür bunların əsas təkanverici qüvvəsi insan faktorudur. Amma insanı da yalın əllə döyüşə göndərmək olmaz. Ona görə də Azərbaycan öz coğrafiyamıza, maraqlarımıza uyğun gələn ən müasir silah və texnikaları alaraq ordumuzun təchizatını gücləndirir”.