"Çıxış yolu 5 yaşlı uşağı öldürməkdirmi ? !” - Zorakılığa SON !

Günel Səfərova:"Uşaq zorakılığının qarşısını almaq məqsədi ilə bunu törədən insanlara qanunda daha ağırlaşdırıcı cəzalar nəzərdə tutulsun. Maarifləndirmə prosesi isə məktəb yaşlarından insanlara aşılansın"



"Valideyn məsuliyyəti çox önəmlidir və bunun hüquqi tərəfi ilə yanaşı mənəvi tərəfi də var”.

Bunu "Sherg.az”a ananın 5 yaşlı qızını öldürməsi ilə bağlı danışarkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib.

O, bu qətli canilik adlandırıb:

"Təsəvvür edin, uşaq onu qoruduğunu sandığı, sevdiyi, güvəndiyi bir varlıq tərəfindən öldürülür. Eyni zamanda qorumağa möhtac olan, təhlükəyə qarşı cavab vermək bacarığı olmayan bir varlığın - kiçik uşağın həyatdan məhrum edilməsi canilikdir. Belə hadisələrin qarşısını almaq üçün qanunvericilikdə valideyn məsuliyyətini artırmaqla yanaşı insanlar arasında yaş, cins ayrımı etmədən maarifləndirilmə aparılmalıdır. Əminəm ki, belə cinayəti, yaxud körpələrə qarşı zorakılığı törədən şəxslər valideyn olmaq üçün hazır deyillər.

Cəmiyyətdə belə düşüncə var ki, hamı ailə qurmalı və uşaq dünyaya gətirməlidir. Buna texniki bir proses kimi yanaşırlar. Amma ailə qurmaq istəyən insanların nə psixoloji, nə də maddi durumu ölçülür. Digər əsas məqamlar da nəzərdən qaçır.

Uşaq zorakılığının qarşısını almaq məqsədi ilə bunu törədən insanlara qanunda daha ağırlaşdırıcı cəzalar nəzərdə tutulsun. Maarifləndirmə prosesi isə məktəb yaşlarından insanlara aşılansın. Biz, insanlarla kiçik yaşlarından işləyib, zorakılıq əleyhinə maarifləndirilmə aparsaq, bu cür faciələri önləyə bilərik”.

G.Səfərova vurğulayıb ki, ana övladını öldürməsinə səbəb kimi, həyat yoldaşından ayrıldıqda valideynlərinin onu 5 yaşlı qızı ilə qəbul etməməsini göstərib:

"Ola bilər ki, qadının valideynləri həqiqətən onu övladı ilə birlikdə qəbul etməyib. Amma ana uşağı öldürməyib, müəssisəyə verə bilərdi. Yəni, bu məqamlar bir az təhlükəlidir. Ona qalsa, hamı individual cinayət törədib, stereotiplərin üzərinə atar. Əlbəttə ailəsi onu qəbul etmirsə, bu, böyük problemdir. Amma çıxış yolu uşağı öldürməkdirmi?”

Qeyd edək ki, Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub.

G. Saypullayeva baş vermiş hadisə ilə bağlı danışaraq uzun müddət müxtəlif şəxslərə məxsus evlərdə, fermalarda işləyərək, orada yaşadığını deyib. Bu hal, yəni sərbəst həyat keçirməməyi onu çox sıxıb, anasıgilə gedərək, orda yaşamaq istəyib, lakin qızı Luizanın varlığı buna imkan verməyib. Luiza ilə birlikdə anasıgilə gedərsə, onu qəbul etməyəcəklərini düşünüb. Qadın ifadəsində bildirib ki, əvvəllər Bəxtiyardan küsərək anasıgilə gedəndə, anası ona hər zaman evə gəlməməyi, valideynlik məsuliyyəti, öhdəliklərdən azad olmasını istəyib. Buna görə Gülnarə valideynlərinin yanına gedərək, sərbəst həyat yaşamaq üçün bu il iyunun 14-də səhər yuxudan qalxandan sonra qızı Luizanı öldürmək qərarına gəldiyini açıqlayıb.

O elə həmin gün yaşadığı evdə üzərinə "Neosidol” yazılan ampulada olan qatqını və digər qabda olan məhlulu südə qarışdırdığını, həyətdə Luizaya içirdiyini deyib. Təqsirləndirilən qadın bildirib ki, həmin vaxt Luiza ondan "ana, bu süddən dərman iyi gəlir, bu dərmandırmı?", - deyə soruşsa da, südü ona içirib və evdə olan ağ rəngli bərkimiş dərman maddəsini xörək qaşığı ilə Luizanın ağzına qoyaraq uddurub. Bundan bir müddət sonra uşağın vəziyyəti pisləşib. Onu xəstəxanaya aparsalar da, yolda keçinib.

Aysel Aslan