Deputat gileyləndi: "...nə qədər savadlı hüquqşünas kənarda qalıb"




Vəkillər Kollegiyasına üzvlüklə bağlı keçirilən imtahanlarda keçid balının yüksək olmasından narazılıqlar var. Xatırladaq ki, Milli Məclisin toplantısında bəzi millət vəkilləri regionlarda hüquqşünas çatışmazlığını dilə gətirmiş, hüquqi nümayəndəlik institutunu ləğv edildikdən sonra vəkil «qıtlığı» yarandığını, lakin vəkilliyə qəbulda keçid balının yüksək olması bu sahəyə kadrların gəlişini əngəlləyir.

Məsələ ilə bağlı «Şərq»ə danışan millət vəkili Fazil Mustafa qeyd etdi ki, vəkilliklə bağlı 60 faiz keçid balı təyin etmək doğru deyil:

- Axı bizim hüquq tədrisi metodikası o səviyyədə deyil ki, 60 faiz keçid balı tətbiq edilsin. İmtahanlarda ictimai-siyasi suallar qoyulur. İctamai-siyasi sualların vəkilliyə nə aidyyəti var? Vəkil təcrübədə yetişir. İxtisas başqadır, peşə başqa. Savadlı, bilikli, Cinayət Məcəlləsinə də, başqa digər məcəllələri də lap su kimi bilən bir hüquqşünas vəkil kimi özünü yaxşı realizə etməyə də bilər. Vəkillik təcrübəsi illərlə qazanılır. Suallara qanunlarda, məcəllələrdə edilmiş dəyişikliklər daxil edilir. 

Buna nə ehtiyac var? Vəkil çalışmaq istəyən əyləşib bütün bu dəyişiklikləri əzbərləməlidirmi? Ona müdafiə prosesində hansı məcəllə, hansı qanun lazım olacaqsa, onsuz da açıb onu oxuyacaq, məlumat əldə edəcək

Elə məsələlər var ki, onlar məhz iş prosesində gərək olur. İmtahanları ağırlaşdırmaq doğru deyil. Bu səbəbdən nə qədər savadlı hüquqşünas kənarda qalıb. Hüquqi nümayəndəlik ləğv olunubsa, vəkillərin sayı artırılmalıdır ki, vətəndaşlar hüquqi müdafiəsiz qalmasın. 

Çünki bəzən vətəndaşlar vəkillə müqavilə bağlaya bilməyəndə, hüquqi numayəndə ilə razılaşırdı və həmin şəxs də prosesə çıxırdı. Bir həqiqət var ki, qabiliyyətsiz vəkilin onsuz da müştərisi olmayacaq. Yəni, keçid balı aşağı olsa, guya ki, az savadlı hüquqşünas vəkil ola bilər, arqumenti əsassızdır. Savadsız vəkil özünə yer edə bilməz. Hesab edirəm ki, vəkilliklə bağlı imtahanlarda keçid balı endirilməlidir.

Məlahət