Danışan deputatlar Sarkisyanın adamlarıdır

Onlar Ermənistanın hazırkı prezidentinin düşmüş reytinqini qaldırmaq niyyəti güdürlər




Ermənistan parlamentində "İrs” Partiyasının fraksiyasının təqdim etdiyi "Dağlıq Qarabağ Respublikası” və Ermənistan arasında hərbi-siyasi konsepsiyanın əsasları barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Adıçəkilən təşkilatdan olan deputat Zarui Postancyan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından danışıb.

Erməni deputat bildirib ki, rəsmi İrəvan beynəlxalq hüququn subyekti kimi Qarabağı ilk növbədə təhlükəsizlik baxımından tanımalıdır. Postancyan etiraf edib ki, bu fikrə onu avropalı və amerikalı diplomatlarla görüşlər sövq edib. Erməni müxalifətinin parlamentdəki digər fraksiyası - Ermənistan Milli Konqresinin parlament rəhbəri Levon Zurabyan isə Qarabağın tanınmasının Ermənistan üçün çox tələsik ola biləcəyini bildirib: "Belə olan halda sülh danışıqları pozulacaq və Ermənistan daha çox beynəlxalq təcridə məruz qalacaq”. Məsələ ilə bağlı Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov da şərh verib. Parlament rəsmisi söyləyib ki, rəsmi İrəvanın Qarabağın "müstəqilliyini” tanıması, danışıqlar prosesinə mənfi təsir edəcək.

Adı çəkilən deputatların Serj Sarkisyanın əlaltıları olduğunu deyən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, onlar Ermənistanın hazırkı prezidentinin düşmüş reytinqini qaldırmaq niyyəti güdürlər. Ona görə də müxtəlif bəyanatlar səsləndirirlər: "Bununla göstərmək istəyirlər ki, guya, düşmən ölkə iqtidarında Dağlıq Qarabağı tanıya biləcək qədər iradə var. Yeri gəlsə, bu iradəni reallaşdıra bilərlər. Beləliklə də, əhalidə Dağlıq Qarabağın gələcəyi barədə yaranmış xofu öldürmək istəyirlər. Bu da bir gerçəklikdir ki, dünya ölkələri Azərbaycanın ərazi bütövlüyü məsələsi haqda düşünməyə başlayıb. Bax, belə bir şəraitdə bədnam qonşularımızda Dağlıq Qarabağın gələcəyi barədə ciddi narahatlıqlar əmələ gəlib. Bu narahatlıqlar mövcud hakimiyyətə qarşı koalisiyaya çevrilib. Hazırda Ermənistan müxalifəti çox qəzəblidir. Müxalifət qarşısına Sarkisyanı devirmək strategiyasını qoyub. Hər iki deputatın bu cür şovinist və araqarışdıran bəyanat verməsi onu sübut edir ki, hakimiyyət əhalini sakitləşdirməyə çalışır”.

Ayyət Əhməd