Danışıqlarının hamısı köhnədir: Amerikalı həmsədr yeni bir fikir deməyib

"Uorlik çalışır ki, görüşdən əvvəl xarici işlər nazirlərinin dialoq haqqında fikirlərini öyrənsin, vəssalam"

 "Münaqişənin həlli üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyac var”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Həmsədr bəyan edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirməyi və danışıqlar prosesinin inkişafı barədə fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyir. Məlumat üçün deyək ki, Minsk Qrupunun həmsədrləri payızda bölgəyə səfər etməyi planlaşdırır. Ancaq səfərin dəqiq tarixi məlum deyil. Məsələni "Şərq”ə şərh edən siyasi ekspert Arzu Nağıyev deyib ki, Uorlik yeni öhdəlik deyəndə, əslində köhnə həll prinsiplərini nəzərdə tutur: "Həmsədrin vurğuladığı öhdəliklər münaqişənin həlli ilə bağlı yeni "Madrid prinsipləri” çərçivəsində tərəflərə təqdim edilən təkliflərlə bağlıdır. Həmin öhdəliklər isə yeni deyil və dəfələrlə gündəmə gəlib, müzakirə edilib. Amma heç bir nəticəsi olmayıb. Məlumdur ki, Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşü planlaşdırılır və bunun da təşəbbüskarı ABŞ-dır. Burada əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllinin birbaşa rəsmi Vaşinqtonun himayəsi ilə həyata keçirilməsidir. Uorlik isə çalışır ki, görüşdən əvvəl xarici işlər nazirlərinin dialoq haqqında fikirlərini öyrənsin, vəssalam”.

İsmayıl