"Dağlıq Qarabağ münaqişəsi mütləq müzakirə olunacaq" - Gürcüstanda





NATO Parlament Assambleyasının yaz sessiyasının vaxtı və keçiriləcəyi məkan bəlli olub. Sessiya bu ilin may ayında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Hərbi alyansın Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı bildirib ki, qurumun iclas gündəliyi tam təsdiq edilməsə də, sessiyasının Tbilisidə keçirilməsi bir mesajdır: 

"İclasda mütləq Cənubi Qafqaz məsələsi gündəmdə olacaq. Ola bilməz ki, toplantı Gürcüstanda keçirilsin və bölgənin problemlərinə toxunulmasın. Gürcüstanın Abxaziya, Osetiya problemi Azərbaycanın Qarabağ məsələsi müzakirə olunacaq”.

Politoloq Qabil Hüseynli də "Şərq”ə açıqlamasında Sammitin Tbilisidə keçirilməsini çox yüksək qiymətləndirib: 

"Mən görüşün nəticələrindən çox şey gözləyirəm. Hesab edirəm ki, regionda müşahidə olunan aqressiv-seperatizm siyasətinin cilovlanması, ümumiyyətlə müstəqil dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi baxımından NATO-nun Gürcüstan Sammiti əhəmiyyətlidir. Təşkilatın əvvəlki sammitində post-sovet məkanındakı münaqişələr müzakirə edilmişdi. İclasda münaqişələrin 1975-ci ildə qəbul edilmiş Helsinki yekun aktının ərazi bütövlüyü prinsipinə riayət etməklə həll edilməsi ön plana çıxarılmışdı. Bu, çox mühüm bir məsələdir. Çünki həmin toplantıda "millətlərin öz müqəddəratını həll etməsi” kimi maddələrdən söz açılmamışdı, sadəcə ərazi bütövlüyü məsələsi vurğulanmışdı. Güman edirəm ki, Tbilisidə keçiriləcək görüşdə bu fikir daha da inkişaf etdiriləcək. Çünki Gürcüstan özü seperatçılığa məruz qalmış ölkədir. Cənubi Osetiya və Abxaziya Gürcüstandan zorla qoparılaraq, Rusiya tərəfindən bir növ ilhaq edilib”. Ekspertin sözlərinə görə, NATO yavaş-yavaş öz sərhədlərini genişləndirir: "Gürcüstan NATO-nın yaz sessiyasının Tbilisdə keçirilməsinə icazə verməklə böyük risk edib. Amma bu riskli hərəkət post-sovet məkanındakı münaqişələrə daha ətraflı yanaşma üçün şərait yaradacaq. Söhbət təkcə Gürcüstanın problemlərindən getmir, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli iclasda mütləq müzakirə mövzusu olacaq. Çox güman ki, problemin həlli ərazi bütövlüyü çərçivəsində gündəmə daşınacaq və Rusiyanın Cənubi Qafqaza müdaxiləsi pislənəcək”.

İsmayıl