Deputat: “Almaniya Qarabağla bağlı ikili mövqe tuta bilməz”




"Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədri olması təklifləri inandırıcı görünmür”.

Bu barədə "Sherg.az”a Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərindən danışarkən millət vəkili Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Almaniya dövləti siyasi proseslərə deyil, daha çox iqtisadi məqsədlərə, bu sahədə əməkdaşlıq və əlaqələrə önəm verir:

"Azərbaycana səfəri zamanı Angela Merkelin Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdiyi bəyanatlar gözlənilməz olsa da, alqışlanandır. Lakin Almaniyanın bu məsələdə Azərbaycana hansı formada yardım edəcəyi sual altındadır. Çünki alman xarici siyasəti daha çox konfliktlərdən kənarda durmağı, iqtisadi məsələlərdə razılaşmalara üstünlük verir. Rəsmi Berlinin münaqişə ilə bağlı hansı addımları atacağını demək bir qədər çətindir. İstənilən halda Almaniyanın beynəlxalq hüquq normalarına əsaslandığını nəzərə alsaq, bu dövlət ikili mövqe tuta bilməz. Azərbaycan torpaqlarının işğal olunduğunu etiraf etməlidir.

Almaniya kanslerinin regiona səfəri tarixi hadisədir. Angela Merkel ilk dəfədir ki, ölkəmizə səfər edir. Kanslerin Azərbaycanı ən böyük ticarət tərəfdaşı adlandırması ölkəmizlə əlaqələrə xüsusi əhəmiyyət verməsinin göstəricisidir. Rəsmi Bakı-Berlin münasibətləri tək enerji sektoru ilə bağlı deyil. Ölkəmizin ildən ilə öz iqtisadiyyatını genişləndirdiyini, qeyri-neft sektorunu inkişaf etdirdiyini nəzərə alsaq, digər sahələrdə də Almaniyanın iştirakı arzuolunandır. Xatırlatmaq istəyirəm ki, Merkel Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha geniş məlumatlar malik olduğunu bildirdi”.

Qeyd edək ki, Almaniyanın nüfuzlu kütləvi informasiya vasitələri Federal Kansler Angela Merkelin Azərbaycana səfərini geniş işıqlandırıb. Belə ki, "ARD” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın enerji sahəsində Almaniya üçün mühüm tərəfdaş ölkə olduğunu yazıb.

Məqalədə Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunularaq bildirilir ki, liderlərin əsas müzakirə mövzuları enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olub. Vurğulanır ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır. Yazıda Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün əhəmiyyətinə toxunulub.

Aysel Aslan