Deputatlar Akif Nağını dəstəklədilər

Qarakənd faciəsi qurbanlarına gec-tez şəhid statusu verilməlidir


Xalqımızın layiqli övladlarının həyatlarını itirdiyi Qarakənd faciəsindən 25 il ötüb. Ermənistan
rejiminin törətdiyi 20 noyabr terror aktının qurbanlarının məzarlarını ziyarət edən QarabağAzadlıq Təşkilatının üzvləri şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar, ruhlarına dualar oxuyublar.
Ermənistan rejiminin 1991-ci il noyabrın 20-də Qarakənd üzərində helikopteri vuraraq dəhşətli
terror aktı törətdiyini vurğulayan QAT sədri Akif Nağı deyib ki, Azərbaycanın tanınmış dövlət
xadimləri, media nümayəndələri, həmçinin, beynəlxalq vasitəçilər bu terror aktının qurbanı
olublar: "Onların xatirəsi həmişə yad edilməlidir. Bu hadisə Ermənistanın dövlət səviyyəsində
terrorla məşğul olduğunu bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət bir daha bu hadisəyə
qiymət verməlidir.”
A.Nağının sözlərinə görə, həmin hadisə zamanı həlak olanlara şəhidlik statusu verilməli,
həmçinin də həmin tarix "Erməni terrorunun qurbanları günü” kimi qeyd olunmalıdır.
QAT sədrinin təklifini müsbət dəyərləndirən millət vəkilləri də sözügedən təklifin
reallaşmasında maraqlı olduqlarını deyiblər.
Qarakənd faciəsinin qurbanlarının həlak olduqları gündən şəhid olduqlarını vurğulayan Milli
Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Elman Məmmədovun
sözlərinə görə, o insanlar öz maraqları üçün yox, torpaqlarımızın müdafiəsi, ərazi
bütövlüyümüzün təmin olunması üçün ora getmişdilər. Ona görə də, həmin faciə qurbanlarına
gec də olsa, şəhid statusunun verilməsini təqdirəlayiq hal hesab edirəm. O insanların hər biri
faktiki olaraq erməni terrorunun qurbanlarıdır və bu tarix hər il ölkədə faciə günü kimi qeyd
olunur.
Qarakənd faciəsində Azərbaycanın dövlət rəsmilərinin və dəyərli insanlarının kütləvi şəkildə
qətlə yetirildiyini vurğulayan millət vəkili Fazil Mustafa da onlara şəhid statusunun verilməsinin
məqsədəuyğun olduğunu deyib: 

"Bu təklifi tam dəstəkləyirəm. QAT-ın bu məsələni qaldırması təqdirəlayiq hal və haqlı tələbdir. Hesab edirəm ki, bu məsələ genişləndirilməli və öz həllini tapmalıdır. Bizdə bir az unutqanlıq var. Müstəqilliyimizə imza atan deputatlarımıza da hələ heç bir status verilməyib. Bu da öz həllini gözləyən məsələlərdən biridir. Hesab edirəm ki, hazır qaldırılmışkən bu məsələ tez bir zamanda öz həllini tapmalıdır. Düzdür, Qarakənd faciəsində həlak olan insanların xatirəsi hər birimiz üçün əzizdir və onların adını anmaq bizim vəfa borcumuzdur. Amma bunu eləməyənlər də var axı. Ona görə də, bu insanları fərqləndirmək, onların fədakarlıqlarını örnək nümunə kimi xalqa çatdırmaq üçün onlara şəhid statusu verilməli və həmin gün erməni terrorunun qurbanları günü kimi rəsmi səviyyədə qeyd olunmalıdır”.

Qarabağa gedən vertolyotda həlak olan insanların heç birinin kefindən bu səfərdə iştirak
etmədiyini vurğulayan millət vəkili deyib ki, onlar da əsgər və zabitlərimiz kimi vətənin
müdafiəsinə qalxıb, öz vəzifə borclarını yerinə yetirən zaman şəhid olublar. "O vaxtı hamı bilirdi
ki, mövcud şərtlər altında Qarabağa getmək risklidir. Amma Vətənin müdafiəsi üçün onlar bu
təhlükəni gözə alıb, öz yollarından dönmədilər. Halbuki heç birinin qarşısında belə bir öhdəlik
də yox idi. Onlar da isti kabinetlərində oturub, prosesləri kənardan izləyər, bu gün də öz komfort
həyatlarını davam etdirə bilərdilər. Amma onlar torpaq üçün ölümü gözə aldılar və ailələrini
gözü yaşlı qoydular. Hesab edirəm ki, onlara şəhid statusu verilməli və ailələrinə qarşı olan
öhdəliklər həyata keçirilməlidir. Bunun üçün də "Şəhid adının əbədiləşdirilməsi və şəhid
ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na müəyyən müddəaların əlavə olunması
yetərlidir”.

Şəymən