Çöküş başladı...

Kılıçdaroğlu nüfuzunu itirir, geriyə dönüş yoxdur



Türkiyənin ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyası ictimaiyyət arasındakı nüfuzunu itirməkdədir. Aparılan sorğuların nəticələrinə görə, partiya daxilində yaşanan qarşıdurma, funksionerlərin biri-birini kəskin ittiham etməsi, sədr Kamal Kılıçdaroğlunun yarıtmaz siyasəti və verdiyi bəyanatlar CXP-yə könül verənlərin sayını xeyli azaldıb.

Ötən gün Kılıçdaroğlunun PKK terrorçuları ilə bağlı söylədiyi sözlər partiya sədrinə qarşı hiddəti bir qədər də artırıb. Belə ki, CXP sədri canlı yayımda terrorçularla bağlı skandal etirafa imza atıb. O, həbsxanada xəstə yatan PKK-lının ziyarətinə getdiyini açıqlayıb. Halbuki, partiya sədri bir müddət əvvəl "CXP-nin terrorçularla görüşdüyünü iddia edənlər şərəfsizdir” demişdi. Kılıçdaroğlu PKK açıqlamasından sonra getdiyi hər yerdə, xüsusən şəhidlərin dəfn mərasimində kəskin etirazla qarşılanıb. CXP-də yaşananları "Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, CXP-nin indiki duruma düşməsinin bir neçə səbəbi var: "Təkcə siyasi partiyalar yox, ümumiyyətlə, Türkiyə dövlətinin özü çətin bir dönəmdən keçir. Ölkənin daxili və xarici siyasətində baş verən gözlənilməz olaylar, təhlükəsizlik sahəsində yaşanan problemlər ümumən siyasi partiyaların qərarlarına və fəaliyyətlərinə təsir göstərir. Digər zamanlarla müqayisədə gərgin mühitlərdə həssaslıq artır. Belə məqamlarda balansı qorumaq, düzgün açıqlamalar vermək, düşünülmüş addımlar atmaq çox çətin olur. Bütün tərəfləri razı salmaq isə ümumiyyətlə mümkün olmur”. Politoloq bildirib ki, CXP ideoloji baxımdan tələb olunan səviyyədə deyil: "Cümhuriyyət Xalq Partiyası köklü bir qurumdur. Bu təşkilatın qurulması Türkiyə Cümhuriyyətinin qurulduğu dövrə təsadüf edir. Problem ondadır ki, indiki sədr Kamal Kılıçdaroğlu CXP-də bütövlükdə tələb olunan şərtləri ödəyə bilmir. Əslində burda söhbət təkcə partiya sədrindən də getmir. Ümumiyyətlə, indiki CXP cümhuriyyətin qurulduğu dövrdə olduğu kimi geniş kütləni təmsil edən bir partiya deyil. Onlar bir müddət sol təmayüllü partiya kimi davrandı. Daha sonra istədilər ki, sağ kəsimdən özünə tərəfdarlar toplasınlar. Hətta bu məqsədlə sağçı namizədləri partiya adından irəli sürdülər. Ancaq atılan addımlar CXP-yə uğur gətirmədi. Əslində CXP ilə bağlı ümumi mənzərə belədir: - Bu partiya nə özünü tapa bilir, nə də özünə yer tapa bilir”.

İsmayıl