Zahid Oruc: "İnsanların sanki acından ölməməsi, övladlarının yaşamını təmin etməsi üçün belə addım atılması dövlət strukturlarına və parlamentə siqnal olmalıdır"
"Sosial xarakterli oğurluqların hamısını cinayətkar kimi damğalayıb, insanları həbsə atmaq yol deyil"
"Beynəlxalq bazarda, xüsusilə ətraf idxalçı ölkələrdə yağın qiyməti artırsa, avtomatik gömrük rüsumunu və əlavə dəyər vergisini aşağı salmaq lazımdır"
"Biz – parlament üzvləri, çıxarılan hər bir qanunun, dəyişdirilən hər hansı maddənin sosial nəticələrini cəmiyyətdə baş verən hadisələr kontekstində görürük”.
Bunu "Sherg.az”a ötənlərdə paytaxt sakininin ehtiyac ucbatından böyük supermarketlərin birindən 2 kq yağ oğurlamasına münasibət bildirirəkən millət vəkili Zahid Oruc deyib.
Deputat bildirib ki, hansısa qida məhsulları üzərində qiymət artımı baş verirsə, bu, insanların həyatında müxtəlif cür əksini tapır:
"Aylıq qida rasionlarında insanların daha çox nəyə üstünlük verdiyi üzə çıxır. Məlum olur ki, son dərəcə vacib olan çörək və bu kimi un məhsulları, qiyməti ucuz olan kartof və digər qidalar insanların həyatının yeganə təminatına çevrilib. Məişət oğurluğu hadisələri, insanların sanki acından ölməməsi, övladlarının yaşamını təmin etməsi üçün belə addım atılması dövlət strukturlarına və parlamentə siqnal olmalıdır. Bunlar potensial cinayətkarlar, qanunsuzluqlar həyata keçirən insanlar deyil, bu, onların həyat tərzi ola bilməz. Araşdırdıqda məsələnin kökləri üzə çıxır. Ona görə, cəmiyyətin həyatını öyrənmək üçün hərəkətə keçməlidirlər.
Son vaxtlar bu oğurluqların artmasının səbəbi bəsitdir. Beynəlxalq bazarda, xüsusilə ətraf idxalçı ölkələrdə yağın qiyməti artırsa, avtomatik gömrük rüsumunu və əlavə dəyər vergisini aşağı salmaq lazımdır. Ölkə rəhbərinin iştirakı ilə keçirilən müşavirədə müxtəlif sahələr üzrə iqtisadiyyata dayanıqlılığı qeyd olundu. Bunlar təqdirəlayiq addımlardır. Lakin paralel olaraq müxtəlif məhsulların qiymətləri kəskin artıb. Belə halda orta statistik inflyasiya, qiymət artımları kateqoriyalarından istifadə etmək yanlışdır. Əgər bir məhsul 60 faiz, digəri isə 5 faiz bahalaşıbsa, ortalama 30 faiz bahalaşma olduğunu deyə bilmərik. Çünki daxili bazarda həmin məhsullara nə qədər tələbatın olduğunu öyrənmək lazımdır. İnsanlar yağın alternativini tapa bilməzlər. Vətəndaşların sağlam yaşamını təmin etmək lazımdır.
Son illər əhalinin aztəminatlı hissəsinin həyatı üçün dövlət tərəfindən, ünvanlı sosial yardım, məşğulluğun təmin olunması baxımından mütərəqqi layihələr meydana çıxır. Lakin şəhər əhalisi hər hansı əkib-becərmək, kənd təsərrüfatı fəaliyyətindən kənardırsa və biz onları iş yeri ilə təmin edə bilmiriksə, bu halda onların ailə tərkibi cəmiyyət və dövlət üçün yükə çevrilir. Belə olan təqdirdə bəzi addımlar atıla bilər. Məsələn, Avropa ölkələrində yardımların əksəriyyəti natural şəkildə edilir. Şəhərin müxtəlif nöqtələrində fərdi yardımları həyata keçirən kontorlar fəaliyyət göstərir. Onlar bəlli saatlarda açıq olur, aşağı imkanı olan şəxslər həmin yardımları götürə bilirlər".
Deputat hesab edir ki, sözügedeən yardım formasına mütləq keçilməlidir:
"Hər hansı 100-150 manatlıq yardım qısa zamanda fərqli ehtiyaclara sərf edilir. Ona görə, sosial xarakterli oğurluqların hamısını cinayətkar kimi damğalayıb, insanları həbsə atmaq yol deyil. Düzdür, bu cinayət hadisəsidir, reaksiya olacaq. Bununla bərabər, problemin artmaması üçün hansı yollara əla atmaq lazımdırsa, müəyyənləşməlidir. Həmin şəxsin həbsdə olması, ailəsinin başsız qalması vəziyyəti daha da çətinləşdirir”.
Qeyd edək ki, son günlər market və mağazalardan qida, yağ oğurluğu hadisələri artıb. Belə ki, Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Ağayev Şamil Aydın oğlu Bayıl qəsəbəsindəki "Favorit” marketdən 34 manat dəyərində 2 kiloqram yağ oğurlayarkən mühafizəçilər tərəfindən tutulub. Market rəhbərliyi yağ oğurlamağa çalışan müştərini polisə təhvil verib.
Ayyət ƏHMƏD