Deputat xalqı təhqir edib

Həmkarları Astan Şahverdiyevi qınadı



Ötən həftə millət vəkili Astan Şahverdiyev Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər haqda danışarkən cəmiyyətdə narazılığa səbəb olan ifadələr səsləndirib. Belə ki, deputatın etiraz edən məcburi köçkünləri dövlətə qarşı çıxmaqda ittiham etməsi və Rusiyada çalışan soydaşlarımızı "otxot” adlandıraraq təhqir etməsi əhali arasında birmənalı qarşılanmayıb.

Ciddi etirazlar səbəbindən deputat Astan Şahverdiyev növbəti dəfə açıqlama vermək məcburiyyətində qalıb və ifadələrinə görə təəssüfləndiyini bildirib: "Çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Burada əlbəttə ki, şəxsən mənə qarşı olan məsələlər də ortalığa çıxıb. Təxminən haradan qaynaqlandığını da bilirəm”. Amma parlament üzvünün üzrxahlığı ona qarşı olan tənqidləri səngitməyib. İş o yerə çatıb ki, hətta Astan Şahverdiyevin səsləndirdiyi fikirləri Milli Məclisdəki həmkarları da sərt şəkildə qınayıblar.

Astan Şahverdiyev cəzalandırılacaq?

Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbiyev məsələdən yeni xəbər tutduğunu söyləyib: "Üç gün idi ki, bizim idman yarışımız başlamışdı. Başım bu tədbirə qarışmışdı. Məsələdən yeni xəbər tutmuşam. Komissiyanın 9 nəfər üzvü bir araya gəlib məsələyə baxacaq və müvafiq qərar qəbul ediləcək. Əgər ortada fakt varsa və Astan Şahverdiyev doğrudan da soydaşlarımızı təhqir edibsə, şübhəsiz ki, Komissiya tərəfindən bu məsələyə reaksiya veriləcək”.

"Hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır: "Düzdür, bizim "Deputatın statusu haqqında” qanuna görə deputat Milli Məclisdə dediyi sözə görə məsuliyyət daşımır. Amma insanın hüquqi məsuliyyəti ilə yanaşı, daxili məsuliyyəti də var. Həmkarlarımdan xahiş edirəm ki, danışanda, çıxış edəndə, xüsusilə mətbuata müsahibə verəndə əvvəlcə yüz ölçüb bir biçsinlər. Məsələn, mən bu fikri deyirəm, bu fikir necə yozula bilər, nə cür qəbul oluna bilər və s”.

"Bu, yaramazlıqdır...”

Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib ki, heç kimə ehtiyac içində yaşadıqlarına görə məcburi köçkünləri təhqir etmək haqqı verilmir: "Bu gün bütün məcburi köçkün və qaçqınlar dövlətçiliyə sadiq və ölkə başçısı ətrafında sıx birləşən insanlardır. Onlar ölkədə sabitliyin qorunub-saxlanmasına çalışırlar. Heç zaman dövlətçilik əleyhinə çıxmaz və ona xəyanat etməzlər. Sadəcə, bu insanların istəyi nədir, onu bilmək lazımdır”. E.Məmmədov əlavə edib ki, məcburi köçkünlərin haqlı tələbinə görə, onların ünvanına yaraşmayan, aşağılayıcı ifadələr işlətmək yolverilməzdir: "Hesab edirəm ki, bu, yaramazlıqdır. Bu hərəkət nə millət vəkilinə, nə hər hansı vəzifə tutan şəxsə, nə də adi bir vətəndaşa yaraşan işdir. Mən bu cür yanaşmanı qəbul etmirəm. Əksinə, biz hamımız ehtiyacı olan insanların yanında olmalıyıq. Onların problemlərinin həllinə çalışmalıyıq”. Rusiyada çalışan insanları cəmiyyətin "otxodu” adlandırmasına gəldikdə isə E.Məmmədov deyib ki, istər Rusiyada, istərsə də, digər ölkələrdə olan soydaşlarımızı bazarlarda alverçi kimi tanımamalıyıq: "Təkcə Rusiyada deyil, digər ölkələrdə yetərincə soydaşlarımız var. Onlar elmlə məşğul olur, ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Layiqli iş adamlarıdır. Çörəkpulu qazananlara da mənfi yanaşmamalıyıq. Onlar Azərbaycandan keflərindən gedib Rusiyada şaxtada bazarda meyvə-tərəvəz satmır və ya tikintidə fəhlə çalışımır ki?!”.

"Gözləməzdim ki, ziyalı bir insan bu cür fikirlər səsləndirsin”

Deputat Məlahət İbrahimqızı da Astan Şahverdiyevin bu hərəkətini qınayıb: "Onun fikirlərini oxuyanda təəccübləndim. Mən onun dediklərinə inanmaq istəmirəm. Nə deputat, nə məmur, nə də

hansısa sadə vətəndaş ölkənin digər vətəndaşı haqqında aşağılayıcı fikir səsləndirə bilər. Hər bir vətəndaşın öz şərəf və ləyaqəti var və hər şəxs digərinin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır”.

"Xalqa otxot” deyən adam milləti təmsil etməməlidir”

"Astan Şahverdiyev kimi adamlar heç bir yerdə milləti təmsil etməməlidir. Hansısa bir işi bacarırsa gedib, başını salıb o işlə məşğul olmalıdır”.

Bu sözləri isə Sherg.az -a millət vəkilinin açıqlamasına münasibətdə "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.

Onun sözlərinə görə, anlamaq lazımdır ki, deputat siyasətçidir: "Siyasətçi də ağzından çıxartdığı hər bir sözə, kəlməyə cavabdeh olmalıdır. Sözü söyləməzdən əvvəl onun mahiyyətini, mənasını dərk etməlidir. Yəni bilməlidir ki, bu söz nə üçün və kimə deyilir. Hansısa bir millət vəkili, siyasətçi, əsəbiləşib xalqı təhqir edib, sonra "Əsəbiydim, məni bağışlayın” deyirsə, bu, qeyri-ciddi alınır. Ümumiyyətlə, bu cür adamlar heç bir yerdə milləti təmsil etməməlidir. Bu deputat azərbaycanlılara ona görə "otxot” deyir ki, onun kimi adamları üst başa keçirib, millət vəkili seçiblər. O da bunun əvəzi olaraq, millət haqqında nə istəyir, onu da deyir. Gərək, millət özünə qiymət qoysun”.

"Soydaşlarımızın bu formada  alçaldılmasına görə üzr istəyirəm”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də bəyan edib ki, deputatların olduqca həssas məsələlərdə səhv etmək ixtiyarı yoxdur: "Biz seçilmiş insanlarıq. Ona görə də hər bir kəlməni, ifadəni işlədərkən düşünməliyik ki, bu necə əks-səda verəcək. Eyni zamanda, fikirlərimizi ifadə edərkən, hansı vəziyyətdə olmağımızı da nəzərə almalıyıq. Hansısa bir vəziyyətdə fikirləri qırıq-qırıq, tam olmayan formada ifadə etdikdə ortaya problemlər çıxır”. Çingiz Qənizadə həmkarının işlətdiyi ifadələrə görə üzr də istəyib: "Biz xarici ölkələrdə insanların bir qisminin yanacaqdoldurma məntəqəsində çalışdığını, digərlərinin isə başqa işlə məşğul olduğunu görürük. Araşdıranda məlum olur ki, həmin insanlar ali təhsil alıblar. Çörək qazanmaq üçün halal yoldan, hansısa vasitədən istifadə edən, ailəsini, balasını dolandırmaq üçün çöllərə düşən insanları cəmiyyətin "otxot”ları adlandırmaq yolverilməzdir. Mən də deputatam. Bir millət vəkili olaraq soydaşlarımızın bu formada alçaldılmasına görə üzr istəyirəm. İnsanları belə fikirlərlə ifadə etmək olmaz”.

İsmayıl