Deputat təəssüfləndi: "Dəniz Baykal kimi təcrübəli siyasətçinin bunu edəcəyi..."

Sahib Alıyev:"Yəni Azərbaycana qarşı belə qətnamənin qəbul olunmasında maraqlı olan şəxslərin Türkiyəyə qarşı münasibətləri daha pisdir. Ona görə, açıq deyirəm, mən buna inanmaq istəmirəm"


"Türkiyə təmsilçiləri ilə bağlı anlaşılmazlıq ilk deyil".

Bunu "Sherg.az”a Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatlarının AŞ PA-da Azərbaycanla bağlı qəbul edilən tənqidi qətnaməyə səs verməsinə münasibət bildirərkən millət vəkili Sahib Alıyev deyib.

 O bildirib ki, Azərbaycanla bağlı müəyyən məsələlərin müzakirəsi zamanı qardaş ölkə təmsilçilərinin iclasda iştirak etməməsi halları da olub:

"Bu kimi hallarda sonradan texniki xəta üzündən səslərin qeydə alınmaması, yaxud anlaşılmazlıq olduğu ortaya çıxıb. Bənzər hadisələr olduğuna görə, hazırkı situasiya ilə bağlı konkret fikir yürütmək çətindir.

Əgər Türkiyə təmsilçilərinin bilərəkdən qətnamənin lehinə səs verməsi təsdiqlənərsə, təəssüf edirəm. Dəniz Baykal kimi təcrübəli siyasətçinin bunu edəcəyi ağlabatan görünmür. Çünki səsvermə sadəcə Türkiyəni və Azərbaycanı eyni gözdə görən qüvvələrə xidmətdir. Yəni Azərbaycana qarşı belə qətnamənin qəbul olunmasında maraqlı olan şəxslərin Türkiyəyə qarşı münasibətləri daha pisdir. Ona görə, açıq deyirəm, mən buna inanmaq istəmirəm. Çünki hər şey bu qədər çılpaqlığı ilə üzdədir. Bu, heç bir siyasi ayrım aparmadan Türkiyə və Azərbaycan əleyhinə olan yanaşmadır. Azərbaycana qarşı bu cür mənfi münasibət bəsləyən qüvvələrin eyni münasibəti artıqlaması ilə qardaş ölkəyə qarşı göstərdikləri vəziyyətdə belə qətnaməyə səs verilməsi normal məntiqə uyğun gəlmir”.

Qeyd edək ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları – Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub.

Xatırladaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmin qətnamələri sərt tənqid etmişdi: "Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır” sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri, ümumiyyətlə, bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər”.

Aysel Aslan