Dayılar, əmilər bu işi görə bilməzlər

Məktəblərin mühafizə məsələsi yenə ciddi problem olaraq qalır
“Bu şəxslər mühafizəçinin hansı vəzifəni daşıdığını heç bilmir. Onlar heç bir xüsusi təlim keçməmiş, ekstremal vəziyyətdə davranış qaydalarını bilməyən təsadüfi adamlardır”


Paytaxt məktəblərindən birinin önündə narkotik tərkibli konfetəbənzər həblərin satılması ilə bağlı sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyi dərhal araşdırmalara başladı və informasiyanın uydurma, şayiə xarakterli olduğu müəyyənləşdi.

DİN əhaliyə ünvanladığı müraciətində təxrbiat xarakterli məlumatlara inanmamağa, hər hansı pozuntu halları ilə qarşılaşdıqları təqdirdə isə "102 Zəng Mərkəzi”nə müraciət etməyi məsləhət görür.
Sosial şəbəkələrdə yayılmış səs yazısı təxribatçı olsa da, ümumtəhsil məktəblərinin mühafizə problemini aktuallaşdırır. Məlumdur ki, bu sahədə vəziyyət qənaətbəxş sayıla bilməz. Məktəblərin mühafizəsinin təşkili hələ sabiq nazir Misir Mərdanovun vaxtından gündəmə gətirilmişdi. M.Mərdanov bu işi yoluna qoymamış vəzifəsinə "əlvida” dedi. Sonrakı nazirin dönəmində də mühafizə probleminin həlli alayarımçıq qaldı. Bəzi məktəblər bu işi öz hesablarına təşkil etdilər. "Hesabı” kiçik olanlarsa mühafizədən də kasad qaldılar.
Məktəb, uşaq bağçası, eləcə də ali təhsil müəssisələri kütləvi xarakterli olduğu üçün ən həssas nöqtələrdir. Deməli, onların mühafizəsi də ciddi təşkil edilməlidir. Belə müəssisələrə tərkibi naməlum qidaların, zərərli məhsulların, əşyaların, eləcə də, təlim-tədrislə bağlantısı olmayan şəxslərin daxil olması qəti qadağan edilməlidir.

Bəs təhsil müəssisələrinin mühafizəsi necə təşkil olunur?

Təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında mühafizə işinin kifayət qədər ciddi məsələ olduğunu dedi:

- Ölkə üzrə 4500 orta ümumtəhsil məktəbi var. Amma məktəblərin qorunması ürəkaçan deyil. Məktəblərin qorunması dedikdə, təkcə məktəb binası nəzərdə tutulmur, məktəbin yerləşdiyi ərazi də qoruma dairəsinə aid edilməlidir. Məktəb binasının yerləşdiyi ərazidən 120-150 metrlik məsafə məktəb ərazisi hesab edilir. Bu ərazi mühafizə obyektinə daxil olmalıdır. Bu məsafədə spirtli içki, tütün məmulatlarının satışı, kommersiya obyektlərinin olması qadağandır. Amma gəlin baxaq, bizim ümumtəhsil məktəblərinin, ali təhsil müəssisələrinin yerləşdiyi binaların yaxınlığında, qarşısında restoranlar, kafelər, dönərxanalar, internet klublar, siqaret satışı, hər şey var.
K.Əsədov hesab edir ki, məktəblərin mühafizəsi dövlət büdcəsi hesabına həyata keçirilməlidir, yaxud da bu məqsədlə Ehtiyat Fonddan vəsait ayrıla bilər. Amma məktəblərin mühafizəsi ilə bağlı heç bir rəsmi qərar, göstəriş yoxdur. Nə ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsində, nə 
Nizamnaməsində mühafizə ilə bağlı heç nə qeyd edilməyib:

- Mühafizə işi kortəbii şəkildə həyata keçirilir. Məktəblər bunu daxili imkanları hesabına edir. Bəzən də valideynlərdən pul yığılır. Məktəblərin çoxunda mühafizə işini, ya təsərrüfat məsələlərinə baxan dayılar, əmilər həyata keçirir, ya da dalandarlar. Bu gün də məktəblərimizdə dalandar vəzifəsi var. Yəni, "qapıçı”. "Qapıçı”ya mühafizə əməkdaşı forması geyindirib "mühafizəçi” ediblər. Bu şəxslər mühafizəçinin hansı vəzifəni daşıdığını heç bilmir. Onlar heç bir xüsusi təlim keçməmiş, ekstremal vəziyyətdə davranış qaydalarını bilməyən təsadüfi adamlardır. Heç bir rəsmi qurumda qeydiyyatdan keçməyiblər. Əmək haqlarını məktəb özü verir. 

Mühafizə deyəndə, elə bilirlər mühafizəçinin işi məktəbin qapısı ağzında dayanıb gəlib-gedəndən "hara gedirsən, kim lazımdı?” soruşmaqdan ibarətdir. Mühafizəçi çox ciddi vəzifədir. Mühafizəçi xüsusi təlim keçmiş, ekstremal vəziyyətlərə hazır, silahlı şəxs olmalıdır. Bunu da lazımi qaydada yalnız mühafizə polisi həyata keçirə bilər. Daxili İşlər Nazirliyinin mühafizə polisi var. Ya gərək Təhsil Nazirliyi DİN-lə birgə əməkdaşlıq edib mühafizə polisinin xidmətlərindən istifadə etsin, ya da özəl mühafizə şirkətləri ilə müqavilə əsasında işləsinlər. Özəl şirkətlər də mühafizə əməkdaşlarına xüsusi sertifikat verməlidir. Siz Avropa ölkələrində təsadüfi adamları mühafizə xidmətində görə bilməzsiniz. Məsələn, Belçikada, Almaniyada məktəb mühafizəçiləri xüsusi təlim keçmiş adamlardır. Məktəblərlə yanaşı, ali təhsil müəssisələri də ciddi mühafizə altında olmalıdır. 

Neft və Sənaye Universitetində (Neft Akademiyası - red.) baş vermiş qanlı hadisə hamımızın yadındadır. Bizim bundan ibrət almağımız lazım gəlir. Amma bu gün 54 ali təhsil müəssisəsindən cəmi 6-da polis mühafizəsi var. Ümumiyyətlə, istər məktəblər olsun, istər ali təhsil müəssisələri, mühafizə xidməti çox bərbad şəkildə təşkil olunur. Bu, təkcə təhsil müəssisələrinə aid deyil, yaşayış binalarında da mühafizəçi vəzifəsinə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan adamları təyin edirlər. 

Çoxu yaşlı dayılardı. Yaşayış binası inşa edən şirkətin rəhbərliyi, mühafizə xidməti tələb olunur deyə, özünün tanışını, qohumunu gətirib qoyur mühafizəçi. Bu adamın da nə özünün hüquq və vəzifələrindən, nə də qarşısındakının hüquqlarından xəbəri olur. Belə mühafizə xidməti təşkil etmək yanlışdır. Sonradan bunun acı nəticələrinə qatlanmaq çox çətin olur.

Məlahət