Dədə Camalın vəsiyyətinə əməl olundu

Fədakar elm xadimi Borçalıda - doğma kəndində dəfn olunacaq






Dünən Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev vəfat edib. Camal Vəli oğlu Mustafayev 1928-ci ildə Qarayazının Kosalı kəndində anadan olub. Tbilisidə Müəllimlər İnstitutunu başa vurandan sonra öz kəndində müəllim işləyib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub və bir ildən sonra Moskva Dövlət Universitetinə keçirilib. 1976-cı ildən 1999-cu ilədək Bakı Dövlət Universitetinin professoru olub.

1999-cu ildən vəfatına qədər isə Xəzər Universiteti Tərcümə Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. Camal Mustafayev orta əsrlər Azərbaycan fəlsəfi fikri sahəsində bir sıra sanballı əsərlər çap etdirib. Xüsusən, onun Nizami fəlsəfəsinə, XII əsr Azərbaycan düşüncəsinə aid əsərləri geniş oxucu kütləsinə bəllidir. Moskva və başqa şəhərlərin nüfuzlu jurnallarında əsərləri çap olunub. Müsəlman Şərq sosial utopiyasına aid tədqiqat işləri xarici dillərə tərcümə edilib. Mərhum alim Azərbaycan fəlsəfəsi, etika və estetikası sahəsində bir sıra elmlər namizədi, elmlər doktoru yetişdirib. Eyni zamanda müasir Azərbaycan şeirinin əsas tədqiqatçılarından olub.
Görkəmli alimlə bağlı təəssüratlarını "Şərq”ə bölüşən Bakı Dövlət Universitetinin dosenti, Borçalıdan olan tarixçi-alim Kərəm Məmmədov bildirib ki, Camal Mustafayev təkcə Borçalının deyil, bütöv Azərbaycanın ziyalısı idi: "İnanın, mən o insanı görəndə elə bil XIII əsrdəki sufiləri görürdüm. Camal müəllim dünyasını dəyişsə də, ürəyimizdə hər zaman yaşayacaq”.

Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli də "Şərq”ə açıqlamasında mərhum alimin böyüklüyünə, xalqı və dövləti üçün gördüyü işlərə diqqət çəkib:

"Camal müəllim bizim Kosalı kəndində doğulub və boya-başa çatıb. Onun bütün əsli-nəslini yaxşı tanıyıram. Əslində, Camal müəllim çoxdan Borçalının və hətta Azərbaycanın sərhədlərini aşmış ziyalı şəxslərdən biri idi. Onun elmi yaradıcılığı və fəlsəfi araşdırmaları olduqca mühümdür. Avropa və Şərq fəlsəfəsinin dərindən bilicisi kimi hər ikisini araşdırıb, müqayisə edib və Şərq fəlsəfəsinə üstünlük verib. Bəşəriyyətin təməlinin və mədəniyyətin beşiyinin Şərq olması haqqında onun çox cəsarətli fikirləri, elmi araşdırmaları var. Camal müəllim fəlsəfənin həm antik dövrlərdə, həm də çağdaş zamanımızda folklorumuza, mədəniyyətimizə sirayət etməsi, Aşıq Ələsgər irsinin tədqiqi, həmçinin Hegel və Zərdüştliyə aid elmi araşdırmaları ilə öz möhürünü vurub. Dədə Camal insanlıq zirvəsini fəth edib, ömrü boyu rüşvət almayıb, əyilməyib. Hələ sağlığında Fəxri Xiyabanda dəfn olunmaqdan imtina edərək vəsiyyət edib ki, onu öz elində, doğma kəndində dəfn etsinlər. 

Bu seçim də onun böyüklüyünü göstərir. Ona görə də böyük alimin ruhunu şad etmək üçün çox çalışmalı, çox fədakarlıq etməliyik”.

Z.Məmmədlinin sözlərinə görə, Borçalı Cəmiyyətinin təsis etdiyi "Dədə Camal Məclisi” el və dövlət sevgisi ilə, milli və bəşəri sevgi ilə püxtələşmiş bir insan obrazının nümayişi və gənclərimizi onun yoluna təşviq etmək məqsədi daşıyırdı: 

"Camal müəllim hələ çox tədqiq olunmalıdır. Onun irsini öyrənməyimizə böyük ehtiyac var. Bu gün alimi əbədiyyətə yola saldıq, bir az öncə karvan yola düşdü. Əfsuslar ki, böyük bir insanın, mənəvi müəllimim Camal Mustafayevin dəfn mərasimində son vida sözümü orada deyə bilmirəm. Çünki məni Gürcüstana buraxmırlar. Bəri başdan deyim ki, mənim də vəsiyyətim öz elimdir, Borçalının Kosalı kəndi və o kəndin qəbiristanlığıdır”.

İsmayıl