“Dəfələrlə hücumlara, təzyiqlərə məruz qalmışıq”
Bəhruz Quliyev: “Səs” üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışıb”
Yanvarın 11-də müstəqil Azərbaycanın ilk mətbuat orqanlarından olan "Səs” qəzetinin 26 yaşı tamam olub. Müstəqil Azərbaycanın müasir mətbuat tarixində öz dəsti-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına səs verən "Səs” qəzeti bütün bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində böyük xidmətlər göstərmiş, gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynayıb.
"Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının qaranquşlarından hesab olunur və bu qəzet ictimai-siyasi mətbu orqanı kimi 1990-cı ilin noyabrında "Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən isə dərcinə başlanılıb. Yəni, qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Olduqca mürəkkəb bir tarixi dövrdə həyata vəsiqə alan "Səs” qəzetinin əsas fərqləndirici xüsusiyyətlərindən biri məhz o olub ki, 1990-cı illərin fərqli, alternativ fikirlərini öz səhifələrinə gətirməklə, Azərbaycan xalq hərəkatında və milli-azadlıq hərəkatında fikir plüralizmini, söz və düşüncə azadlığını təmin edib.
"Səs” qəzeti Azərbaycansevərlərin səsini, azad fikirli, sağlam düşünən ziyalıların səsini xalqa çatdırıb. Ən başlıcası isə "Səs” qəzeti cəsarətlə, təqib və təzyiqlərdən çəkinmədən, əsl milli mətbuat təəssübkeşliyi ilə nəşr olunmağa başlayıb. Bunun da nəticəsi idi ki, 1991, 1992, 1993-cü illərdə qəzetə qarşı odövrkü hakimiyyət dairələri, ayrı-ayrı siyasi qüvvələr tərəfindən dəfələrlə basqılar, təzyiqlər, hücumlar edilib. "Səs” qəzeti müstəqil yönümlü idi, fikir plüralizmini, söz və düşüncə azadlığını ortaya qoymuşdu, Azərbaycan həqiqətlərini yazırdı, xalqın səsinə, harayına səs verirdi, onun mənafeyini ifadə edirdi. Milli azadlıq mübarizəsinin həqiqi mahiyyətinin ortaya çıxmasında və sağlam bünövrə üzərində müstəqillik ideyalarının insanlarımız arasında geniş yayılmasında qəzetin müstəsna xidmətləri var. Qəzetə 1993-2005-ci illərdə Ağabəy Əsgərov baş redaktorluq edib. 2005-ci il mayın 1-dən "Səs” qəzeti Bəhruz Quliyevin rəhbərliyi altında nəşr olunur.
"Qəzet öz yolundan, öz mövqeyindən dönməyib”
"Səs” qəzetinin 26 yaşı ilə bağlı "Şərq”ə açıqlama verən baş redaktor Bəhruz Quliyevin sözlərinə görə, qəzetin əsas məramı Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması idi və bu amil müqəddəs missiya kimi yerinə yetirilib: "Həmçinin, qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə, vicdanla və mərdliklə yerinə yetirib. Qəzetimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Bu, danılmaz faktdır. Həmin dövrlərdə ziyalıların Heydər Əliyevə müraciəti, ulu öndərin isə ziyalılara cavabı məhz "Səs” qəzetində dərc olundu və bu addım sonradan ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklərə
səbəb oldu. Məhz bu xidmətin nəticəsidir ki, ulu öndər Heydər Əliyev öz çıxışlarında hər zaman vurğulayardı ki, "Səs” qəzeti onun üçün ən əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. Onun bu uzaqgörənliyi hazırda reallaşıb və təsdiqini tapıb.
"Səs” qəzetinin müxalif qəzeti kimi işıq üzü görərək, çətin dövrlərin enişli-yoxuşlu yollarını keçdiyini vurğulayan baş redaktora görə, əbəs yerə deyil ki, yarandığı dövrlərdə "Səs” qəzeti dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb: "Hətta redaksiyaya ozamankı iqtidarın silahlı hücumları da olub. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib, əksinə olaraq yoluna daha qətiyyətlə, mübarizəylə davam edib. Bu baxımdan, "Səs” qəzeti iqtidara müxalif olub və indiki bəzi müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə, xalqa müxalif mövqedə dayanmayıb. Ona görə də istər müxalifət mətbuatı olduğu zamanlarda, istərsə də iqtidar mətbuatı olduqdan sonra "Səs” Azərbaycan mediasına bir mayak olaraq, hətta müxalif mövqedə olmaqla da xalqa xidmət etməyin ənənəsini yaradıb”.
"Səs” qəzetinin 26 illik ömür yoluna nəzər salan B.Quliyevin sözlərinə görə, qəzet yarandığı gündən yenilənməyə meyilli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb: "Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışıb. Qəzet modernləşərək öz bazasında "Səs” İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün "Səs” İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq. Ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirilir. Ümumiyyətlə, "Səs” qəzeti mütəmadi olaraq regionların sosial-iqtisadi inkişafı, problemlər, əldə olunan uğurlarla bağlı "dəyirmi masa”lar təşkil edib. "Səs” qəzetinin redaksiyası hər zaman ictimai fikri maraqlandıran ən aktual məsələlərlə bağlı görkəmli ictimai-siyasi xadimlər, deputatlar və hökumət təmsilçilərinin iştirakı ilə keçirilən müzakirələrin ünvanına çevrilib.
Beləliklə, "Səs” ictimai-siyasi qəzet kimi üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışıb. Əminəm ki, bundan sonra da "Səs” qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla, müasir zamanın yeniliklərində öz sözünü deməyi, dövlətçilik uğrunda mübarizəsini, fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, "Səs” qəzetinin mətbuatda yeri və rolu haqqında fikirlərini bildirən media nümayəndələri qəzetin müstəqillik ideyalarının yayılmasında, Azərbaycan dövlətçiliyinin yaranmasında mühüm rola malik olduqlarını bildiriblər.
"Səs”-də cəmiyyətin bütün sferalarını əhatə edən və peşəkar informasiyalarla tanış olmaq mümkündür
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "Səs” qəzetinin ötən 26 il müddətində fasiləsiz fəaliyyət qurmağı bacaran yeganə mətbu nəşrlərdən olduğunu deyib: "Azərbaycan mətbuatında çoxlu KİV qurumları olub ki, onlar fəaliyyətə hay-küylə başlasalar da, bir müddət sonra ya maliyyə, ya rəhbərlik, ya da digər problemlər nəticəsində fəaliyyətlərinə xitam veriblər. "Səs” qəzeti mətbuata yeniliklər gətirib. Belə ki, qəzetin tərkibində "Səs” İnformasiya Agentliyi (SİA), daha sonra ilk internet televiziyalardan olan SƏS TV açılıb. Səs brendi ilə yaranan media qurumları yeni KİV texnologiyaların tətbiq edilməsi baxımından öz sözünü demiş və başqa media orqanlarına nümunə olmuş KİV qurumudur. Eyni zamanda daimi olaraq Azərbaycanda informasiya zənginliyinin yaranmasında, həmçinin fikir plüralizminin formalaşmasında ciddi rol oynayıb. Ümumiyyətlə, SƏS Media Qrupa daxil olan KİV qurumlarında cəmiyyətin bütün sferalarını əhatə edən və peşəkar informasiyalarla tanış olmaq mümkündür. Bu baxımdan "Səs” qəzetinin rəhbəri və orada çalışan bütün əməkdaşları təbrik edirəm. Arzu edirəm ki, bu tip media qurumları daha uzun ömürlü olub, başqalarına da nümunə ola bilsinlər”.
"Səs” qəzeti Azərbaycan həqiqətlərini yüksək səslə və cəsarətlə müdafiə edən azsaylı qəzetlərdən biridir
"Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yeri, üslubu və dəsti-xətti olduğunu vurğulayan "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu "Şərq”ə açıqlamasında deyib ki, müstəqil mediamızın inkişafında "Səs”in çox böyük xidmətləri olub: "Səs” qəzeti Azərbaycan həqiqətlərini yüksək səslə və cəsarətlə müdafiə edən azsaylı qəzetlərdən biridir.
Bu qəzet, təkcə qəzetçilikdə qəbul olunmuş cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməyib, eyni zamanda, Azərbaycanda ictimai-siyasi fikrin obyektiv əsaslarla formalaşmasında, Azərbaycan cəmiyyətində plüralizmin bərpa olunmasında mühüm rol oynayıb.
Ölkəmizdə ictimai-siyasi hadisələrin bulanıq və qaranlıq dövrlərində belə bu qəzet öz yolunu uğurla davam etdirdi və ulu öndər Heydər Əliyevə müraciəti öz səhifələrində dərc etmək cəsarətini nümayiş etdirdi. Sonrakı mərhələdə də "Səs” qəzeti uğurlu fəaliyyətini davam etdirdi və konkret mövqeyi ilə seçilməyi bacardı. Daim ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu müdafiə edib və indi də onun təbliği istiqamətində müstəsna fəaliyyət göstərib.
Qəzetin fəaliyyəti bu gün də bu istiqamətdə davam edir. "Səs” qəzeti Azərbaycan mətbuatı üçün bir məktəbdir. Azərbaycan mediasının müxtəlif sahələrində çalışan çoxsaylı media nümayəndələrinin bir qismi vaxtı ilə "Səs”lə əməkdaşlıq edib, onun təcrübəsindən yararlanıb. Qəzet eyni zamanda ziyalılar üçün tribuna olub. Günü bu gün də öz missiyasını davam etdirən "Səs” gündən-günə təkmilləşir və inkişaf edir. Ölkənin ən aparıcı mətbuat orqanı olaraq, öz tarixi ənənələrinə və missiyasına sadiq qalaraq, səmərəli fəaliyyət göstərir.
Jurnalist fəaliyyətinin müəyyən bir hissəsinin "Səs” qəzeti ilə bağlı olduğunu vurğulayan H.Babaoğlu müstəqilliyimizin ilk illərindən bu günə qədər qəzetlə əməkdaşlıq etdiyini və imzasının "Səs” qəzetində göründüyünü deyib: "Mənim üçün çox əziz və doğma olan "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev başda olmaqla qəzetdə çalışan əqidədaşlarımı, məsləkdaşlarımı, qəzetin yaranmasında zəhməti olan, bu qəzeti sevən şəxsləri ad günü münasibətilə təbrik edirəm. Bu cür beynəlxalq mürəkkəb şərait fonunda qəzet bütün imkanlarını səfərbər edərək dünyada baş verən qlobal problemləri və digər proseslərin Azərbaycan ictimaiyyətinə çatdırılmasının öhdəsindən müvəffəqiyyətlə gəlir. Bu yolda "Səs” qəzetinə yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, Azərbaycan mətbuatında öz ləyaqətli yerini daim qoruya bilsin.
P.S. "Şərq” qəzeti "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev başda olmaqla orada çalışan həmkarlarımızı təbrik edir, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayır!
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb