“Danışanda deyirlər Üzeyir Hacıbəyov olub”

“Mən sadəcə musiqimizi səviyyəli, keyfiyyətli, maraqlı görmək istəyirəm”
“Necə olur ki, Avropada, Asiya ölkələrində, mənim mahnılarımı oxuyurlar, ancaq mənə burda dəyər verilmir?”



Uzun müddətdir şou-biznesdən uzaq olan Rəvan Habiloğlu susqunluğunu pozdu. Mərhum xalq artisti Habil Əliyevin oğlu son dönəmlər efirdə, sənət aləmində yaşanan acınacaqlı durumdan danışdı. "Şərq”ə açıqlama verən Rəvan Habiloğlu sənət aləmində baş verənləri ürək ağrısı ilə söyləyir.

- Uzun müddətdi susqun idin. Sucqunluğuna son qoymağa qərar vermisən deyəsən?

- Mən danışıb nə deyirəm ki? Sadəcə həqiqətləri dilə gətirirəm. Mən yazıq hər zaman elə sumuşam da. Susduğum üçün də bugünkü şoudan uzaq olmuşam.

- Əvvəllər efirdə olurdun. Bu gün görünmürsən...

- Mən əvvəla yaşlanmışam. Bəlkə də ona görə uzaq qalmışam.
- Cənət aləmində yaş məhdudiyyəti yoxdu axı.

- Nə bilim, yaşlanmışam. Ailə qurmuşam. Başım ailəmə qarışıb. Yaradıcılığımla məşğul oluram. Türkiyədən mənə müraciət olur. Onlarla işbirliyi qururam. Məni Türkiyədə çox sevirlər.

- Ailə qurmusan dedin. Övladın varmı?

- Beş-altı ildi ailə qurmuşam. Övladım yoxdu hələ ki. Təbii ki, ata olmaq arzusundayam. İnşallah, qismət olar.

- Bəs nədi Rəvanı sənət aləmindən uzaq salan?

- Efirlərdən dəvətlər gəlir. Getmirəm. Çünki bu gün musiqinin ahəngi dəyişib. Mutak bir musiqi meydana gəlib. Kütlə musiqisinə meyl çoxalıb. Musiqi zövqümüzü korlayıblar. Mən belə mahnıları efirdə görəndə necə susum? Yüzlərlə əsərlərim var. Mənim musiqilərimi xarici ölkələrdə oxuyurlar, dinləyirlər. Amma bizdə mənim musiqilərimə dəyər verilmir. İnsanlar sevir, qəlblərdə yer salıb musiqilərim. Amma bəzilərinə Rəvan Habiloğlunun adı ağır gəlir. Yaradıcılığımla maraqlanan yoxdu.

- Laqeydlik səni səhnədən küskün salıb?

- Canları sağ olsun. Azərbaycanda mutak musiqinin yayılması məni narahat edir. Bir musiqiçi kimi də, bir vətəndaş kimi də məni ağrıdır. Musiqimizin bugünkü vəziyyəti acınacaqlıdır. Janr etibarı ilə bu gün yazılan, ifa olunan musiqilərin keyfiyyəti görün nə vəziyyətdədir. Efirlərdə hansı musiqilər təbliğ edilir? Çox böyük danışmaq istəmirəm. Sonra deyirlər, Rəvan Üzeyir Hacıbəyov olub. Mən sadəcə musiqimizi səviyyəli, keyfiyyətli, maraqlı görmək istəyirəm. Təəssüf ki, musiqimizdə yad ladlar, təkrarlar çoxdu. Eynilik insanı yorur. Əsas da gənclərimizin yeni aranjiman üslubu çox yorucu, təkrardı. Bu, insanı yorur. Musiqilər bənzər, ifalar oxşardı.

- Hələ də Habil Əliyevin oğlu olmaq sənə təpki, sıxıntı yaradırmı? Habil müəllim sağ olanda açıq fikirli olub deyə onu sevməyənlər də var idi. Onlar sənin yolunu kəsməyə vaxtilə cəhd edirdilər.

- Məni sıxanlar yoxdu artıq. Axı bu gün üzdə deyiləm, onlar üçün qlobal görünmürəm. Üzdə olsam, yenə sıxarlar. Mən çəkilmişəm kənara, sakit oturmuşam. Sadəcə olaraq gözləyirəm. Zamanımı gözləyirəm. Arzularım var, ümidlə gözləyirəm ki, dövlət səviyyəsində o arzularımın həyata keçməsi üçün mənə şərait yaradılacaq. İnanın, gözəl layihələr təqdim etmək istəyirəm.

- Səni sənət aləmində narahat edən nədi?

- Efirlərdə olan biabırçılıqlar məni narahat edir. Baxın görün efirə kimləri çıxarırlar. Televiziyada hansı musiqilər təbliğ edilir. Mənim şəxsi fikrimdi. Kim istəyir razılaşsın, kim istəyir razı olmasın. Azad iqtisadi mexanizmin içində televiziya olmamalıdır. Televiziya stratejidir. Televiziya toplumdu. Televiziya cəmiyyətdi. Mənim fikrimcə, yalnız dövlət televiziyanın fonunda digər televiziyalar fəaliyyət göstərməlidir. Televiziyalar dövlət nəzarətində olsalar belə çirkin efir görüntülərini görə bilmərik. Baxın görün Azərbaycan Dövlət Televiziyasında belə mahnılara yer verilirmi? Qətiyyən. Kommersiya maraqlarına xidmət edən özəl telekanallar isə reytinq xatirinə efir etikasından uzaq olublar. Kim istəyir efirə çıxır, kim nə istəyir danışır, əlinə mikrofon götürən hər kəs müğənni kimi təqdim edilir. Mədəniyyət Nazirliyi hara baxır? Axı efir etikası, estetikası televiziyada vacibdi. Efir mədəniyyəti, tərbiyəsi yoxdu bu gün efirlərimizdə. Aparıcı verilişinə dəvət etdiyi qonağa istədiyi təhqiri edir, onunla efirdə istədiyi tərzdə danışır, bu nə dərəcədə doğrudur? Nə qədər ki, kanallar reytinq əsiridi, o qədər mədəniyyətimiz məhvə doğru gedər. Gənc nəsil kimdən nə öyrənə bilər? Kitab oxuyan yox, mütaliə ilə məşğul olan yox. Cəmiyyətin intellektual savadı aşağı düşüb. Müğənni olmaq arzusunda olanların sayı-hesabı bilinmir. Kimin evində Ramiz Rövşən şeiri var, Elçin Əfəndiyevin əsəri olan kitaba rast gələ bilərsiz? Efirdə bu gün kitab rəflərinə rast gələ bilərsiz? Yox. İndi hamı kompyuter xəstəsi olub. Ədəbiyyatdan, poeziyadan, savaddan uzaq millətin sonu hara gedə bilər? Bizim cəmiyyət az qala manqurtlaşır. Bu, faciədir. O zaman mənim rəhmətlik atam danışırdı, deyirdim, ay ata, danışma, sus. Deyirdi ay bala, mənim elə yaşımdı ki, qocalmışam, deməliyəm, gəncliyə yazığım gəlir. İndi mən də elə yaşa gəlib çatmışam ki, susa bilmirəm. O yaşdayam ki, dövlətimə, millətimə olan sevgimi tam dərk edirəm. Ona görə də bu millətin savadlı, təhsilli olmasını arzulayıram. Mən intellektual gəncliyin arzusundayam. İstəyirəm ki, gəncliyimiz millətə, dövlətə, cəmiyyətə faydalı olsunlar. İstedadı olanlarımız var. Fəxri ada həsrət qalıblar. Mədəniyyət Nazirliyi onları görmür? Axı onların zəhməti var. Fəxri ad sənətçiyə mənəvi ruh verir, sənətinə olan dəyər onu bir az da ruhlandırmış olur, stimul yaradır. Niyə onların yaradıcılıq xəyallarını yıxırıq, dağıdırıq? Bu, kimə lazımdı? Bu millətin mənəviyyatını reytinq qurbanı etməyək. Axı istedadlı insanı təbliğ etmək mənəvi borc sayılmalıdır. Onların sənəti var. Bəlkə onlar kanallarda bəziləri kimi meymunluq edə bilmirlər, amma istedadlıdırlar. Bunu dəyərləndirmək lazımdı.

 Mən fəxri ad arzusunda deyiləm, inanın. Amma bu adın arzusu ilə yaşayan sənətkarlar var. Mən hüquqşünasam, istədiyim vaxt prokurorluq, məhkəmə sistemində çalışa bilərəm. Mənim üçün sənət ruhumun qidasıdır, başa düşürsüz? Mən sənətə ruhən bağlı insanam. Mənim ada ehtiyacım yoxdu. Bu sahədə daha böyük layihələrə imza ata bilərəm. Mənim genetikamda musiqi, sənət var. Bütün həyatımı musiqiyə bağlamışam. Amma çox təəssüf, mənə bunun üçün sağ ol deyən olmayıb. Necə olur ki, Avropada, Asiya ölkələrində, mənim mahnılarımı oxuyurlar, ancaq mənə burda dəyər verilmir? Zənci, rus mənim mahnımı dinləməkdən zövq alır, o mahnılara müraciət edirlər, mənə özümüzdə dəyər yoxdu. Məni ağrıdan budu.

 Azərbaycan televiziyaları üçün Rəvan reytinq deyil deyə onunla maraqlanmırlar. Onlara reytinqli mahnı ifa edənlər maraqlıdı. Çünki ordan gəlir qazanır. Mən onsuz da səhnədən küskünəm. Atam rəhmətlik izini qoyub getdi sənət aləmində, mən də könüllərdə bir az sevgi yarada bilmişəmsə, bu mənə bəs edir. Bundan sonra gələn istedadlılar əziyyət çəkməsin. Məni narahat edən budur. Gənclər arasında mənim kimi istedadı olanlar itib batmasın.

Tahirə Məmmədqızı