Kamran Əsədov: “Uşaq rus dilində heç bir hazırlıq keçməyibsə, uşağı rus dili bölməsinə qoymaq, uşağa zülm verməkdir”
Dəbdir, yoxsa səviyyə?
Rus dilini bilməyən valideynlər də övladlarını rus bölməsinə qoyur
Kamran Əsədov: “Uşaq rus dilində heç bir hazırlıq keçməyibsə, uşağı rus dili bölməsinə qoymaq, uşağa zülm verməkdir”
Kamran Əsədov: “Uşaq rus dilində heç bir hazırlıq keçməyibsə, uşağı rus dili bölməsinə qoymaq, uşağa zülm verməkdir”
Nizami Cəfərov:"Düşünmürəm ki, rusdilli məktəblərə meylin artması ana dilimizin inkişafına hansısa mənfi təsir göstərəcək”
Son illər Azərbaycanda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Xüsusilə rusdilli olmayan ailələrin rus bölməsinə müraciət etməsi paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı yaradıb.
Pedaqoqlar hesab edir ki, rus bölməsinə marağın artmasının başlıca səbəbi Azərbaycan bölməsində təhsilin istənilən səviyyədə olmamasıdır. Başqa faktor isə bunun bir dəb halını almasıdır. Ailələri rus dilində təhsilə meyilləndirən əsas səbəblərdin birinin də rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlı olduğu güman edilir.
Təhsil eksperti Kamran Əsədov da özünün feysbuk hesabında özləri rus dilini bilməsə də, övladının rus bölməsində oxumasını istəyən valideynlərin sayının çoxluğundan gileylənib. Bakı şəhəri üzrə bütün orta məktəblərin rus bölməsi üçün 1-ci sinfə ayrılmış yerlərin 1 gün ərzində tamamilə dolduğunu qeyd edən Kamran müəllim öz statusunda rus dili bilməyən valideynlərə səslənib. Ekspert bildirib ki, özü, valideynləri rus dilində bilməyənlər "moda” xətrinə və ya guya, "yüksək səviyyə” xəttinə rus bölməsini seçdiyini deyir: "Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil İdarəsinə təklif edirəm ki, 1-ci sinfə şagirdlərin qəbulu zamanı rus bölməsini seçənləri yoxlayıb ondan sonra qeydiyyatdan keçməyə buraxın. İbtidai sinifdə rus bölməsində təhsil alan şagirdlər yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirlər. Çünki proqram çətinləşir və valideyn ev tapşırığı və digər məsələlərdə kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərbad bir mənzərə çıxır. Kimsə rus dilində səlist, sərbəst bilir, kim isə ilk dəfə rus dili ilə tanış olur. Məktəb xarici dil öyrədir, daha xarici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar nəzərə alacaqlar”.
Sözügedən məsələ ilə bağlı daha ətraflı açıqlama almaq üçün K.Əsədovla əlaqə saxladıq. Azərbaycanda orta məktəblərin ümumi sayının 4472 olduğunu xatırladan ekspert deyib ki, 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir: "Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.
Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Müqayisə üçün qeyd edim ki, 1990-cı illərin sonlarında rus bölməsində təxminən 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7 faizə çatırdı. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur”.
K.Əsədov gənclərin xarici dilləri bilməsinin müsbət hal olduğunu hesab edir, amma rusdilli məktəblərə meylin artmasının zərərli olduğunu deyib: "Azərbaycanlı ailədən olan uşaq öz dilində deyil, yabançı dildə oxuyur. Füzulini, Nizamini və digər Azərbaycan dahilərini, mütəfəkkirlərini tanımır. Öz folklorundan xəbəri yoxdur. Milli bazadan uzaqlaşıb ayrı bir xalqın nəzəriyyəsinin təsiri altına düşür. Əlbəttə, bu axının ziyanı çoxdur. Fikrimcə, rus bölməsinə marağın artmasının başlıca səbəbi Azərbaycan bölməsində təhsilin istənilən səviyyədə olmamasıdır. Başqa faktor isə bunun bir dəb halını almasıdır. Bəzi ailələrdə valideynlər özləri rus dilini bilməsə də, övladının rus bölməsində oxumasını istəyir. Lakin evində rus dilində danışmayan ailələrin də övladlarını rus məktəblərinə verməsi bu sahədə problemlər yaradır və paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı yaşanır. Sanki 1960-70-ci illərin imperiya dövrünü yaşayırıq. Hətta rayon qeydiyyatında olan və rusca bilməyən ailələr də uşaqlarını rus məktəblərinə qoymaq istəyirlər”.
Təhsil ekspertinin sözlərinə görə, problemdən çıxmaq üçün Azərbaycan bölmələrində rus dilinin tədrisi gücləndirilməlidir:
"Hazırda elə məktəblər var ki, rus dili həftədə 1 saat belə tədris edilmir. Təklif edirəm ki, məktəblərdə 5-ci sinifdən başlayaraq həftədə 2 saat rus dili tədris olunsun. Düşünürəm ki, evdə nə ata, nə də ana rus dilini bilmirsə, üstəlik, uşaq rus dilində heç bir hazırlıq keçməyibsə, uşağı rus dili bölməsinə qoymaq, uşağa zülm verməkdir. Uşaq bilməyəcək ki, dili öyrənsin, yoxsa müəllimin öyrətdiklərini mənimsəsin. Rus bölməsində sinifdə müəllim ancaq rus dilində danışır. Dili bilməyən şagird dərsin izahını da qavramayacaq”.
Millət vəkili, akademik Nizami Cəfərov Kamran Əsədovun təklifi ilə həmrəy olmadığını deyib. Azərbaycanın demokratik və hüquqi bir dövlət olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, heç bir valideynə rus dilini bilmir deyə uşağını rus bölməsinə yerləşdirməsinə qadağa qoyula bilməz:
"Əgər Azərbaycanda rusdilli orta məktəblər fəaliyyət göstərirsə, müvafiq yerlərə uyğun kim istəsə, seçim edə bilər. Mən burada heç bir problem görmürəm. Düşünmürəm ki, rusdilli məktəblərə meylin artması ana dilimizin inkişafına hansısa mənfi təsir göstərəcək. Dilimizin mövqeləri kifayət qədər möhkəmdir. Hətta onlarla uşaq dili mükəmməl səviyyədə mənimsəyə bilmədiyi üçün yuxarı siniflərdə rus dili bölməsindən imtina edir”.
Akademikin sözlərinə görə, 1-ci sinfə şagirdlərin qəbulu zamanı rus bölməsini seçənlərin yoxlanılmasından daha çox bu dilə olan maraq təhlil olunmalıdır. Təhsil Nazirliyi mütəxəssislərin, müstəqil ekspertlərin köməyi ilə rusdilli məktəblərə bu qədər meylin haradan qaynaqlandığını araşdırmalıdır. Heç bir valideyn öz uşağını tədrisin aşağı səviyyədə olduğu məktəbə yazdırmaq istəməz. Yəqin ki, rusdilli məktəblərdə hansısa üstünlük varsa, valideynlər bu qədər axın edir. Düşünmürəm ki, bu meyl hansısa siyasi məqsədlərdən və ya ruspərəstlikdən irəli gəlsin.
Bu, birmənalı olaraq rusdilli məktəblərdə kadr hazırlığının yüksək olması ilə bağlıdır. Hesab edirəm ki, Anadilli məktəblərdə təhsilin səviyyəsi ən yüksək səviyyəyə çatdırılsa, valideynlər uşaqlarını rusdilli məktəblərə yazdırmaq üçün bu qədər canfəşanlıq etməzlər. Rus dili ilə yanaşı, Türkiyənin Azərbaycanda açdığı məktəblərə də maraq kifayət qədərdir. Niyə? Çünki onlarda nizam-intizam, təlim-tədris daha üstündür.
Şəymən