Deputat Vəkillər Kollegiyasına bina istədi





Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev vəkilliklə bağlı məsələ qaldırıb. "Sherg.az" xəbər verir ki, deputat vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı xatırladıb: 

"Bunu müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil. 
Vəkillər Kollegiyasının yeni inzibati bina ilə təmin edilməsi ilə bağlı bir müddət əvvəl parlamentdə məsələ qaldırdım. Ötən dəfə mən çıxışım zamanı xatırlatdım ki, cənab prezidentin sərəncamının olmasına baxmayaraq, Vəkillər Kollegiyası bina ilə təmin edilməyib. Ümid edirəm ki, bu sərəncamdan sonra müvafiq qurumlar Vəkillər Kollegiyasını yeni bina ilə təmin ediləcək. Hesab edirəm ki, "Vəkillər haqqında” qanun yenidən işlənməli, ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları sadələşdirilməlidir. Eləcə də vəkillərin sübutlar toplaması üçün imkanları prokurorluq orqanları qədər atırılmalıdır”. 

Millət vəkili deyib ki, qısa müddətə Azərbaycanda vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır: "Mən hüquqşünas olduğum üçün bu məsələyə hər zaman diqqət etmişəm. Hesab edirəm ki, prezidentin dünən imzaladığı sərəncam həm də bizim çıxışlarımıza verilən dəstəkdir”.

Anar