Türkiyə hökuməti artıq terrorçulara inanmır
PKK əməliyyatlardan ağır zərbə alıb, ona görə dialoq çağırışları edir
Türkiyənin Baş naziri Binali Yıldırım PKK terror təşkilatının hökumətə görüş təklif etdiyini deyib. Baş nazirin sözlərinə görə, terrorçular AKP-yə "görüşə bilərik, silahları buraxmaq olar, danışaq” kimi birbaşa və ya dolayı yolla xəbər göndərirlər. Yıldırım artıq terrorçularla danışılacaq bir şeyin olmadığını bəyan edib. Hökumət başçısı PKK terror təşkilatına daxildə və xaricdə dəstək verən güclərin olduğunu, günü gəlincə türk millətinin həmin güclərdən hesab soracağını söyləyib.
Xatırladaq ki, son dövrlər Türkiyə dövləti ardıcıl olaraq terrorçulara qarşı hərbi əməliyyatlar keçirir. Əməliyyatlar nəticəsində minlərlə terrorçunun zərərsizləşdirildiyi bildirilir. Ekspertlərə görə, türk ordusundan ağır zərbələr alan PKK-çılar danışıq və görüş bəhanəsiylə bir qədər vaxt udmaq, yenidən dirçəlmək istəyirlər. Bu barədə "Şərq”ə danışan Elxan Şahinoğlu deyib ki, bir vaxtlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürd açılımını irəli sürdü və bu istiqamətdə xeyli iş gördü. İslahatlardan sonra bir qisim kürdlərin narazılığı aradan qalxdı. Kürd dilində televiziya fəaliyyətə başladı, öz dillərində danışmaq imkanları əldə etdilər. Kürdlər yaşayan bölgələrdə böyük layihələr həyata keçirildi, hava limanları, məktəblər, xəstəxanalar tikildi. Ancaq bunlar PKK-nın maraqlarına cavab vermirdi. Çünki kürdlərin iqtisadi-sosial problemləri həll olunduqca, PKK yerli əhalinin dəstəyini itirirdi: "O zaman da PKK yalandan danışıqlara hazır olduqlarını deyirdilər. Hətta həbsdə yatan terrorçu lider Öcalanın Diyarbəkir mitinqində iki dəfə müraciəti oxundu. Öcalan kürdlərə silahı yerə qoymağı və siyasətlə məşğul olmağı tövsiyə edirdi. Türkiyə hökuməti bir müddət terrorçuların vədlərinə inandı. AKP elə hesab etdi ki, terrorçular silahı yerə qoyacaq. Amma belə olmadı. Atəşkəsdən sui-istifadə edən terrorçular qəsəbə-kəndlərdə özlərinə baza qurdular və ard-arda terror hadisələri həyata keçirərək türk hərbiçilərini, polisləri şəhid etdilər. Bu hadisələrdən sonra Ərdoğan hökuməti PKK ilə danışıqlardan birdəfəlik imtina etdi və terrorçuların başını əzmək qərarı aldı”. E.Şahinoğlunun sözlərinə görə, aparılan hərbi əməliyyatlar nəticəsində xeyli terrorçu məhv edilib: "PKK-nın Türkiyə ərazisində 2000-dən çox silahlı gücünün olduğu deyilirdi. 10 ay ərzində aparılan əməliyyatlar nəticəsində faktiki iki minə yaxın terrorçu məhv edilib. Düzdür, bunun ağır nəticələri də oldu. Qəsəbələr yararsız hala düşdü, bir neçə şəhərdə, İstanbulda, Mardində partlayışlar törədildi. Amma türk ordusu terrorçulara qarşı silahlı basqınlar həyata keçirməyə məcbur idi. Hiss olunur ki, PKK basqınlardan güclü zərbə alıb. Ona görə də vəziyyətdən çıxmağa çalışır. Lakin inanmıram ki, terrorçular təslim olmaq, silahı buraxmaq istəyirlər. Onlar heç vaxt səmimi olmayıblar. Məncə, artıq Türkiyə hökuməti də terrorçulara inanmır”.
İsmayıl