Hrant Dink üzərindən türk-erməni dostluq körpüsü qurmaq ideyası yanlışdır
Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda erməni dilində nəşr olunan "Agos” qəzetinin baş redaktoru Hrant Dinkin öldürülməsinin 8-ci ildönümü ilə bağlı açıqlama verib. Davudoğlu Dinki türklər və ermənilərin ortaq gələcəklərini inşa etməyin yollarını arayan dəyərli bir Anadolu ziyalısı adlandırıb.
Türk-erməni dostluğuna inanan hər kəsi yeni bir başlanğıca dəvət edən baş nazir bütün ermənilərə çağırış ünvanlayıb: "Türkiyə ermənilərin acılarını paylaşır və iki xalq arasında yenidən birgə duyğuların yaranması üçün səbr və qərarlılıq göstərir. Hörmətli Ərdoğanın ermənilərə başsağlığı mesajı da bu cəhdlərin ən bariz ifadəsidir”. Eyni coğrafiyanı bölüşən türklər və ermənilərin bütün məsələləri yalnız öz aralarında müzakirə edə biləcəklərini vurğulayan Davudoğlu 1915-ci ildə Osmanlı imperiyası tərəfindən ermənilərə qarşı ciddi səhvlər buraxıldığını iddia edib. Ancaq baş nazirin sözləri Türkiyə və Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Davudoğlunun açıqlamasına etiraz edənlər baş nazirin bu cür yanaşmasını anlaşılmaz hesab ediblər. Əslində bütün tarixi sənədlər göstərir ki, 1915-ci il tarixində Osmanlı imperiyasının Van şəhərində baş vermiş hadisələrin əsas günahkarı məhz ermənilər olub. Həmin günlərdə Rusiya imperiyası Osmanlıya hücum edib və Bəyazid qalasını alaraq Vana doğru irəliləyib. Ermənilər bundan istifadə edərək 40 minə yaxın silahlı adamla Vandakı türkləri qətlə yetirməyə başlayıblar. Tarixi mənbələr 20 minə yaxın türkün öldürüldüyünü bildirir. Rusların əlindən şəhəri geri alan Osmanlı üsyançıları cəzalandıraraq dinc erməniləri döyüş bölgəsindən Aralıq dənizi sahillərinə köçürüb.
Türkiyə baş nazirinin uğursuz çıxış etdiyini deyən siyasi ekspert, professor Qabil Hüseynlinin sözlərinə görə, Davudoğlunun ermənilərə müraciəti heç bir müsbət nəticə verməyəcək: "Əlbəttə, biz Hrant Dinkin öldürülməsini bəyənmirik. Amma bu adam öz yazılarında erməniçiliyi müdafiə edərək türkçülüyü alçaldıb. Yəni həmin şəxsin özü türk cəmiyyəti ilə ermənilər arasında uçurum yaradıb. Ona görə də Hrant Dink üzərindən türk-erməni dostluq körpüsü qurmaq ideyası yanlışdır. Çünki Dink Türkiyədə millətçi kəsimi boğaza yığmış bir şəxs olub. O, əlindəki qəzetdən istifadə edərək və müəyyən dairələrdən dəstək alaraq, Türkiyə dövlətinin və Atatürkçülüyün əleyhinə yazıb. Bu səbəbdən Dinki "ziyalı” və ya "birləşdirici dəyər” kimi qələmə vermək absurd fikirdir. Onu qətlə yetirən şəxs deyirdi ki, "Dinkin məqalələrini oxuyanda mənim qanım donurdu”. Görün Dink türklərin əleyhinə nə qədər ikrahla yazıb ki, insanlar buna tab gətirə bilməyib. Türkiyədə yaşayıb, yeyib-içib, əvəzində türk dövlətinə qarşı mübarizə aparan şəxsə yaxşı münasibət ola bilməz”. Politoloqun qənaətincə, Davudoğlunun yanaşması diplomatik nöqteyi-nəzərdən hakim AKP-yə sərf edə bilər, amma bütövlükdə türk cəmiyyətinə ziddir və gerçəkliyi əks etdirmir: "Türkiyədə müəyyən dairələr türkçülüyü qəbul etmir. Ölkədə türk millətinin hakim mövqedə olmasını istəməyənlər var. Onlar mənşə etibarı ilə Balkanlardan və ya Osmanlının digər yerlərindən gəlmiş əslən türk olmayan insanlardır. Belə adamlar öz xislətlərinə uyğun olaraq "hamımız Hrant Dinkik” kimi şüarlar altında tez zamanda birləşə bilirlər”. Q.Hüsenyli deyib ki, Davudoğlunun ermənilərə dəvəti və tarixi köç prosesində hansısa xətaların olduğunu bəyan etməsi onu çox təəccübləndirib: "Erməni köçünə səbəbiyyət verən ciddi amillər var. Osmanlı təbəəsi olan ermənilərin rus ordusu ilə birləşərək Anadoludakı türk əhaliyə necə divan tutduqları sənədlərlə, faktlarla sübut olunub. Köç siyasəti erməni xəyanətinin qarşısını almaq üçün nəzərdə tutulan zəruri dövlət tədbiri idi. Ola bilər, köç zamanı xəstəlikdən, yorğunluqdan və s.-dən bəzi ermənilər həlak olub. Amma bunun "soyqırım” kimi qələmə verilməsi və Türkiyə hakimiyyətinin də buna ürək yanğısı ilə yanaşması qəbuledilməzdir. Ermənistanı yola gətirmək mümkün deyil. Çünki onların öz platforması var və əsas məqsədləri uydurma soyqırımı dünya ictimaiyyətinə zorla və ya xoşla qəbul etdirməkdir”.
İsmayıl